İnternetdə informasiyanın yayılmasına dair tələbləri pozanlar cəzalandırılacaq
Tarix: 02.12.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Milli Məclisinin növbəti plenar iclası keçirilib. Spiker Oqtay Əsədov gündəliyi təqdim etdikdən sonra müzakirələr başlayıb.
Plenar iclasda Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzaların müəyyənləşdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, buna görə, fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcək.
Yuxarıdakı cərimələr eyni qaydada, həmçinin internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməyə görə də tətbiq ediləcək. Bundan başqa, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcək.
Təklif olunan maddənin “Qeyd” hissəsində isə deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur. Bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da oxşar düzəlişlər edilir.
Layihələr səsə qoyularaq qəbul olunub.

Siqaretdən istifadəni məhdudlaşdıran qanun qəbul edildi

Milli Məclisin dünənki iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda müzakirəyə çıxarılıb. Layihə barədə Əmək və sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Bildirilib ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinin 1-ci və 10-cu maddələrə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.
Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb də ləğv olunur. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır.
Düzəlişlərə əsasən, həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına da icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi.
Qeyd edək ki, qanun layihəsinə əsasən tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır:
- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
- ticarət obyektləri;
- məişət obyektləri;
- sosial xidmət müəssisələri;
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
- uşaq meydançaları;
- yerüstü qapalı və yeraltı piyada keçidləri;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
- taksofonlar;
- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;
Layihə səsə qoyularaq qəbul olunub.

“Silahlı Qüvvələr haqqında” yeni qanun
Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə Milli Məclisin I vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Yeni qanun layihəsində maddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan layihədə Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır. Sənəd Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir. Layihədə göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər.
Sənəddə o da qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələr yaradıla bilər.
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Prezidentin tapşırığı ilə gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb
"Prezidenti İlham Əliyev tərəfindən ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb".
Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, Prezidentin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info