İsa Həbibbəyli: “Dəmir İpək Yolu” elmi əlaqələri genişləndirəcək”
Tarix: 23.11.2017 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Çinin paytaxtı Pekində “İnkişaf edən Çin və dəyişən müasir dünya” mövzusunda beynəlxalq simpozium keçirilib. Çin İctimai Elmlər Akademiyasının təşkil etdiyi tədbir Dünya Çin Tədqiqatları və Əlaqələndirmə Mərkəzinin yaradılması üçün hazırlıq məqsədi daşıyır.
Müxtəlif ölkələrdən elm adamlarının, ictimai qurumların nümayəndələrinin, çinşünaslıq mərkəzlərinin əməkdaşlarının qatıldıqları tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, Ədəbiyyat İnstitutunun Çindəki əlaqələndiricisi, Pekin Xarici Dillər Universitetinin (PXDU) müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev təmsil ediblər.
Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquan simpoziumun əhəmiyyətindən, müxtəlif ölkələrin elmi dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsinin faydasından danışıb, xaricdə fəaliyyət göstərən çinşünaslıq mərkəzlərinin işinə dəstək məqsədilə ümumi bir mərkəzin yaradılmasının vacibliyini vurğulayıb.
Simpoziumda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Çin münasibətlərinin tarixindən, xüsusən tarixi İpək Yolunun bu əlaqələrin inkişafına müsbət təsirindən söz açıb. O hələ qədim zamanlardan ölkəmizdə Çinə olan böyük marağın genişlənərək inkişaf etdiyini, İpək Yolu üzərində körpü funksiyasını həyata keçirən Azərbaycanın Çinin Qafqaz və Avropa ilə əlaqələrində mühüm rol oynadığını diqqətə çatdırıb.
İ.Həbibbəyli ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan danışıb, bu səfərlər zamanı imzalanmış sənədlərin müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verdiyini, ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib.
Azərbaycan-Çin elmi əlaqələrdən bəhs edən akademik İ.Həbibbəyli son illər iki ölkə arasında elmi mübadilənin inkişafının intensiv xarakter aldığını, bunun həm də xalqlarımızın bir-birini daha yaxşı tanımasına zəmin yaratdığını, dostluq münasibətlərini dərinləşdirdiyini deyib. Vurğulanıb ki, AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında əlaqələr mübadilə yolu ilə və qarşılıqlı səfərlər vasitəsilə ildən-ilə inkişaf edir.
Hazırda iki ölkənin elmi mübadilə və müzakirələr mühitinin daha ardıcıl xarakter aldığını diqqətə çatdıran İ.Həbibbəyli rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutunda Çinin elmi qurumları ilə əlaqələrin güclənməsi yönündə geniş işlər görüldüyünü bildirib. Çinin Konfutsi İnstitutu ilə elmi-ədəbi əlaqələrin inkişafı üzrə imzalanmış müqaviləyə uyğun olaraq institutda Çin Tədqiqatları Mərkəzinin yaradılması, institutun əməkdaşlarının Çində keçirilən konfrans, seminar və simpoziumlarda fəal iştirakı, Çinin elm adamlarının Ədəbiyyat İnstitutuna tez-tez təşkil edilən səfərləri, birgə tədbirlərin reallaşdırılması bunun parlaq nümunəsidir.
Bu yaxınlarda açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiyanı birləşdirən “Dəmir İpək Yolu” funksiyasını yerinə yetirdiyini diqqətə çatdıran AMEA-nın vitse-prezidenti bu layihənin Çinin “Bir kəmər, bir yol” strategiyası ilə üzvi surətdə səsləşdiyini, həm də onu tamamladığını bildirib. Akademik “Bir kəmər, bir yol” strategiyasının və Dəmir İpək yolunun təkcə iqtisadi əlaqələri deyil, eyni zamanda, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkan yaradacağını bildirib.
Simpoziumda professor B.Əhmədovun “Azərbaycan ədəbiyyatında İpək Yolu izləri” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan nümayəndə heyətinin Çin İctimai Elmlər Akademiyasının prezidenti V.Veyquan ilə görüşündə ölkələrimizin elm ocaqları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
V.Veyquan sentyabrda Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Həmin səfər zamanı iki ölkənin ali elmi təşkilatları arasında əməkdaşlığa dair əldə olunmuş razılıqların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin Pekin Xarici Dillər Universitetinin rəhbərliyi ilə keçirilən görüşündə iki ölkənin elm və təhsil əlaqələrindən söz açılıb, Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin münasibətlərimizin dərinləşməsinə töhfə verdiyi vurğulanıb.
Universitetin prorektoru Sun Youcun PXDU haqqında məlumat verib. Bildirilib ki, əsasən xarici dillər üzrə kadrların hazırlanması ilə məşğul olan bu ali təhsil ocağında hazırda 80 xarici dil tədris olunur. Cari ilin fevralından Azərbaycan dilinin ikinci dili kimi tədrisinə başlanıldığını qeyd edən prorektor növbəti tədris ilində Azərbaycan dili ixtisası üzrə tələbə qəbulunun planlaşdırıldığını diqqətə çatdırıb.
Professor S.Youcun PXDU-da Azərbaycan dilinin tədrisi prosesinə Azərbaycanın ali təhsil ocaqlarının, xüsusən Bakı Dövlət Universitetinin verdiyi dəstəyi vurğulayıb, Azərbaycanın Milli Elmlər Akademiyası və ölkənin digər ali təhsil ocaqları ilə əlaqələrin qurulmasını arzuladıqlarını söyləyib.
Akademik İ.Həbibbəyli rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu haqqında məlumat verib. O, institutun PXDU-ya Azərbaycan dilinin və ədəbiyyatının tədrisi, tədqiqatı ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu deyib, bu istiqamətdə müəllim mübadiləsi, birgə konfransların təşkili (o cümlədən videokonfranslar), universitet üçün lazımi elmi ədəbiyyatın, rədsliklərin təmin olunması, elmi jurnallarda qarşılıqlı olaraq məqalələrin çapını təklif edib. AMEA-nın vitse-prezidenti PXDU-da Azərbaycan guşəsinin yaradılmasına da lazımi dəstək veriləcəyini bildirib.
Nümayəndə heyəti səfər zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı abidəsini ziyarət edib, ölkəmizin Çindəki səfirliyində görüş keçirib. Akademik İ.Həbibbəyli Çin Mərkəzi Televiziyasının xəbər kanalı olan CCTV13-ə verdiyi müsahibədə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığından söz açıb, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqələrini təmin etdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info