Bank kartları ilə həyata keçirilən ödənişlər ƏDV-dən azad edilə bilər
Tarix: 16.05.2013 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kart sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədilə təşkil olunan “Həyat Visa ilə rahatdır” milli marketinq kampaniyasının təqdimat mərasimi keçirildi.

Nağdsız ödənişlərin artırılması üçün hazırlanan tədbirlər paketi hökumətə təqdim edilib

Tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirdi ki, Mərkəzi Bank hər zaman olduğu kimi öz mandatına uyğun olaraq ölkədə nağdsız ödənişlərin həcminin artırılmasını özünün prioritet sahələrindən biri hesab etdiyindən bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir. O, yaradılmış geniş infrastruktur imkanlar barədə məlumatı diqqətə çatdırmaqla nağdsız ödənişlərin kütləviləşdirilməsində əhalinin mühüm əhəmiyyət kəsb etdiyini və məhz bu səbəbdən Mərkəzi Bankın ev təsərrüfatı və biznes icmasının maliyyə savadlılığının artırılmasına xüsusi diqqət ayırdığını vurğuladı. A.Quliyev qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən ölkədə nağdsız hesablaşmaların həcmini artırmaqla və əhatə dairəsini genişləndirməklə göstəricilərin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması istiqamətində aidiyyəti dövlət qurumlarına bir sıra tapşırıqlar verilib. A.Quliyev tapşırıqların icrası istiqamətində görülmüş işlər barəsində ətraflı məlumat verərək qeyd etdi ki, artıq nağdsız ödənişlərin inkişafının stimullaşdırılması, nağdsız ödənişlər üzrə infrastrukturun genişləndirilməsi və hüquqi bazanın möhkəmləndirilməsi ilə bağlı kompleks tədbirlər paketi hazırlanaraq hökumətə təqdim edilib. “E-hökumət” quruculuğu çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası, habelə elektron ödəniş xidmətlərindən istifadənin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və digər büdcə ödənişləri üzrə vahid ödəniş platformasına çevrilməkdədir. Beynəlxalq kart təşkilatları ilə birgə reallaşdırılmış layihələr haqqında məlumat verən A.Quliyev qeyd etdi ki, görüləcək kompleks tədbirlər qısa müddət ərzində ölkənin nağdsız hesablaşmalar üzrə göstəricilərinin yüksək səviyyəyə çatdırılmasına imkan verəcək.
Alim Quliyev onu da bildirdi ki, Bank kartlarının köməyi ilə həyata keçirilən ödənişlər əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər. Azərbaycanda ƏDV-nin faiz dərəcəsi 18 faiz təşkil edir. Onun sözlərinə görə, AMB nağdsız hesablaşmaların payının artırılmasına yönəlmiş müxtəlif tədbirlər həyata keçirir:
"Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi hələ də yüksək deyil və ödənişlərin ümumi sayının 6-7 faizini təşkil edir. Nağd ödənişlər hələ də çoxluq təşkil edir və buna bir çox amillər təsir edir. Vergidən yayınma, kölgə iqtisadiyyatı ümumilikdə nağd ödənişlərə əsaslanır. Əhalinin elektron ödənişlər barədə zəif məlumatlandırılması da öz rolunu oynayır. Tərəfimizdən hazırlanan təkliflər paketi və ikinci dövlət proqramı layihəsinin əsas məqsədi bu amillərin aradan qaldırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsidir ki, bu da yekunda Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisinin beynəlxalq səviyyəyə çatdırılmasına gətirib çıxaracaq". O qeyd etdi ki, bu istiqamətin inkişafına dair fəaliyyət çərçivəsində böyük iş görülüb. Beş prosessinq mərkəzi fəaliyyət göstərir, yeni ödəniş sistemləri tətbiq edilir: "Biz "Azərpoçt" milli poçt operatorunun 800-dən artıq filialında müxtəlif ödənişləri həyata keçirmək üçün imkan yaratdıq. Eyni zamanda daha əvvəl yalnız kommunal xidmətlərə görə ödənişlər etmək mümkün idisə, hazırda fiziki və hüquqi şəxslər "Hökumət ödənişləri portalı"nın köməyi ilə demək olar ki, bütün dövlət ödənişlərini həyata keçirə bilərlər. Biz bu portalın imkanlarının genişləndirilməsi üçün nazirliklər və digər strukturlar ilə iş aparmışıq və bunu davam etdirəcəyik".

Özəl iş yerlərində də maaşlar plastik kartla
verilməlidir


Onun sözlərinə görə, hazırda elektron ödənişlər barədə qanun layihəsi hazırlanır. Bu məqsədlə qanun layihəsi üzərində işi başa çatdıran işçi qrupu formalaşdırılıb: "Güman edirik ki, Milli Məclisin payız sessiyasında bu məsələyə baxılacaq". Eyni zamanda təkliflər paketində beynəlxalq praktikaya əsaslanmış normativ-hüquqi bazanın konkretləşdirilməsi üzrə təkliflər də var: “Paket nağdsız ödənişlərin inkişafı və stimullaşdırılması üzrə inzibati tədbirləri, həmçinin müəyyən sahələrdə hesablaşmalar zamanı nağd pulların istifadəsi ilə bağlı məhdudiyyəti nəzərdə tutur. Bu, beynəlxalq praktikada geniş yayılıb. Biz MDB, Fransa və ABŞ kimi ölkələrin təcrübəsinə söykənirik. Həmin ölkələrdə təsərrüfat subyektləri arasında nağd ödənişlərə məhdudiyyət tətbiq olunur. Biz də oxşar məhdudiyyəti nəzərdə tuturuq. Paketdə yalnız nağdsız formada aparılmalı olan bəzi hesablaşma növləri əks olunub". O da vurğulandı ki, indi bütün dövlət müəssisələrində əməkhaqqı plastik kartla verilir: “Yalnız bəzi özəl şirkətlərdə əməkhaqqı nəğd verilir. Bu məsələ diqqətimizdədir. Yeni layihələr var. Dövlət müəssisələrindəki kimi özəl iş yerlərində də maaşların plastik kartla verilməsinə dair təkliflər hazırlanıb. Məsələnin qanuniləşdirilməsi ilə bağlı işlər gedir”.
Tədbirdə çıxış edən “Visa İnc.” beynəlxalq kart təşkilatının MDB və Cənub-Şərqi Avropa üzrə baş meneceri Katarjina Sosin təmsil etdiyi təşkilatın Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirərək vurğuladı ki, Mərkəzi Bankın nağdsız ödənişlərin inkişafına yönəlmiş davamlı və düşünülmüş siyasəti ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılmasına və elektron ödənişlər infrastrukturunun daha da inkişaf etdirilməsinə, nəticə etibarilə daha çox azərbaycanlının rahat, müasir və təhlükəsiz ödəniş vasitələrinə çıxışına zəmin yaradıb: “Azərbaycanda “Visa İnc.” beynəlxalq kart təşkilatının indiyədək keçirdiyi promo kampaniyaların mövcud nəticələri bu ölkədə nağdsız ödənişlərə yüksək marağın olduğunu göstərir. Biz tamamilə əminik ki, “Həyat Visa ilə rahatdır” kampaniyası da uğurlu olacaq”.
Tədbirdə “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən təqdimat nümayiş etdirildi. Qeyd edək ki, milli marketinq kampaniyası çərçivəsində Visa brendli ödəniş kartı sahiblərinə seçilmiş təsərrüfat subyektlərində nağdsız ödənişlərin aparılması zamanı endirimlər təklif olunacaq. Bu kampaniya bankların ödəniş kartları portfelinin genişləndirilməsini və kart sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasını stimullaşdıracaq. “Həyat Visa ilə rahatdır” devizi altında keçirilən kampaniya mayın 31-dək davam edəcək.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info