Nardaran yeni görkəmdə
Tarix: 29.11.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Son iki ildə Nardarandakı sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli istiqamətində əhəmiyyətli işlər görülüb

Nardaran hadisələrindən artıq iki il ötüb. Bu müddət ərzində Nardaranın görkəmi xeyli dəyişib. Azərbaycanın hər bir guşəsinin abadlaşdırılmasına, müasirləşməsinə son dərəcə diqqətlə yanaşılır. Bu üzdən Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkənin bütün kənd və qəsəbələrində olduğu kimi, Nardaran qəsəbəsinin də son iki il ərzində abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli istiqamətində işlərə görülüb. Bu çərçivədə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi yolların yenidən qurulması istiqamətində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
Nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün qəsəbənin Abşeron küçəsi qısa müddət ərzində yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla yenidən qurulub. Küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 m idi. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsindən yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması, üstəlik işıqlandırma sisteminin yoxluğu ucbatından gecələr yolun işıqlandırılmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Lakin ölkə başçısının tapşırığı ilə yenidən qurulan küçədə artıq sadalanan problemlər tam olaraq aradan qaldırılıb. Küçə genişliyi, rahatlığı və müasirliyi ilə göz oxşayır.
Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilib.
Aparılan işlər çərçivəsində genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri (qaz, işıq, rabitə, su və kanalizasiya) çəkilib, köhnələri isə tamamilə təzələnib.
Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 m2 sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Ümumilikdə küçənin 40 min m2 sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bu işlərə paralel olaraq avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.
Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib. Nardaran qəsəbəsinin mərkəzindən Rəhimə xanım ziyarətgahına qədər 1050 metr uzunluğunda Nəsrulla Əsgərov küçəsinin eni əvvəllər 6 metr olub. Yolun eni genişləndirilərək 16 metrə çatdırılıb. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb. Hazırda bu küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Rəhimə xanım ziyarətgahının qarşısında avtomobillər üçün dayanacaq da yaradılıb. Yüksək keyfiyyətlə aparılan işlər zamanı hər iki küçə boyu yeni hasarlar tikilib, həyətlərə dekorativ giriş qapıları qoyulub, yeni yeraltı qaz, işıq, rabitə, su və kanalizasiya xətləri çəkilib, köhnələri isə tamamilə təzələnib.
Nardaran qəsəbəsində aparılan quruculuq işləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Prezident İlham Əliyev deyib ki, Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək. Dövlət başçısı yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb. Bakının qədim yaşayış məskənlərindən olan Nardaran qəsəbəsi sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən Azərbaycan Prezidenti ölkəmizdə bütün azadlıqların, o cümlədən din azadlığının tam təmin edildiyini diqqətə çatdırıb.
Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.

Nardaranda kommunal xidmətlər göstərən idarələrin yeni inzibati binaları istifadəyə verilib
Nardaranda təhlükəsizlik və kommunal xidmətlər də artıq yüksək səviyyədə həyata keçirilir. Belə ki, artıq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib. Müasir tələblərə cavab verən inzibati binada yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir. Həmçinin “Azərişıq” ASC-nin Nardaran qəsəbəsində inzibati binası fəaliyyətə başlayıb. 3000-ə yaxın abonentin hər birinə yeni CSM tipli sayğaclar quraşdırılıb, yeni SİP kabel xətləri çəkilib, komplekt transformator məntəqələri quraşdırılıb. Yeni dayaqlar basdırılıb.
Bütün bunlarla yanaşı, Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından mühafizə bölməsi açılıb. 30 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bölmənin ərazisində - yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa olunub. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana da var. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.
24 nömrəli Yanğından mühafizə bölməsi Prezident İlham Əliyevin 2015-ci il dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamına müvafiq olaraq istifadəyə verilib. Bölmə əməkdaşları arasında Nardaran sakinləri çoxluq təşkil edir.

Nardaran qəsəbəsində Əmək yarmarkası
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Bakının Nardaran qəsəbəsində Əmək yarmarkası təşkil edilib. Yarmarkada iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib: “Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və işaxtaran sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir. Yarmarkada boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı, eyni zamanda müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək”.
Yarmarkada işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub. Yarmarkada boş iş yeri təqdim edən əksər işəgötürənlərin nümayəndələri də iştirak edib. İşaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı sakinlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Nardaranda mədəni-kütləvi tədbirlər keçirilir
Son iki ildə Nardaranda mədəni-elmi və maarifləndirici tədbirlər də keçirilir. Nardaran qəsəbəsində Bilik Fondunun "Bilik evi"nin yaradılmasını dövlətin əhaliyə diqqət və qayğısının daha bir nümunəsidir. Bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb. Burada müxtəlif kurslar təşkil olunur, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçirilir, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişləri də aşılanır.
Hətta ötən il Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Nardaran Bilik Evində 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.
Həmçinin, 2016-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib.
Bir sözlə, Nardaran iki il əvvəlki qəsəbə deyil. Aparılan quruculuq işləri Nardaranın görkəmini tamamilə dəyişdi.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info