Hazır geyim məhsullarına olan tələbat daxili istehsalla ödənəcək
Tarix: 27.11.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Mingəçevir Sənaye Parkında illik 70 milyon cüt corab, 1,5 milyon cüt dəri ayaqqabı, 20 min ton iplik, pambıq parçalar, hazır geyimlər istehsal ediləcək

Yüngül sənaye dünyada istər istehsal prosesində yaradılan əlavə dəyər, istərsə də ixrac gəlirləri arasında yüksək payı səbəbilə iqtisadi inkişaf prosesində bir çox ölkə üçün əhəmiyyətli sektorlardan biridir. İnkişaf etmiş ölkələrin 18-ci əsrdə reallaşdırdıqları sənayeləşmə prosesinə əhəmiyyətli təsiri olan yüngül sənaye, hazırkı dövrdə də inkişaf etməkdə olan ölkələrin iqtisadi dirçəlişlərində mühüm bir rol oynamaqdadır.
İnkişaf etmiş ölkələrdə yüngül sənaye sektorunun istehsal sənayesi içindəki rolu tədricən azaldığı halda, inkişaf etməkdə olan ölkələrin emal sənayesi istehsalında payı artıb. Dünya hazır geyim ixracatı 2014-cü ildə 471,8 milyard dollar ətrafında reallaşıb ki, bu rəqəmin 238,3 milyard dolları toxuculuq məhsullarından, 233,5 milyard dolları da toxunmayan məhsullardan ibarətdir. Ölkələrin statistikasına baxdıqda isə hazır geyim ixracatında Çin (38,6%), Banqladeş (6,1%), Honqkonq (4,4%), Türkiyə (4,2%), Almaniya (3,9%), Vyetnam (3,9%), İtaliya (3,7%), Hindistan (3,1%), Kamboca(2,5 %), Belçika və Hollandiya (2%), İspaniya və Fransa (1,9% ) və İndoneziya (1.4%) ilk sıralarda yer alıblar.
2014-cü il hazır geyim idxalında ABŞ (21,8%), Almaniya (9,2%), Yaponiya (7,1%), İngiltərə (6,8%), Fransa (5,5%), İtaliya (4%), Honqkonq (3,9%), İspaniya(3,6%), Hollandiya (2,7%) və Kanada (2,3%) ilk yerləri bölüşürlər.

Hazır geyimdə Türkiyənin alternativi yoxdur
Uludağ Hazır Geyim Məhsulları İxracatçıları Birliyi (UHKİB) İdarə heyətinin başçısı Şenol Şankaya türk istehsalçıların təmin etdiyi rahatlıq, sürət və keyfiyyətin yaxın coğrafiyada heç bir yerdə olmadığını deyib: "Avropa da Türkiyənin bu sektorda alternativinin olmadığını deyir”.
“Nike”, “Zara”, “Hugo Boss”, “Esprit” və “Tchibo” kimi dünya markalarına istehsal reallaşdıran Yeşim Tekstil AŞ-nin icraçı direktoru Şankaya deyib ki, Rusiya ilə olan çətinliklərə görə müəyyən bir dövr ərzində bu ölkəyə ixrac azalıb: “Az qala, bir il bütün hazır geyim məhsul istehsalçıları qlobal markaların Rusiyadakı mağazaları üçün fərqli yerlərdə istehsal həyata keçirərək mal göndərməyə cəhd etdilər. Çox çətin bir müddət idi, amma münasibətlərin bərpası ixracatçılar və sektora çox müsbət təsir etdi". O, Rusiya bazarının böyük, ancaq Avropanın daha çox əhəmiyyətli və böyük olduğunu deyib: “Bizim ən böyük müştərilərimiz Avropa Birliyi (AB) ölkələridir. Bizim, xüsusilə hazır geyim və məhsul ixracatımızın 80 faizi AB ölkələrinədir. Oradan da bütün dünyaya yayılır.
Bu gün “Zara” hər yerdədir. Cənubi Amerikada, Şimali Amerikada, Rusiyada, Afrikada, Uzaq Şərqdə, hər tərəfdə bu markanı görə bilərsiniz. “Tommy Hilfiger”, “Nike” da belə firmalardır. Nə etməliyik? Türkiyədəki məhsullarımızı bu paraleldə böyütməyi hədəfləməliyik". Türkiyənin bu prosesə hazırlanmasının, dünya markalarının tələb etdiyi sürəti, keyfiyyəti və dizaynı əldə etməsinin əhəmiyyətli olduğunu vurğulayan Şankaya, hazır geyim və yüngül sənayenin qarşısının çox açıq olduğunu bildirib.

"32 milyard dollarlıq ixrac"
Şankaya, Türkiyənin bu sahələrdə çox böyük bir potensiala sahib olduğunu bildirib: “Bu çox əhəmiyyətli bir rəqəmdir-hazır geyim, ayaqqabı, dəri də daxil olmaqla bunların hamısı birlikdə, 30-32 milyard dollar ixrac bazarıdır. Sektor üçün 10-15 il əvvəl "Bu sektor bitəcək, gedəcək" istiqamətində fikirlər səslənsə də, zaman bunun əksini sübut etdi”.
Şankaya, türk istehsalçıların sürətli tədarük, keyfiyyətli istehsal və dizayn ilə Avropa bazarına yaxınlığının çox böyük bir üstünlük olduğunu ifadə edib: "Çünki 2008-ci il böhranında bütün markalar bu çətinliyi yaşadı. “Gedim Uzaq Şərqdən 3-4 aylıq malımı alım” düşüncəsi ilə yaşadılar. İndi deyirlər ki, “anbarlarda ehtiyat olmadan çalışacağam. Ucuz malı oradan alacağam, davamlı satdığım malı Türkiyədən alacağam”. Bunlar da əlavə dəyəri yüksək məhsullardır. İndi biz buradan mal veririk. Onun üçün mən bu sektorun qarşısının açıq olduğuna inanıram. İnfrastrukturumuz da çox qüvvətlidir. Yəni ipliyimiz əlimizin altında, toxuma, boya, tikiş, aksesuar, hər şey bu ölkədə var. Belə hər şeyə imkanı olan neçə ölkə var? Çox az. Türkiyədə hər şey var, biz burada bunun faydalarını görürük və görməyə də davam edəcəyik”.
Türkiyənin ən çox ehtiyacı olan amillərdən birinin də məşğulluq olduğunu deyən Şankayanın sözlərinə görə, adıçəkilən sektor dəstəklənib, təşviq edilsə, Türkiyənin ehtiyacı olan məşğulluğu təmin edəcək əsas sektorlardan biridir.

Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq
Bu gün ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması istiqamətində tədbirlər davam edir. Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkilinin mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Son illərdə ölkəmizdə həyata keçirilən tədbirlərin əsas məqsədlərindən biri də odur ki, Azərbaycanın qeyri-neft potensialı artsın və ixracyönümlü məhsullar istehsal edək. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində ölkə başçısı bildirib ki, bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır: “Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq. Bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir şəhərinə, həm ölkəmizə böyük xeyir gətirəcək. Burada çox böyük tikiş fabriki yaradılacaq. Təkcə tikiş fabrikində 2 min iş yeri açılacaq. Tikiş fabriklərində, adətən, qadınlar işləyir. Bu, onu deməyə əsas verir ki, indi qadınlar üçün də yeni iş yerləri yaradılır”.
Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək. Həmçinin corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək. Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Bu "Mingəçevir Tekstil" MMC-dir. MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.
Artıq fabriklərin inşasına başlanıb. Belə müəssisələrin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info