Bəhruz Həsənov: “Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir”
Tarix: 01.12.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney bildirib ki, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması münasibəti ilə ölkədə müxtəlif tədbirlər keçirilib. Bu tədbirlərdən ən böyüyü IV Islam Həmrəyliyi Oyunları olub. F.Guney hesab edir ki, Azərbaycanda "İslam Həmrəyliyi İli"nin elan olunması İslam dünyası üçün çox əhəmiyyətlidir: "Məlumdur ki, İslam dünyasında tarix boyu təriqət ayrılığına görə münaqişələr olub. İslam dünyasına düşmən olanlar isə bundan məharətlə istifadə ediblər və bu gün də istifadə edirlər. Bəzi qüvvələr İslamın sülh dini olmasını qətiyyətlə təkzib edirlər. Bu baxımdan "İslam Həmrəyliyi İli"nin elan olunmasının xüsusi əhəmiyyəti var".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qeyd edib ki, rəhbəri olduğu fond çox böyük tədbirlərə ev sahibliyi edib: "İslam bizim hamımızı birləşdirən ümumi dəyərdir. Bizim bir-birimizin problemlərini öyrənmək üçün bu tədbirin keçirilməsini vacib sayıram. Güman edirəm ki, bu səfər iki ölkənin mediası arasında əlaqələrin inkişafına töhfə verəcək".
Qeyd edilib ki, bəzi cəmiyyətlərdə dini məzhəblər və təriqətlər arasında toqquşmalar müşahidə olunur. Müsəlmanlara düşmən mövqedə olan bəzi dairələr bundan öz məqsədləri üçün istifadə edirlər. Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi tarixi addım kimi dəyərləndirilib.
Bildirilib ki, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, İslam dini sülh, mərhəmət dinidir. Bu din terrorla eyniləşdirilməməlidir. Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan Bəhruz Həsənov qeyd edib ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri dağıdılıb. “Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir”, - deyən Prezident Administrasiyasının məsul əməkdaşı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasında məqsəd təkcə Azərbaycandakı məzhəblər arasındakı dialoqu gücləndirmək deyil, eyni zamanda, dünyada İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirməkdir. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam ölkələri arasında dialoqun gücləndirilməsinə öz töhfəsini verib.
B.Həsənov bildirib ki, Azərbaycan özünün zəngin tarixinə və maddi-mənəvi irsinə görə Misirdən geri qalmır: "Ona görə də istər çoxtərəfli, istərsə də ikitərəfli formatda Azərbaycan və Misirin arasında əməkdaşlığın qurulması, xüsusilə media qurumları arasında sıx münasibətlərin qurulması olduqca vacibdir. Misirin media nümayəndələrinin Azərbaycana bu səfəri iki ölkənin media qurumları arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcı olacaq". B.Həsənov əlavə edib ki, Azərbaycanda hələ 743-cü ildən tikilən məscidlər ilkin İslam abidələri kimi yaradılıb: "Onlar Azərbaycan dövləti və xalqı tərəfindən qorunub mühafizə olunaraq bu günümüzə gəlib çıxıb".
B.Həsənov qeyd edib ki, Azərbaycanda tarix boyu məzhəblər, dinlərarası həmrəylik olub: "Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yaradıb. Bu model İslam dünyasında diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Azərbaycanda fərqli məzhəblərin nümayəndələrinin eyni məsciddə ibadət etməsi dünyada buna qarşı çıxanlara ən yaxşı cavabdır. Bildiyiniz kimi, bu il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, dünyada İslam həmrəyliyinin artmasına töhfə verilməsi xarakteri daşıyır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, İslam sülh, mərhəmət dinidir. Terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan buna qarşı sərt mübarizə aparılmasının tərəfdarıdır. Azərbaycanın İƏT çərçivəsində bütün müsəlman ölkələri ilə əlaqələri var. Lakin bəzi müsəlman ölkələri ilə təcavüzkar Ermənistanın əməkdaşlıq, dostluq etməyə cəhd etməsi İslam meyarlarına ziddir".
PA rəsmisi bildirib ki, Azərbaycan mediası müsəlman ölkələrinin media qurumları ilə sıx əməkdaşlıq etməlidirlər.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bildirib ki, qarşımızda duran əsas məsələlərdən biri İslam ölkələrinə qarşı yönələn bütün təsirlərə qarşı mübarizə aparmaqdır. Səfir islam ölkələrinin bu sahədə bir-birinə yardım göstərməsini də vacib sayıb: "Bəzən belə fikir yaranır ki, əgər müsəlman ölkəsiyiksə, müsəlman dünyasında bütün qapılar üzümüzə açıqdır. Lakin bu sahədə problemlər var. Mən uzun illər ərəb ölkələrində səfir vəzifəsində çalışan şəxs kimi bilirəm ki, Qarabağ problemindən İslam ölkələrindəki beynəlxalq tədbirlərdə danışanda erməni lobbisi, erməni təşkilatları buna mane olmağa çalışırlar. Həmin tədbirlərdə Azərbaycan haqqında düzgün məlumatlar verildikdə ölkəmizə qarşı münasibətlər dəyişir. Lakin islam amili çox güclü faktordur və biz bundan maksimum şəkildə faydalı istifadə etməliyik”.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbül Kərim konfransın təşkilini yüksək qiymətləndirib. Səfir medianın gücündən istifadənin vacib olduğunu bildirib: "Media bəzən 4-cü hakimiyyət sayılır. Bu gücdən istifadə olunur, ictimai fikrin formalaşmasında onların rolu böyükdür. Müsəlman ölkələrində müəyyən problemlər var. Bura Dağlıq Qarabağ, Fələstin və digərləri daxildir. Bu baxımdan, belə toplantıların keçirilməsi çox əhəmiyyətlidir". Səfir əlavə edib ki, hazırda dünyada islamofobiya hallarının artdığı müşahidə olunur: "Bu hallar, bəzən xaricdən, bəzən də daxildən dəstəklənir. İslam mədəniyyəti özündən qabaqkı mədəniyyətlərin qoruyucusu olub. Daha sonra həmin mədəniyyəti daha da zənginləşdirərək İslam dünyasına təqdim edib. İslamın terrorla əlaqəli olması kimi cəhdlərin edildiyini görürük. Media dürüst informasiya verməli, düzgün fikrin yaranmasına yardım etməlidir. Azərbaycanın Dağlıq Qarabağ problemi var. Lakin onunla bağlı məlumatların daha geniş şəkildə yayılmasına ehtiyac var".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nicat Məmmədli də çıxışında ötən il ölkəmizdə multikulturalizm, bu il isə "İslam Həmrəyliyi İli"nin elan edildiyini xatırladıb: "Bəzən bu iki amilin necə bir araya gətirildiyini soruşurlar. Əslində, biz multikulturalizmdən sonra "İslam Həmrəyliyi İli"nin elan edilməsini məntiqi nəticə kimi qiymətləndiririk. Burada əsas məqsəd dünyada olan ən yaxşı halları nümayiş etdirməkdir. Azərbaycan bu sahədə örnək ölkələrdəndir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada sünni və şiələr bir yerdə namaz qılırlar. Azərbaycanda heç vaxt sünni, şiə məscidləri ayrı olmayıb. Bizdə belə bölgü aparılmayıb". N.Məmmədli qeyd edib ki, Azərbaycanda əhalinin 65 faizini şiələr, 30-35 faizini isə sünnilər təşkil edir. Onun sözlərinə görə, ölkəmizdə hər iki məzhəbin nümayəndələri namazlarını bir yerdə qılırlar ki, bu da unikal hadisələrdən biridir. Komitə rəsmisi hesab edir ki, bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu böyükdür.
Tədbirdə Misirin “Əxbar Əl-Yaum” qəzetinin baş redaktoru Rufat Fayyad və başqaları çıxış edərək qarşılıqlı əməkdaşlığın vacibliyi haqqında danışıblar.
Qeyd edək ki, Misir jurnalistlərinin Azərbaycana səfəri dekabrın 3-dək davam edəcək. Səfər çərçivəsində onların Cocuq Mərcanlı kəndinə səfəri də nəzərdə tutulub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info