Xətai rayonu Yaponiya ilə əlaqələrini genişləndirir
Tarix: 11.12.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycan və Yaponiya arasında regionlararası əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-dən 9-dək bu gündoğar ölkədə səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi iki dost ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Tokio prefekturasının Setaqaya şəhəri və İşikava prefekturasının Komatsu şəhəri arasında əlaqələrin qurulması olub.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Səadət Rəhimli və rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov daxil idi.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Yaponiya parlamentində, Xarici İşlər Nazirliyində olub, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşüb, işgüzar müzakirələr aparıblar.
Görüşlərdə nümayəndə heyətinin rəhbəri Razim Məmmədov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə məlumat verib. Vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu strategiyanın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və dünyanın sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirib.
Cari ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan icra başçısı xüsusən iqtisadi sahədə əldə edilən uğurlar barədə məlumat verib, yubileylə bağlı Prezident İlham Əliyev və Yaponiyanın Baş naziri Şinzo Abe arasında təbrik məktubları mübadiləsinin həyata keçirildiyini vurğulayıb.
Xətai rayonunun sosial-iqtisadi göstəriciləri barədə məlumat verən icra hakimiyyətinin başçısı əldə edilən uğurlar, həyata keçirilən layihələr barədə danışıb. Xətai rayonunun sosial-iqtisadi inkişafı və Xocalı faciəsinin 25 iliyi barədə nəşrlər qarşı tərəfə təqdim olunub.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalçılarının Xocalı şəhərində törətdiyi soyqırımı barədə məlumat verilib, bu faciəyə həsr edilən abidənin məhz Xətai rayonu ərazisində yerləşdiyi qeyd olunub.
Xətai rayonunun beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirən R.Məmmədov rayonun Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərinə malik olduğunu deyib. Gələcəkdə Tokio prefekturasının Setaqaya şəhəri və İşikava prefekturasının Komatsu şəhəri ilə də bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Görüşlər zamanı Xətai rayonunda 2015-ci ildə “Kosugi Zohen Co.LTD” şirkəti tərəfindən salınmış “Yapon bağı”nın Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzinə çevrildiyi xüsusi qeyd edilib.
2017-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 iliyinin qeyd edildiyi xüsusi vurğulanan görüşlərdə Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Səadət Rəhimli ölkələrimizin dostluq münasibətlərinin xalqlarımız arasında da yayılmasının əhəmiyyətini qeyd ediblər, regionlararası əməkdaşlığın münasibətlərdə yeni imkanlar yaradacağına əminliklərini bildiriblər. Vurğulayıblar ki, Yaponiya və Azərbaycan dövlətləri arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılması vacibdir.
İki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə qarşı tərəfin nümayəndələri, xüsusilə Komatsu şəhərinin meri Şinci Vada və Setaqaya şəhərinin meri Nobuto Hosaka Azərbaycana səfərə dəvət olunublar.
Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Akiko Santo ilə görüşdə deputat xanım ötən il nümayəndə heyəti ilə görüşü məmnuniyyətlə xatırladığını bildirib. Qeyd edib ki, Xətai rayonunda salınmış “Yapon bağı” iki ölkə arasında dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərir. İki dost ölkənin regionları arasında əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində Xətai rayonunun fəaliyyətini alqışlayan A.Santo bu istiqamətdə daim dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosu baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM ölkələri üzrə xüsusi nümayəndə Toşihiro Aiki ilə görüşdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin mühüm uğurlarla qeyd edildiyi, ötən dövrdə qarşılıqlı rəsmi səfərlərin artdığı, iqtisadi əməkdaşlığın genişləndiyi xüsusi vurğulanıb. Yaponiya XİN-in iki ölkənin regionları arasında əməkdaşlıq əlaqələrinin inkişafını dəstəklədiyi və bu istiqamətdə lazım olan köməyi göstərməyə hazır olduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələrin inkişafı iki dost ölkəni bir-birinə daha da yaxınlaşdıraraq, xalqlarımız arasında dostluğu daha da möhkəmləndirəcək.
İşikava prefekturasının Komatsu şəhərinə səfər zamanı nümayəndə heyətinin üzvləri şəhərin meri Şinci Vada və şəhər şurasının sədri Toşikazu Umeda ilə görüşərək qarşılıqlı əməkdaşlığın gələcək inkişafı məsələlərini müzakirə ediblər, şəhərin sənaye, təhsil və mədəniyyət obyektləri ilə tanış olublar. Bu yaxınlarda Azərbaycana və həmçinin Xətai rayonuna səfərin xoş təəssüratlarından hələ də ayrılmadığını vurğulayan Ş.Vada göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Komatsu şəhəri Xətai rayonu ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişafında maraqlıdır və bu əlaqələrin dostluq münasibətlərinə çevrilməsini alqışlayır.
Əsasən tikinti sektoru üçün texnikanın istehsal edildiyi “Komatsu Ltd” şirkətində nümayəndə heyətinə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verilib. Şirkətin məhsulları barədə təqdimat keçirilib. Yalnız Yaponiyada deyil, dünyanın bir çox ölkələrində də zavodları olan şirkətin məhsullarının bütün dünyada geniş tətbiq edildiyi xüsusi vurğulanıb.
Nümayəndə heyətinin üzvləri Komatsu Universitetində, “Komatsu hills” Elm Mərkəzində, Mədəniyyət mərkəzində, “Hikiyama” qalereyasında və “Hiyo” mamır bağında da olublar. Komatsu Universiteti ilə tanışlıq zamanı bu ali təhsil ocağının Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələri qurduğu, gələn ildən başlayaraq müəllim və tələbə mübadiləsinin həyata keçiriləcəyi bildirilib.
Qədim tarixə malik “Hiyo” mamır bağının insanla təbiətin canlı vəhdətini qoruyan mühüm obyekt kimi xüsusi əhəmiyyət kəsb etdiyi, Yaponiya Ətraf Mühit Nazirliyi və BMT Universiteti tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, yaponların həm də “Müdriklik bağı” adlandırdığı bu ərazi turistlər arasında xüsusi populyarlığı ilə seçilir və onlar uzun məsafə qət edərək bu bağı ziyarətə gəlirlər.
Komatsu şəhərində keçirilən görüşlər zamanı buradakı müəssislərlə Xətai rayonu arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Nümayəndə heyətinin Setaqaya şəhərinin meri Nobuto Hosaka ilə görüşü zamanı ötən ilin dekabrında qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı aparılan müzakirələr xatırlanıb, gələcək fəaliyyət barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Setaqaya şəhəri və Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğatın aparılması davam etdirilməlidir və bu məqsədlə Setaqaya şəhərinin meri Azərbaycana səfərə dəvət olunub.
“Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosuqi ilə keçirilən görüşdə şirkətin rəhbəri bundan sonra da iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafı istiqamətində səylərini artıracağını, növbəti birgə layihələrdə iştirak etməyə hazır olduğunu vurğulayıb.
“Cross Border Club” şirkətinin baş meneceri Kazuyasu İşida ilə görüşdə isə yapon iş adamı Bakıda təşkil edilən “Japan Expo-2017” sərgisi zamanı yapon biznesmenlər tərəfindən Xətai rayonunun da ziyarət olunduğunu xatırladıb. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən K.İşida Yaponiyada Azərbaycanın təşviqi istiqamətində fəaliyyətini bundan sonra daha da genişləndirəcəyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Yaponiyadakı səfirliyində keçirilən görüş zamanı səfir Gürsel İsmayılzadə Yaponiya ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirib.
Söhbət zamanı Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağının artdığı, respublikamıza səfərə gedən turistlərin sayının çoxaldığı qeyd edilib, səfirliyin fəaliyyəti barədə məlumat verilib.
Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov Yaponiyadakı səfərin təşkilində göstərilən köməyə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, nümayəndə heyətinin Yaponiyaya səfəri səmərəli olub, regionlararası əməkdaşlığı gücləndirmək vəzifəsi uğurla icra edilib.
Nümayəndə heyətinin üzvləri səfirliyin əməkdaşlarına bu gündoğar ölkədəki fəaliyyətlərində uğurlar arzulayıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info