Regionların sosial-iqtisadi inkişafında turizmin mühüm rolu var
Tarix: 29.11.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Ucqar dağ kəndlərində iş yerləri yaratmaq baxımından turizmin rolu əvəzsizdir. Digər tərəfdən regionlarda yaradılan turizm obyektlərinin ödədiyi vergilər yerli büdcəyə daxil olur”.

Ölkədə prioritet hesab edilən qeyri-neft sektorunun inkişafında regionlar əsas aparıcı qüvvə hesab edilir. Bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də məhz regionların davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayan sektorlardan biri də turizmdir. İqtisadiyyatın sürətlə inkişafı və respublikamızın dünya miqyasında nüfuzunun yüksəlməsi ölkəyə gələn əcnəbilərin sayının ildən-ilə artmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaradır. Beləliklə, ölkədə getdikcə iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizm bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə cəmiyyətin, demək olar ki, bütün təbəqələri üçün gəlir mənbəyi rolunu oynayır. Ötən müddətdə Bakı və regionlarda turizm komplekslərinin, hotellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaradıb.
Azərbaycan təbiətinin zənginliyi və rəngarəngliyi regionlarda turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar açır. Kənd turizmi ilə məşğul olaraq, ilin bütün mövsümlərində yerli və xarici turistlərə yaşayış yeri, yemək verir, hətta bəzi kəndlərdə ekskursiya xidmətləri də göstərirlər. Qeyd etmək lazımdır ki, turistləri qəbul edən kəndli ilə yanaşı, göstərilən xidmətlərə görə digər sakinlər də mənfəət əldə edirlər. Belə ki, qonşu kəndlilər istehsal etdikləri ərzaq məhsullarını, əl işlərini turistlərə satmaq imkanı qazanırlar.

2020-ci ilədək əsas hədəflərdən biri məhz regional turizm təşəbbüslərini həyata keçirməklə turizmi inkişaf etdirməkdir

Regionların-sosial iqtisadi inkişafı ilə bağlı sonuncu qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələdə olan dövlət iqtisadiyyatının dinamik inkişafı, həyat səviyyəsinin yaxşılaşdırılması, bütün regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı və s. nəzərdə tutulur. Respublikamızda turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, eyni zamanda Bakı şəhərində də inkişaf edir. Köhnə turizm mərkəzləri bərpa edilir, yeni turizm obyektləri yaradılır. Məsələn, bu gün Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib, Qusar rayonunda yerləşən yay-qış kurortu olan "Şahdağ", Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi artıq dünya səviyyəli turizm obyektləridir. Hazırda bir çox regionlarımızda bu istiqamətdə işlər davam etdirilir ki, bu da turizm imkanlarımızın daha da genişləndirilməsinə səbəb olacaq. Beləliklə, regionlarda turizmin inkişafı həmin regionların və respublikanın sosial-iqtisadi inkişafının tərkib hissəsi olmaqla daxili, xüsusi və mərkəzləşdirilmiş resurslara əsaslanır. Həmçinin regionun iqtisadi inkişafında, yoxsulluq səviyyəsinin azaldılmasında, əhalinin şəhərə axını, xüsusən, ucqar kəndlərin boşalmasının qarşısının alınmasında və ölkə büdcəsinin vergi daxilolmalarının artmasında güclü bir alətdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi diqqət yetirilməsi əsas strateji məsələlərdən biri kimi qoyulur. Qeyd edilir ki, turizmin inkişaf etdirilməsi məqsədilə bu sahəyə dair qanunvericilik və standartlar təkmilləşdiriləcək, Xəzər dənizinin turizm potensialından tam şəkildə istifadə edilməsi üçün zəruri tədbirlər görüləcək, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq, informasiya təbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm marşrutları yaradılmaqla təşviq ediləcək.
2016-cı ildə ölkə başçısının fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə regionların sosial-iqtisadi inkişafında turizmin rolu ilə bağlı bir sıra məqamlar öz əksini tapır. Burada göstərilir ki, son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olub. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz orta illik sabit artım müşahidə edilib. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. Uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib. Bu hədəflərdən biri məhz regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirməkdir.

Regionlarda da turizmin əsas aparıcı qüvvə olması üçün mütləq turizmin dayanıqlı inkişafı təmin edilməlidir

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun sözlərinə görə, ölkə başçısının qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmə göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən islahatlar ölkəmizdə turizm sektorunun inkişafına ciddi təkan verib: “ Son illər daxili turizm regionlarda daha çox inkişaf edir. Belə ki, turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən “Şahdağ” və “Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi turizm istirahət, Naftalan, “Duzdağ”, “Qalaaltı” və sair müalicəvi-sağlamlıq komplekslərinin, müasir hotel şəbəkələrinin yaradılması, tarix və mədəniyyət abidələrinin, mədəniyyət ocaqlarının bərpası regionlarda turizmin bütün ilboyu inkişafına təkan verib. Azərbaycan Turizm Assosiasiyası turistlərə bələdçi xidmətinin göstərilməsi, həmçinin bu sahədə kadrların hazırlanması üçün ilk dəfə olaraq Bakı ekskursiya bürosunu yaradıb. Büro Bakı və regionlarda turistlərə müxtəlif dillərdə ekskursiya xidmətləri göstərir. Ölkəmizdə
keçirilən “Eurovision-2012”, qızlar arasında futbol üzrə U-17 Dünya Çempionatı, Beynəlxalq Caz Festivalı, birinci Avropa Oyunları, Formula-1 və digər beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanın turizm imicinə çox böyük müsbət təsiri olub. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini, mətbəxini və bir sıra digər özünəməxsus xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, ölkəmizi dünyaya fərqli bir kontekstdə təqdim etməyə imkan yaradıb”.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, 2016-cı ildə ölkə Prezidenti tərəfindən turizmin inkişafına yönəlmiş bir sıra sənədlər təsdiq edilib: “Bunların içərisində dekabr ayında Prezident Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni xüsusi qeyd etmək istəyirəm. Bu sənəd faktiki olaraq yaxın 10 il ərzində ölkəmizdə turizmin sürətli inkişafını təmin edəcək. “Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi üçün Prezidentimiz tərəfindən Tədbirlər Planı da təsdiq edilib. Bu planda 2020-ci ilə qədər görüləcək işlər və bu işlərə konkret məsul təşkilatlar əks olunub. Plana əsasən, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə 2017-ci ildə xeyli işlər görülüb”.
Turizmin inkişafının regionların inkişafına da təsir etdiyini deyən B.Bilalovun sözlərinə görə, xüsusən, ucqar dağ kəndlərində iş yerləri yaratmaq baxımından turizmin rolu əvəzsizdir: “Digər tərəfdən regionlarda yaradılan turizm obyektlərinin ödədiyi vergilər yerli büdcəyə daxil olur. Lakin bir məsələni xüsusi vurğulamaq istəyirəm. Qeyd etdiyim kimi, turizmin ayrı-ayrı insanlara, bir sıra ölkələrin, hətta regionların iqtisadiyyatına verdiyi xeyir şübhəsizdir. Bununla belə, turizmin yalnız müsbət tərəfləri olduğunu düşünənlər səhvə yol verirlər. İqtisadiyyatın digər sahələri kimi turizm də ehtiyatlardan istifadə edir, tullantılar yaradır, ekoloji, mədəni və sosial problemlərin yaranmasına səbəb olur. Bunlara misal olaraq ətraf mühitin çirklənməsini, landşaftın pozulmasını, məişət tullantılarının utilizasiyasını, tarixi və təbiət abidələrinə vurulan ziyanı, əraziyə böyük antropogen təzyiqi, ərazinin mədəni aşınmasını, narkomanlığın, alkoqolizmin və s. mənfi halların yayılmasına, ölkədən valyuta axınına səbəbini qeyd edə bilərik. Müasir dövrümüzdə turizmin mənfi təsiri bir sıra dövlətləri ciddi problemlə üz-üzə qoymuşdur. Xüsusən də, belə problemlər daha çox inkişaf etməkdə olan ölkələrdə rast gəlinir. Məsələn, piyada yürüşlərinin daha çox istifadə edildiyi Nepalda hər turist gün ərzində 6 kq yaxın odun yandırır. Nəzərə alsaq ki, bu ölkədə yanacaq çatışmazlığı mövcuddur, vurulan ziyanın miqyasını göz önünə almaq olar. Başqa bir misal: Misirin paytaxtı Qahirə şəhərində böyük hotellərdən birinin il ərzində istifadə etdiyi elektrik enerjisi orta gəlirə malik 3600 ev təsərrüfatının sərf etdiyi enerjiyə bərabərdir. Yuxarıda qeyd etdiyimiz kimi, turizm ətraf mühitin çirklənməsinə də gətirib çıxarır. Mütəxəssislərin hesablamalarına görə Karib hövzəsində kruiz gəmiləri il ərzində 70 min ton tullantı istehsal edirlər. Turizm sənayesinin sürətli inkişafı nəticəsində yuxarıda sadalanan problemlərlə həm turistlər, həm yerli sakinlər, həm də turizm fəaliyyəti ilə məşğul olan müxtəlif səviyyəli qurumlar üz-üzə qaldığından vəziyyəti düzəltmək üçün köklü, kompleks tədbirlərin görülməsi tələb edilir. Mütəxəssislərin fikrinə görə bu vəziyyəti dayanıqlı turizm konsepsiyası vasitəsilə həll etmək mümkündür. Dayanıqlı turizm elə turizmdir ki, ətraf mühit resurslarından optimal istifadə təmin edilir, turistləri qəbul edən icmanın sosial-mədəni özəllikləri dəstəklənir, bütün maraqlı dairələrin mənafeyi nəzərə alınmaqla uzunmüddətli iqtisadi proseslər təmin edilir”.
Mütəxəssisin fikrincə, turizmin inkişaf etdiyi ölkələrdə olduğu kimi, bizim regionlarda da turizm əsas aparıcı qüvvə ola bilər: “ Lakin yuxarıda qeyd etdiyim kimi, mütləq turizmin dayanıqlı inkişafı təmin edilməlidir. Turizmin dayanıqlı inkişafı – bu, turizmin uzun dövr üçün istiqamətlənmiş inkişafıdır ki, bu zaman iqtisadi, ekoloji, sosial və mədəni məqsədlərin inkişafında balansa nail olunur, turizm ehtiyatlarından səmərəli istifadə və hərtərəfli əməkdaşlıq əldə olunmaqla bütün maraqlı tərəflərin (turistlərin, qəbul edən və göndərən destinasiyaların, yerli əhalinin) mənafeyi nəzərə alınır. Məhz turizmin dayanıqlı inkişafı konsepsiyasına əməl etməklə turizmin mənfi təsirlərini azaltmağa və turizm fəaliyyətinin müsbət səmərəsindən maksimum istifadəyə nail olmaq mümkündür. Lakin bu zaman, ilk növbədə yerli əhalinin, onların əmək şəraitini və yaşam mühitini, bir sözlə, turizmin inkişafının sosial və ekoloji nəticələrini nəzərə almaq lazımdır. Məlum olduğu kimi, 2015-ci ilin 25-27 sentyabrında BMT-nin Dayanıqlı İnkişaf Sammiti keçirilib və Sammitdə 17 dayanıqlı inkişaf məqsədini və 169 hədəfi özündə əks etdirən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi qərara alınıb. Bu sahədə işlərin əlaqələndirilməsi üçün ölkə Prezidenti İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. İnanıram ki, əlaqədar təşkilatların birgə səyi ilə ölkəmizdə turizmin dayanıqlı inkişafı təmin ediləcək, turizm hər bir Azərbaycan vətəndaşı üçün gəlir sahəsinə çevriləcək”.
Turizmin inkişafı yerlərdə həm əhalinin işlə təmin edilməsinə, həm gəlirlərinin artmasına, həmin bölgənin əcnəbilərə daha yaxından tanıdılmasına imkan verir. Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafında turizmin rolu danılmazdır və bu sektorun inkişafı bölgələrin inkişafına təkan verəcək.
Nigar






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info