Bakıda Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib
Tarix: 01.12.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Elmar Məmmədyarov:
“Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdaşdır”

Mövlud Çavuşoğlu:
“Azərbaycanın beynəlxalq arenada rolu getdikcə daha da artır”

Dünən Bakıda Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Nazirlər Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğulayıblar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildiriblər, regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə esssdiblər.
Onlar iqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini qeyd ediblər.
Nazirlər iqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara alıblar, birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı, telekommunikasiya, sənaye, ətraf mühit, təhsil, elm, mədəniyyət, turizm, idman və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək qərarına gəliblər.
Nazirlər üç dövlət arasında enerji sahəsində enerji təhlükəsizliyinin artırılması, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və özəl sektora sərmayə qoyuluşu və ticarətin təşviq edilməsi baxımından üçtərəfli enerji dialoqunun əhəmiyyətini qeyd ediblər. Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına, Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, dəmir yolu, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.

Bakı Bəyannaməsində Azərbaycan, Pakistan və Türkiyə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə edib
Görüşdə müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyəti vurğulanıb və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazırlıq ifadə edilib. Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri, qeyri-qanuni silah ticarəti, insan alveri, miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya, mədəni və tarixi irsə qarşı cinayətlər, çirkli pulların yuyulması, kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqlik bir daha bəyan edilib.
Həmçinin xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizmin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulandı və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazırlıq ifadə edilib.
Görüşdə ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və buna hazırlıq bildirilib.
Nazirlər sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş regional prosesləri vurğulayaraq, “Asiyanın Qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyi nailiyyətləri qiymətləndiriblər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdikləri sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq ediblər. Nazirlər üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barədə razılığa gəliblər.
Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barədə razılıq əldə edilib. Görüşün sonunda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri Bakı Bəyannaməsini imzalayıblar.
Bakı Bəyannaməsində nazirlər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğulayıblar.

"Azərbaycan təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacaq"
Üçtərəfli görüş başa çatdıqdan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Nazirlər üçtərəfli görüşdə müzakirə olunan məsələlər barədə məlumat veriblər. Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bu görüşün keçirilməsində maraqlı idi. Birinci üçtərəfli görüşdə, əsasən, ölkələrimiz arasında iqtisadiyyatın inkişafı, xüsusilə ticarət dövriyyəsinin artırılmasına dair məsələlər müzakirə edilib. Nazir bu il Azərbaycanın hər iki ölkə ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. O qeyd edib ki, beynəlxalq təşkilatlarda ölkələrimizin mövqeləri üst-üstə düşür.
Nazir görüşdə regional münaqişələr, terrorla mübarizə barədə də müzakirələrin aparıldığını diqqətə çatdırıb: “Pakistan və Türkiyə xarici işlər nazirləri ilə ilk üçtərəfli görüşümüz intensiv məsələhətləşmələrlə nəticələndi”.
O bildirib ki, imzalanan Bakı bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır: "Hər iki ölkə ilə strateji tərəfdaşıq. Müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik. Həmçinin regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir. Hərbi, terrorizmə qarşı mübarizə sahələrində müzakirə apardıq. Müdafiə sahəsində əməkdaşlığımız çox intensivdir. Nəqliyyat əlaqələri müzakirə mövzulardan biridir. Pakistana təklif etdik ki Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini nəzərdə tuturam.
Görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyini qeyd etdik. Bu, ölkələr arasında turizm sahəsində böyük imkanlar yaradır.
Ölkələrimiz arasında ikitərəfli və ya üçtərəfli hava nəqliyyatının bərpa olunması məsələsini də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunuq. Parlamentlərarası münasibətlərimiz də yüksək səviyyədədir, amma bu əlaqələr daha da genişləndirilməlidir. Beləliklə, Azərbaycan tərəfi bu görüşdən məmnundur”. O Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistan xarici işlər naziri ilə görüşəcək. Nazir bildirib ki, Azərbaycan bu görüşə razılıq verib. "Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək", - deyə o qeyd edib.
O bildirib ki, Azərbaycan bu yaxınlarda təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacaq: "Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Bu baxımdan müdafiə sahəsinin inkişafı çox vacibdir".
Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif deyib ki, xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü çox məhsuldar keçdi, geniş müstəvidə müzakirələr aparıldı. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələri xüsusi qeyd edilməlidir.
Nazir vurğulayıb ki, ticarət dövriyyəsinin üçtərəfli formatda inkişafı daha faydalı nəticələr verə bilər. “Birbaşa hava nəqliyyatının bərpası üçün lazım olan bütün səyləri göstərəcəyik və hesab edirəm ki, buna nail olacağıq. Beynəlxalq məsələlərdə hər üç ölkənin mövqeləri üst-üstə düşür. Parlamentlərarası əlaqələri genişləndirmək barədə razılığa gəldik. Həmçinin qərara aldıq ki, üçtərəfli formatdan daha geniş istifadə edək”, - deyə pakistanlı nazir qeyd edib.
Üçtərəfli görüşün əhəmiyyəti barədə danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əsas məqsəd ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməyin yolları barədə müzakirələr aparmaq idi. Ticarət dövriyyəsi daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Biz bu sahədə bir-birimizi dəstəkləyirik.
Nazir görüşdə bu formata hər üç ölkənin parlamentarilərini də cəlb etmək barədə razılıq əldə edildiyini bildirib. “Biz Qarabağ, Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycanın və qardaş Pakistanın daim yanındayıq. Biz terrorçuların İslamı əllərində vasitəyə çevirmələrinə imkan verməyəcəyik. Türkiyə Dağlıq Qarabağ probleminin həlli və işğal olunmuş torpaqların işğaldan azad olunması üçün səy göstərir. Bu baxımdan prezidentlər daim təmas içindədir”. O, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə görüşündə səsləndirdiyi fikirləri xatırladıb: “Ərdoğan Rusiyanın qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib. Azərbaycan üçün uyğun olan bütün formulları dəstəkləyirik. Həmsədrlərlə dünən görüşdüm. Daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım və bu sahədə onlara dəstək göstərdiyimizi bildirdim”.
Mövlud Çavuşoğlu Azərbaycanın beynəlxalq arenada rolunun getdikcə daha da artdığını, önəmli aktora çevrildiyini vurğulayıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info