ADPU-da aparılan islahatlar zamanın tələbidir
Tarix: 28.11.2017 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


İslahatlar, yeniliklər, dinamizim hər bir cəmiyyətin inkişafını təmin edən əsas amillərdəndir. Bunlar bütün parametrlər üzrə cəmiyyəti əhatə edəndə öz müsbət nəticələrini qabarıq şəkildə göstərir. Bu mənada respublikamızda pedaqoji kadrların hazırlanmasında xüsusilə fərqlənən Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan islahatlar nəzər-diqqəti daha çox cəlb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyun ayının 23-də imzaladığı Sərəncamla ADPU-ya rektor təyin edilmiş professor Cəfər Cəfərov vəzifəsinin icrasına başladığı ilk gündən universitetdə aparılacaq islahatların istiqamətini dəqiqləşdirərək əməkdaşların və təhsil ictimaiyyətinin diqqətinə çatdırdı.
Universitetdə aparılacaq islahatlar, görüləcək işlər, əsasən, bu istiqamətdə müəyyənləşdirildi: təhsilin keyfiyyətini yüksəltmək üçün tədris prosesinin daha səmərəli təşkili; elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və inkişafı istiqamətində zəruri tədbirlərin görülməsi; insan resurslarının inkişaf etdirilməsi və struktur islahatlarının həyata keçirilməsi; idarəetmənin optimallaşdırılması; maddi-texniki bazanın gücləndirilməsi, infrastrukturun inkişafı və s.
Əminliklə söyləmək olar ki, bir il altı ay ərzində ADPU effektiv idarə olunan ali təhsil müəssisəsinə çevrilmişdir. Universitetin maddi-texniki bazası müəyyən qədər möhkəmləndirilmiş,elmi-pedaqoji kadr potensialı gücləndirilmişdir. Bütün bunların həyata keçirilməsi üçün ciddi addımlar atılmış, əməli tədbirlər görülmüşdür. Həyata keçirilmiş mühüm qərarlardan biri də işə qəbulun dövrün tələblərinə uyğunlaşdırılması, daha doğrusu, yeni prosedurlarının işlənib hazırlanmasıdır. Belə ki, 2017-2018- ci tədris ilində müəllimlərin işə qəbulu yeni üsulla həyata keçirildi. Mətbuatda ADPU-da professor, dosent, baş müəllim, müəllim vəzifələrinin tutulması üçün müsabiqə elan edilmiş, bu prosesdə müəllimlik bacarığının müəyyənləşdirilməsi üçün iştirakçıların hər birinə eyni şərait yaradılmış, müəllimliyə namizədlərin tədris proqramlarına uyğun olaraq keçdikləri sınaq dərsləri videoçəkilişlə qeydə alınmış, fakültə tədris-metodiki şuralarında müzakirə edilmiş və otuz üç bənd üzrə qiymətləndirilmə aparılmışdır. Nəticədə 87 fənn üzrə müsabiqəyə çıxarılmış 114 yerə 500 nəfər ərizə vermişdir. 112 vakant yerdə müsabiqə baş tutmuşdur. Qaliblərin 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Müsabiqədə qalib gələnlərdən 100 nəfəri ADPU-nun əməkdaşı, 12 nəfəri isə digər təhsil müəssisələrindən müsabiqəyə qatılanlardır. Bu seçim ADPU-nun 96 illik tarixində öz mütərəqqiliyi, reallığı əks etdirmək xüsusiyyəti ilə yadda qaldı. Real müsabiqə şərtləri, həqiqi, alternativli seçki yolu ilə keçirilmiş bu müsabiqənin nəticələri elmi dərərcə və adlara görə deyil, müəllimlik bacarığına uyğun müəyyən edildi. Eyni zamanda bu müsabiqə müasir tələblərə cavab verməyən bəzi kadrların əvəzlənməsinə gətirib çıxarmışdır ki, bu da, öz növbəsində, təhsilin keyfiyyətinin artırılmasında irəliyə doğru atılmış addımlardandır.
ADPU-da tədris olunan fənlər üzrə müəllim müsabiqəsi yekunlaşdırıldıqdan sonra 11 avqust 2017-ci ildə fakültə dekanları və kafedra müdirləri vəzifələrinə müsabiqə elan edildi. 4 fakültə dekanı və 16 kafedra müdiri vəzifəsini tutmaq üçün elan edilmiş müsabiqəyə 37 namizədin sənədləri qəbul edilmişdir. Müsabiqəyə sənəd təqdim etmiş namizədlərdən 34 nəfəri ADPU, 3 nəfəri isə respublikamızın digər ali təhsil müəssisələrində çalışan əməkdaşlar olmuşdur.
Müsabiqənin təşkili üçün rektor, professor Cəfər Cəfərovun əmri ilə 25 nəfərdən ibarət komissiya yaradılmışdır. Komissiyanın tərkibinə ADPU-nun professoru Əzizxan Tanrıverdiyev –sədr, BDU-nun professoru Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının dosenti Zaur Bağırov, professor Azadxan Adıgözəlov, professor Seyidağa Həmidov, professor Müseyib İlyasov, filologiya üzrə elmlər doktoru Kamil Bəşirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov, tarix üzrə fəlsəfə doktoru Rəcəb Əliyev kimi nüfuzlu ziyalılar daxil edilmişdir. Komissiya öz işini Təhsil nazirinin 9 mart 2011-ci il tarixli 400 saylı əmrinə, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnaməsinə uyğun olaraq təşkil etmiş, universitet üzrə keçirdiyi 35 iclasın hər birində obyektivlik və şəffaflığı qorumaq məqsədilə hər bir iddiaçının idarəçilik qabiliyyəti və bacarıqlarını qiymətləndirmiş, onların iddia olunan vəzifələrə uyğunluğunu müəyyən etmişdir. Komissiya öz işini vaxtından 3 gün əvvəl – 12 oktyabr 2017-ci ildə başa çatdıraraq ADPU üzrə vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinə layiq hesab etdiyi iddiaçılar barədə rektora təqdimat vermişdir. Rektor komissiyanın bu təqdimatlarını bütün parametrlər üzrə düzgün hesab etmiş və onun əmrləşdirilməsinə göstəriş vermişdir. Bu müsabiqə ADPU-da bir il ərzində keçirilmiş ikinci böyük müsabiqədir. Birbaşa tədrisə, müasir tələblərə cavab verən tədrisin formalaşdırılmasına hesablanmış bu islahat öz effektivliyi ilə diqqəti cəlb edir. Keçirilmiş müsabiqədə diqqəti cəlb edən müsbət amillərdən biri də budur ki, yeni seçilmiş fakültə dekanı və kafedra müdirlərindən 3 nəfəri elmlər doktoru, 16 nəfəri fəlsəfə doktoru, 1 nəfəri Əməkdar idman ustasıdır. Komissiyanın müsbət rəyi ilə müsabiqədə qalib gəlmiş iddiaçıların 19 nəfəri ADPU-dan, 1 nəfəri isə kənar müəssisədəndir. Müsabiqə qaliblərinin yaş səviyyəsi də diqqəti cəlb edir. Belə ki, seçilmiş namizədlər arasında yaşı 50-yə qədər olanların sayı yeddi; 50 yaşdan 60 yaşa qədər olanların sayı beş; 60 yaşdan 70 yaşa qədər olanların sayı altı; 70 yaşdan 75 yaşa qədər olanların sayı isə iki nəfərdir.
Müsabiqədə qalib gəlmiş iddiaçıların elmi potensialı, təcrübəsi, respublikamızın təhsil sahəsindəki mövqeyi, şəxsiyyəti, dünyagörüşü, dövlətçilik ənənələrinə bağlılığı da maraq doğurur. Təqdirəlayiq haldır ki, seçilmiş namizədlər arasında yüksək elmi potensiala, beynəlxalq təcrübəyə, dünyanın nüfuzlu universitetləri ilə elmi-pedaqoji əlaqələrə malik namizədlər kifayət qədərdir. Onlardan biri, Tarix və coğrafiya fakültəsinin dekanı seçilmiş coğrafiya üzrə fəlsəfə doktoru, dosent Şahin Pənahovdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, Moskva Dövlət Universitetinin aspirantı, 100-dən çox kitab və məqalənin müəllifi olan Ş.Pənahov Amerika Birləşmiş Ştatları, Niderland Krallığı, Xorvatiya, Serbiya, Türkiyə Respublikası, Hindistan, Moldova, Rusiya kimi ölkələrdə elmi seminarlarda iştirak etmiş, Amerika universitetində, BMT-də çalışmış, beynəlxalq təcrübə qazanmış alimlərdəndir.
Kimya və biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrası müdiri vəzifəsinə dosent Nizam Mehdizadə seçilmişdir. O, ADPU-nun dosenti olmaqla yanaşı, Beynəlxalq Biologiya Olimpiadasının münsiflər heyətinin üzvü, respublika üzrə komanda rəhbəri, 2 dərslik, 6 dərs vəsaiti, 4 metodik vəsait və 163 məqalənin (12-si nüfuzlu beynəlxalq jurnallarda çap olunmaqla) müəllifidir. Burada o da vurğulana bilər ki, N.Mehdizadə Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrində, ümumilikdə isə 58 ölkədə elmi konfrans və Beynəlxalq fənn olimpiadalarında ölkəmizi təmsil etmiş alimlərimizdəndir.
Analitik və üzvi kimya kafedrasının müdiri vəzifəsinə yeni seçilmiş Əli Zalov ADPU-nun məzunu, kimya üzrə elmlər doktorudur. 2000-2007-ci illərdə ADPU-nun Analitik və üzvi kimya kafedrasının baş müəllimi, 2007-2017 illərdə isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir. O, ADPU-nun Tələbə Elmi Cəmiyyətinin sədridir. Polşa, Rusiya və bir çox ölkələrdə elmi seminarların iştirakçısı olmuşdur. Beynəlxalq elmi-tədqiqat jurnallarında çap edilmiş otuzdan artıq elmi məqalənin, 17 kitabın müəllifidir.
Yeni seçilmiş dekan və kafedra müdirləri öz sahələri üzrə sayılıb-seçilən mütəxəssislər olmaqla yanaşı, bir neçə dildə elmi diskussiya və polemikalar aparmaq qabiliyyətinə malik, yüksək intellektli şəxslərdir. Heç şübhəsiz ki, bu kadrların hər biri ADPU-nun təkmilləşməsi və zənginləşməsində öz sözlərini deyəcəklər.
ADPU-da son bir il yarım ərzində əldə edilmiş nailiyyətlər təkcə inzibati-idarəetmənin təşkilində deyil, həm də təhsilin keyfiyyət baxımından təkmilləşdirilməsində də müşahidə edilməkdədir. Rektor Cəfər Cəfərov universitetdə imtahanların yazılı şəkildə keçirilməsinə göstəriş vermiş, bu prosesin şəffaf, obyektiv keçirilməsini təmin etmiş, tələbələrin bilik və bacarıqlarının hərtərəfli şəkildə nümayiş etdirə bilmələri üçün lazımi şərait yaratmışdır. Eyni zamanda işində və imtahan prosesində neqativ hallara yol vermiş müəllim və texniki heyətin ciddi cəzalandırılması məsələsinə də xüsusi diqqət yetirmişdir.
Görülmüş əməli tədbirlər artıq öz bəhrəsini verməkdədir. 2017-2018-ci tədris ilində respublikamızda keçirilmiş qəbul imtahanlarında 500-dən yuxarı bal toplamış 259 nəfər abituriyent məhz ADPU-nu seçmişdir. Burada onu da qeyd edək ki, ADPU-da tələbələrlə müəllim kollektivi arasında sağlam, dayanıqlı bir mühit formalaşmaqdadır.
Universitetimizdə qısa zaman kəsiyində bir sıra dəyişikliklərə, elm və təhsilin inkişafına, şəffaflığa nail olunmuşdur. Bütün bunları qorumalı, ən əsası isə onu təkmilləşdirməli və zənginləşdirməliyik.

Bəhram Cəfəroğlu




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info