“Azərbaycan regionda ən inkişaf etmiş ölkədir”
Tarix: 01.12.2017 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


BMT baş katibinin xüsusi nümayəndəsi: “Regional səviyyədə keçirilən bu proses qlobal əhəmiyyətlidir və regionda sülhün bərpasına, iqtisadi inkişafa xidmət edəcək”

Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı sessiya ilə işini davam etdirib. Sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin istər Prosesdə iştirak edən dövlətlər, istərsə də Prosesə dəstək verən dövlətlərin və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut etdiyini söyləyib. O bildirib ki, bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.
Nazir deyib: “Bu gün biz İstanbul Prosesinin həmsədri kimi öz missiyamızı yekunlaşdırırıq. Buna baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə Asiyanın Qəlbi regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcək. Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan Prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə biz Bakı və Nyu-York şəhərlərində yüksək vəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfrastruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil etmişik. İnanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib, elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk”. Nazir qeyd edib ki, Azərbaycanın regionun nəqliyyatla birləşdirilməsi sahəsindəki töhfələri Əfqanıstan və ümumilikdə regionun yeni regional bazarlara çıxması və beynəlxalq ticarət şəbəkələrinə qoşulması üçün yeni imkanlar yaradır. Bu yaxınlarda açılışı həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti və bu gün burada iştirak edən beş dövlətin imzaladığı Lapis-Lazuli müqaviləsi regionda əmtəə və sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Gürcüstan və Azərbaycandan başlayaraq Xəzər dənizi vasitəsilə Orta Asiyaya qədər uzanan geniş coğrafi region dünyanın ən böyük təchizat və tələb bazarlarını birləşdirən qitələrarası ticarət marşrutları üzərində yeni rəqabətədavamlı ticarət və tranzit arteriyasına çevrilib. Bu baxımdan, biz inanırıq ki, Lapis-Lazuli müqaviləsi sadəcə Əfqanıstanı Avropa bazarlarına yaxınlaşdırmaqla məhdudlaşmayacaq, həmçinin regionda beynəlxalq ticarətin dəstəklənməsində mühüm rol oynayacaq. Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan uzun müddətdən bəri qonşu Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini çox gözəl dərk edir: “Biz hesab edirik ki, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin təminatçısı ola bilər. Təhlükəsizlik və iqtisadi inteqrasiya yolu ilə möhkəmləndirilmiş Asiyanın Qəlbi regionuna doğru” mövzusunda keçirilən bugünkü konfrans yalnız təhlükəsizlik və iqtisadi baxımdan biri-biri ilə inteqrə olmuş regionun gələcəkdə ortaya çıxacaq istənilən çağırış və təhdidlərə müqavimət göstərə biləcəyi ilə bağlı baxışımızı əks etdirir. Biz ümidvarıq ki, bugünkü konfransın yekununda qəbul etməyi planlaşdırdığımız Bakı Bəyannaməsi regionumuzun bu gün üzləşdiyi çağırış və təhdidlərin aradan qaldırılması istiqamətində çox mühüm sənəd olacaq”. BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Jan Kubis bildirib ki, İstanbul Prosesi ilk gündən etibarən regional əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır və BMT bu prosesin tərkib hissəsi olmaqdan məmnundur. O vurğulayıb ki, regional səviyyədə keçirilən bu proses qlobal əhəmiyyətlidir və regionda sülhün bərpasına, iqtisadi inkişafa xidmət edəcək. “Səmərəli regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir”, - deyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbul Prosesinin dərin köklərə, uzun tarixə malik olduğunu bildirib. Nazir vurğulayıb ki, terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. “Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, “İŞİD” ilə mübarizə aparmaq üçün regional formatda birgə səyləri davam etdirmək lazımdır. O, İranın regional səviyyədə terrorizmlə, ekstremizmlə fəal mübarizə apardığını, amma böhranın siyasi yolla həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Narkotiklərlə mübarizə məsələsinə toxunan İranın xarici işlər naziri ölkəsinin narkotik alverinə qarşı mübarizədə Əfqanıstan ilə fəal əməkdaşlıq etdiyini söyləyib. Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif deyib ki, “Asiyanın Qəlbi-İstanbul Prosesi” mənalı dialoq üçün səmərəli müstəvidir. Əfqanıstanda sülh və sabitlik region üçün əhəmiyyətlidir. Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən nazir qeyd edib ki, Pakistan bu problemin həlli üçün bütün təşəbbüslərə dəstək verəcək. Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar diqqətə çatdırıb ki, Əfqanıstandakı böhran sülh yolu ilə həll olunmalıdır. Terrorla mübarizə üçün iqtisadi imkanları artırmalıyıq. Sərhədlərdə maneələrin aradan qaldırılması buna xidmət edəcək. Tranzit və nəqliyyat sazişləri regional əməkdaşlıq prosesinə qatılmağa kömək edəcək. Tədbir iştirakçıları Azərbaycanın bu konfransa ev sahibliyini yüksək qiymətləndirdilər. Əfqanıstanın xarici işlər nazirinin müavini Adela Raz vurğulayıb ki, Azərbaycanın bu platformadakı rolu ölkəsi üçün çox önəmlidir. Çünki Azərbaycan regionda ən inkişaf etmiş ölkə hesab edilir və Azərbaycanın inkişafı ilə bağlı öyrəndiklərimiz bizə fayda gətirə bilər. Azərbaycanın bu konfransa ev sahibliyi də bizim üçün yeni səhifənin açılması deməkdir. Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info