Xəyanəti peşəyə çevirənlər
Tarix: 11.12.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Azərbaycanla Rusiya arasında bütün sahələrdəki əlaqələr son illərdə daha da möhkəmlənərək dostluğa, mehriban qonşuluğa əsaslanır. Bu gün əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Tərəflər arasındakı münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər çox geniş spektri əhatə edir. Azərbaycan və Rusiya prezidentlərinin son illərdəki rəsmi və işgüzar səfərləri isə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Ən əsası isə hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.Bir məqamı xüsusi olaraq qeyd edək ki, Azərbaycan daim öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkələrinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Hətta Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar da keçiriblər. İctimai fikrin formalaşmasında böyük rol oynayan KİV-lər və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş xalqların əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkiniblər, qonşu ölkənin maraqları burada da qorunub.
Lakin Rusiya və Azərbaycan, eləcə də iki ölkənin rəhbərliyi arasında yaranmış qarşılıqlı anlaşma mühitinə kölgə salan şəxslərin mövcud olması da sirr deyil. Belə şəxslərə Rusiyanın bəzi çevrələrində, onların təsirində olan KİV-lərdə və vətəndaş cəmiyyəti təsisatlarında rast gəlmək mümkündür . Çünki erməni amili burada da daim öz mənfur işini görür, onlara xidmət edən şəxslər nəinki Azərbaycana zərbə vurmağa çalışır, hətta iki ölkə arasında olan münasibətləri korlamağa cəhd edirlər. Belə ki, Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, bəzi Rusiya mediası və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin antiazərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir.
Buna misal olaraq bir müddət əvvəl, Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə dövlətimizə, o cümlədən mənsub olduqları bölgəyə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərindən istifadə edilərək telekanal və mərkəzlər açılmasını göstərmək olar. Amma bu hiyləgər gediş uğursuzluğa düçar oldu. Çünki bu məkrli addım Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın ciddi qınağı ilə qarşılaşdı. Bu səbəbdən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvaya köçürməyə nail oldular.
Xatırladaq ki, bu fəaliyyətlərdə adı keçən F.Aboszadə 1981-95-ci illərdə ADU-da müəllim işləyib. Əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyer sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnmişdi. “Politologiya” dərsliyi adıyla AXC-ni və onun sədrini öyən kitab yazması da “lazımınca” qiymətləndirilmədi.F.Aboszadənin mənsub olduğu bölgəni regional-separatçılıq avantürasına çəkmək cəhdi isə elə bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğradı. Görünür, bu uğursuzluğunu həzm edə bilməyən Aboszadə açıq müstəvidə Vətəninə qarşı mübarizəyə başladı. O, bundan sonra Rusiyaya sığınaraq erməni xüsusi xidmət orqanlarının və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyətə başladı. Aboszadə bu fəaliyyətində tək deyil. Belə ki, Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda “fəaliyyəti”ni Yerevandan Moskvaya köçürüb və təxribat planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda “Bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış etmişdi.Doğma Vətəninə xəyanət edən belələrinin haradan və necə dəstək almalarını gizlətmək mümkün deyil. Artıq xəyanət onlar üçün peşəyə çevrilib.
Bir maraqlı məqamı da qeyd edək ki, Azərbaycan üçün önəmli tarixin yazıldığı vaxtda-dördgünlük Aprel döyüşləri zamanı Z. Məhərrəmov hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışır, onların, az qala, "Bakıya çatacaqlarını" vurğulayırdı. Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirdiyini və geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra isə Z. Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişib, "məzlum ermənilər" barədə sürəkli "reportaj"lar hazırlayaraq yaymağa başlamışdı. Ümumiyyətlə, bu şəxsin erməni sevdalısı olmasını gizlətməməsi onun məqsədinin nələrdən ibarət olmasından xəbər verir: var gücü ilə fəaliyyət göstərib Azərbaycana zərbə vurmaq... O da qeyd olunmalıdır ki, Z. Məhərrəmovun açdığı “telekanal”ın aparıcılarının erməni əsilli olması haqda mediada araşdırmalar dərc olunub. “Telekanal”ın azərbaycanlı dindarlar üçün həssas məqam olan Məhərrəmlik mərasimlərindən danışan xanım aparıcısının erməni olması faktı üzə çıxdı. Başqa bir aparıcının, "Cahangir Şıxızadə" adlı şəxsin də, əslində, erməni Sargis Asatryan olması araşdırmalarda qeyd edilir.
Bütün bunlara rəğmən, Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Məsələləri dərindən analiz etdikdə görürük ki, belə xarakterli fəaliyyət göstərənlər bununla yalnız Azərbaycana deyil, Rusiyanın da mənafelərinə xəyanət edirlər. Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyətli bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, bu günə qədər iki ölkənin münasibətlərinin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq ermənilər və bəzi çevrələr tərəfindən himayə olunan şəxslərin fəaliyyətləri, cəhdlərinin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. Azərbaycan və Rusiya prezidentlərinin sonuncu görüşü də göstərdi ki, heç bir qüvvə iki ölkə arasındakı münasibətlərə kölgə salmaq iqtidarında deyil.
Qısası, belə təhlükəli və aqressiv insanların Rusiyada rahat şəkildə fəaliyyət göstərməsi Rusiyanın öz maraqlarına da ziddir və nəinki Azərbaycan üçün, elə rəsmi Moskva üçün də müsbət heç nə vəd eləmir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
19.11.2018
“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info