Avropa İttifaqı Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiq olunmasını dəstəkləyir
Avropa İttifaqı icbari tibbi sığorta üzrə Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması məqsədilə cari ilin fevral ayından etibarən Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda tvinninq-layihə həyata keçirməyə başlayıb. Layihəyə əsasən, Avropa ölkələrinin mütəxəssisləri və ekspertləri iki il ərzində qabaqcıl təcrübəni rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyini dəstəkləyəcəklər. Bununla əlaqədar, həmin layihənin komponentləri və göstərilən tibbi xidmətlər üzrə təqdimat keçirilib. Milli Məclisin səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev tədbirdə çıxış edib. O vurğulayıb ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yürütdüyü sosialyönümlü siyasətin əsas məqsədi əhalinin rifahını və bütövlükdə sosial vəziyyətini yaxşılaşdırmaq, həmçinin vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaqdır. Musa Quliyev deyib ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu ilin fevral ayından etibarən pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda İTS-nin tətbiqi üzrə layihəni uğurla həyata keçirir. Gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiq ediləcəyi rayonların siyahısı genişlənəcək, lakin bütün ölkə ərazisində İTS-nin tətbiqi barədə yalnız 2019-cu ildə danışmaq mümkün olacaq. Onun sözlərinə görə, pilot layihənin həyata keçirilməsini davam etdirmək üçün büdcə vəsaiti ayrılıb: “Pilot ərazilər kimi hansı rayonların seçiləcəyini hələ deyə bilmərəm. Bundan əlavə, icbari tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi mexanizmi hazırlanır. Eyni zamanda qanunvericiliyə dəyişiklər edilməsi planlaşdırılır. İTS-nin bütün ölkədə tətbiq edilməsinə hazır olmaq üçün yaxın vaxtlarda “İctimai Tibbi Sığorta haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcək”. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev və Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov layihənin mahiyyəti barədə danışıblar. Qeyd edilib ki, tvinninq-layihə çərçivəsində institusional imkanların genişləndirilməsi və müvafiq hüquqi bazanın möhkəmləndirilməsi üsullarının izahına kömək göstərilməsi planlaşdırılır. Bundan əlavə, İTS-in maliyyə vasitələrinin formalaşdırılması, tibbi xidmətlər göstərilməsi, tibbi sığortanın baza paketinin işlənib hazırlanması, müvafiq tariflərin müəyyən edilməsi və informasiya işinin lazımi şəkildə qurulmasına dair məsləhətləşmələr aparılması planlaşdırılır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez və Litvanın Azərbaycandakı səfirinin müavini Daliya İqnataviçiute çıxış edərək bildiriblər ki, bu tvinninq-layihə Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində islahatlar keçirilməsində mühüm rol oynayacaq. Qeyd edilib ki, Litva və Fransa bu layihənin həyata keçirimlisində ölkəmizin əsas tərəfdaşları kimi, bundan sonra da Azərbaycana bu sahədə kömək etməyə hazırdırlar.
|