“Əkinəyararlı sahələrin artırılması üçün şoran torpaqlar böyük ehtiyat mənbəyidir”
Tarix: 27.11.2017 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Müasir dövrdə ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun şaxələndirilməsi digər sahələrlə yanaşı, aqrar sektorun da inkişafını prioritet məsələ kimi şərtləndirib. İqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, ən başlıcası isə əhalinin strateji kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq və ərzaq təhlükəsizliyini həll etmək kimi mühüm vəzifələr aqrar sahənin inkişafında önəmli rol oynayan təbii komponentlərdən (torpaq, su, hava) səmərəli istifadəni zəruri edib.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev AZƏRTAC-a bildirib ki, respublikada kənd təsərrüfatının istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsindəki inkişafı xeyli dərəcədə torpağın səmərəli istifadəsindən asılıdır.
Hazırda ölkədə əkinçiliyin inkişafına mənfi təsir göstərən amillərdən birinin torpaqların şoranlaşması və şorakətləşməsi olduğunu deyən Xosrov Musayev qeyd edib ki, şoranlaşmaya qarşı ən səmərəli mübarizə torpaqların meliorasiyasıdır. Lakin meliorasiya çox çətin və uzun sürən prosesdir: “Azərbaycanda şoran torpaqlar geniş sahələrdə yayılıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, hazırda ölkəmizdə təxminən 561 min 965 hektar torpaq sahəsi müxtəlif dərəcədə şoranlaşmaya məruz qalıb. Bu cür torpaqlara ölkəmizdə ən çox isti və quru iqlim şəraiti olan Kür-Araz ovalığında rast gəlinir. Aparılan tədqiqatlar göstərir ki, sahəsi 2,2 milyon hektar olan Kür-Araz ovalığı torpaqlarının bu vaxta qədər təxminən 60 faizi orta və şiddətli dərəcədə şoranlaşmaya məruz qalıb”.
Şoranlaşmanın səbəblərindən danışan Xosrov Musayev bildirib ki, torpağın tərkibində müxtəlif miqdarda natrium, maqnezium duzları olur. Onların miqdarı 2–3 faizdən çox olduqda bitkilərə məhvedici təsir göstərir. Bunları nəzərə alaraq, şoran torpaqların duzlardan yuyulması və onun münbitliyinin artırılması ən mühüm və başlıca məsələdir.
Son zamanlar Azərbaycanın əsas kənd təsərrüfatı sahəsi olan Kür-Araz ovalığında qrunt suyunun səviyyəsinin qalxması nəticəsində şoranlaşmanın getdikcə daha böyük problemə çevrildiyini vurğulayan mütəxəssis qeyd edib ki, şoran torpaqları kənd təsərrüfatında istifadə üçün yararlı hala salmaqdan ötrü suda həll olan duzları yuyub torpaqdan kənar etmək, drenaj çəkmək, gipsləmə aparmaq və torpağa üzvi gübrələr vermək lazımdır. “Yuyulma norması torpağın mexaniki tərkibindən, qrunt suyunun torpaqda yerləşdiyi dərinlik səviyyəsindən və şorlaşma dərəcəsindən asılı olaraq dəyişir. Əvvəlcə torpaq dərin şumlanmalı və yüksək su norması ilə yuyulmalıdır. Bu prosesin payız–qış aylarında aparılması daha səmərəlidir. Çünki bu dövrdə su zəif buxarlanır, eyni zamanda, qrunt suyu torpağın dərinliyində olur”, - deyə Xosrov Musayev bildirib.
Qrunt suyu torpağın səthinə yaxın olduqda isə mütləq drenaj çəkilməlidir. Bu barədə danışan mütəxəssis vurğulayıb ki, yuma prosesi qurtardıqdan sonra belə sahələrə üzvi və mineral gübrələr verilərək, duza davamlı bitkilər əkildikdə yaxşı nəticə alınır. Suvarılan bölgələrdən duzlar yuyulduqdan sonra təkrar şoranlaşmaya qarşı müəyyən tədbirlər görülməlidir. Belə sahələrdə buxarlanmanın qarşısını almaq üçün torpağın üst qatı daim yumşaldılmalı, suvarma kanalı boyu ağaclar əkilməlidir. Həmin ağaclar buxarlanmanı tənzimləyir, qrunt suyunun səviyyəsini isə aşağı salır.
Xosrov Musayev bildirib ki, şoran torpağı duzdan təmizləmək üçün digər üsul sahəyə gipsin verilməsidir. Gipsin tərkibindəki kalsium torpağı duzdan təmizləyir və onu münbitləşdirir. Gipsin meliorativ təsiri həm də onun torpaqla yaxşı qarışdırılmasından asılıdır. Torpağa gips verdikdə onun məhlulundan duzlar kənarlaşdırılır.
Şorakət torpaqların təmizlənməsindən də danışan mütəxəssis qeyd edib ki, bu cür torpaqlarda duzlar daha dərin qatlarda olur. Bu torpaqlar əsaslı yaxşılaşdırıldıqdan sonra istifadə olunmalıdır. Bunun üçün şorəkət torpaqların kimyəvi meliorasiyası aparılmalı və sahəyə melorant gips verilməlidir. Bir sözlə, kənd təsərrüfatında əkinəyararlı torpaq sahələrinin artırılması üçün şorəkət torpaqlar böyük ehtiyat mənbəyidir.
“Şoranlaşmış torpaqların münbitləşdirilməsində meliorativ tədbirlərlə yanaşı, həm də üzvi və mineral gübrələrin verilməsi, eyni zamanda, çoxillik ot bitkilərinin əkilməsi əhəmiyyətlidir. Xüsusilə, şoran torpaqların münbitləşdirilməsi üçün həmin sahələrdə yonca bitkilərinin əkilməsi çox faydalıdır”, - deyə Xosrov Musayev əlavə edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info