Qəm yaddaşı
Tarix: 23.11.2017 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Hər gülüşdə bir ğöz yaşı,
Göz yaşları dərd sirdaşı.
Görüşlərdə bir ayrılıq,
Ayrılıqsa qəm yaddaşı.

Bəzəklərin öz naxışı,
Naxışların düzü yaxşı.
Hər gözəlin öz baxışı,
Baxışlarsa qəm yaddaşı.

Yüksəlməyin enməyi var,
Düz getməyin dönməyi var.
Çıraqların sönməyi var,
Sönməyisə qəm yaddaşı.

Ölüm həyatın qardaşı,
Hər ölümsə bir başdaşı.
Başdaşları xatirələr
Xatirənsə qəm yaddaşı!




Təzadlı məhəbbət
Qəribə sirri var bu təbiətin,
Hər kəsə verməyir ulu hikmətin,
Yarpaqlı, budaqlı köklər qürurlu,
Elə bil insandır canlı, şüurlu.

Yarpaqlar kök üstə nazlı bir gözəl,
Ona məhəbbəti əbədi, əzəl.
Yarpağın həyatı kökdədir ancaq,
Bilir ki, qopan tək olacaq xəzəl.

Ayrılıq sonudur, qalmağı əsir,
Varlığı harasa daim tələsir.
Sevgisi cavabsız, canında qorxu,
Onunçun saralır, titrəyir, əsir.

Kökün məhəbbəti olduqca qısa,
Sanki ləpələrin aldığı busə.
Tökülən yarpağa yox ehtiyacı,
Kökün nə vecinə, yarpaqlar küsə.

Yaz gələr, açılar torpağın donu,
Təzədən geyinər yamyaşıl donu.
Yarpaqlar kök üçün adi bir bəzək,
Solmağı deyildir həyatın sonu.

Sevgilim
Duman olub yanağından öpərəm
Bulud olub göz yaşımı tökərəm
Xəzri olub düymələrin sökərəm
Bu həsrəti bir duysana, sevgilim!

Çiçək olub səpilərəm yoluna
Çələng olum dolanaram boynuna
Bənövşə tək sığınaram qoynuna
Bu həsrəti bir duysana, sevgilim!

Bulaq olub əllərini yuyaram
İçsən əgər dodağında yanaram
Uzaqlaşsan buz bağlayıb donaram
Bu həsrəti bir duysana, sevgilim!

Gülüş olub yanağına qonaram
Günəş olub həsrətindən yanaram
Varlığımda təkçə səni anaram
Bu həsrəti bir duysana, sevgilim!

Dalğa olub sinəm üstə alaram
Külək olub saçlarını dararam
Eşqin üçün ürəyimi yararam
Bu həsrəti bir duysana, sevgilim!


Mahnı olub dodağından uçaram
Qönçə olub əllərində açaram
Körpələşib qucağına qaçaram
Bu həsrəti bir duysana , sevgilim!

Yuxu olub gözlərində yataram
Sevincimi sevincinə qataram
Vüsalıma söylə , nə vaxt çataram
Bu həsrəti bir duysana , sevgilim!

Əbədi ayrılıq

Gündüzü aparır günəş dalınca
Buludlar dağılır tufan qopunca
Dünya hərəkətdə , fələk seçimdə
Görmədim balamı gözü doyunca

Əbədi ayrılıq dərdi ağrılı
Bir üzüm gülürsə biri qayğılı
Balamla yaşanan illər arxada
Kainat sonsuzdur , dəniz dalğalı

Zamanın yolları geriyə bağlı
Ordakı sevinc də , kədər də dağlı
Ruhların görüş yeri , röyam mənim
Xəyallar aləmi , şirin nağıllı

Çırpınır ürəyim düşdüyüm torda
Yanıram alovsuz közərən qorda
Yerlərə sığmayır dərdin tüstüsü
Ucalır göylərə yayılır yurda

Nədir baxtımıza yazılan yazı
Bizə çoxmu gördün çiçəkli yazı
İlahi ! Bağışla küfr ətdim sənə
Nəvəmlə isinir qışın ayazı

Nənəmuç ovcumda göyə uçubdur
Xəzər qucağından dalğa qaçıbdır
Qaranlıq gecədə işıq sevinci
Qayada daş üstə çiçək açıbdır


Ötən, gələn günlərim
Gözlərimi oxşayan, suların qırçınları,
Ağlamaqdan usanmış körpə hıçqırıqları.
Qulağımda sevgimin həzin pıçıltıları,
Xəyalımdan silinməz ömrün ötən günləri!

Qəlbimin iniltisi, qayalarda küləklər,
Çiyinlərimdə gəzən savab yazan mələklər.
Görüşümə tələsən, ağ xalatlı həkimlər,
Arzulardan silinməz ömrün gələn günləri.

Qanunları dəyişmək, təbiətin ziddinə,
Əvvəlin də sonluğu bir gün çatar həddinə.
Sevinc-kədər çaları bənzəməz Çin səddinə
Arzu-xəyal görüşü, ötən, gələn günlərim!

Anam Ceyrana
Qayğılı görürəm yurdu- yuvanı,
Gəzirəm hər yanı ,dağı-aranı.
Baxıram eyvana, bağa-bağçaya,
Tapmıram heç yerdə anam Ceyranı.

Payız vaxtı gəldi, əcəl boranı,
Vurdu qəlbimizə ağır yaranı.
Qara torpaq aldı bizdən payını,
Ayırdı bizlərdən anam Ceuranı.

Qoynumda saxlaram odu-qoranı,
Qaytara bilsəydim arxa duranı.
Bir insan itirdim dünyadan böyük,
Xatirəyə dönən anam Ceyranı.

Artıbdır həyətdə güleyşə narı,
Nəvələr çoxalıb tutub dörd yanı.
Nənə nağılına həsrətdi onlar,
Tapa bilməyirlər anam Ceyranı.

Saçına ələndi dağlarin qarı,
Duman-çən bürüdü ulu diyarı.
Bahar çiçəyitək çovğuna düşdün,
Bu tufan apardı anam Ceyranı.

Ruhun gəzə bilsə bu çəmənzarı,
Duyardın çəkdiyim hər ahu-zarı.
Övladlar ürəyi sənin məzarın,
Nəvələr yaşadar anam Ceyranı.

Müqəddəs sayılır insan ilqarı,
Sevdin insanlığı,dini,quranı.
Əməlin yerlərdə,əlin göylərdə,
O göylər apardı anam Ceyranı.

Uşaqlıq anları yadıma düşür,
Yenidən keçmişlə bir də görüşür.
O ləziz günləri xatırladıqca,
Titrəyir varlığım,qəlbim üşüyür.

Hər səhər durardı alatoranı
Nehrədən ayırıb yağı-ayranı.
Yaxmac payımızı alardıq ondan
Hamımız sevərdik anam Ceyranı.
Axşam üstü o,təndiri qalardı,
Alovundan yanağımız yanardı.
Toplanardıq ətrafına tabağın,
Hər birimiz kökə payın alardı.

Orucluqda xoruzbanı durardı,
Süfrə açıb "obaşdanlıq” qurardı.
Kərə yağda cücələri bişirib,
Birdəfəlik həzm-rabə vurardı.

Söz deyəndə allanardı yanağı,
Biz olardıq onun əziz qonağı.
Ləzzət ilə səhər-səhər yeyərdik
Fincan dolu qatıq, südü, qaymağı.

Təmiz idi qəlbi kimi əməli,
Suda idi bütün günü pak əli.
Nadinc idim, incidərdim sizləri
"Can”dan başqa bir söz bilməzdi dili.

Nə şirindir günlərimin ötəni,
Uzaq eldə yad edərəm Vətəni.
Kərə yağla qarışdırıb verərdi
Sac üstündə cincilimli kətəni.

Rəna ilə verərdiniz diz-dizə,
Dost-tanışlar qibtə edərdi sizə.
Südün daşar, qışqırırdı əmimsə,
Az danışın, gələrsiniz bəd gözə.

Yadımdadı, qoyun-quzu mələşir,
Çal qoç ilə ağ qoçumuz əlləşir.
Deyirdin ki, qurbanlıqdır bu qoçlar,
Atan gələr, tez kəsərik, ay Bəşir.

Kəndimizin nə çox idi eh, dərdi,
Traktoru ala öküz, qara gəldi.
Uşaq-böyük qoşardılar arabaya,
O mərdləri sürərdilər hara gəldi.

Səmənd atın kişnəməsi qulağımda,
Çox gəzirəm kəhər atın sorağında.
İtirdiyim bir ömürün sevincidir,
Qırışlanıb kədərlərim yanağımda.


Xatirələr yaman getdi uzaqlara,
Su səpildi alovlanan çıraqlara.
Ülvi olan doğmaları itirdikcə,
Ömrüm düşdü qəlb üşüdən sazaqlara.

Ölüm haqdır, dərdi yaman sərt olur,
Yaşıl olan təbiət də tez solur.
Pak varlıqsan, sənin kimi ananın
Yeri rahat, məzarı nurla dolur.


Eşqin qüruru olmaz
Çəmənlərin sevgisi şehə, çənə, dumana,
Göz yaşları axıdır onu qəlbdən duyana.
Üzünü çənli duman, ayağın çəmən yuyur,
Yarım gəzməyə çıxmış, günəş nura boyana.

Duyan ürək gərəkdir təbiətin dərdini,
Sevgiyə bax İlahi ! Ağladırsan çəməni.
Rəqibim həssaz, incə, qəlbim incədən- incə
Eşqin qüruru olmaz qısqanclıq boğur məni.

Bəşir Şüküroğlu




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info