Yeni xalça istehsalı müəssisələrində minlərlə iş yeri açılacaq (Yenilənib)
Tarix: 12.12.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq”

Ölkədə qeyri-neft sektorunun inkişafı ixracın artması üçün əsas yaradır. Bu istiqamətdə mühüm vasitələrdən biri kimi vaxtilə daha geniş yayılmış sahələrin bərpası, yeni layihələrin həyata keçirilməsi vacibdir. Qeyri-neft ixracında mühüm rol oynayacaq məhsullarımızdan biri Azərbaycan xalçalarıdır. Bu gün ölkədə xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlət başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkilidir. ASC-nin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi - Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın ölkə başçısının iştirakı ilə istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının tikintisi davam etdirilir.
Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirakı zamanı ölkə başçısı bildirib ki, Azərbaycanın qədim xalçaçılıq sənəti var: “Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur. Bu da bizim milli sərvətimizdir. Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Yəni Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olub. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Biz “Azərxalça”nı bu yaxınlarda yaratmışıq. Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Eyni zamanda yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək”. Xalçaçılığın bizim milli sərvətimiz olduğunu deyən ölkə başçısı qeyd edib ki, ölkəmizin dünyada təbliği işində xalçaçılıq, bəlkə də ən öndə gedən sənətlərdən biridir: “Eyni zamanda xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə sənayenin, kənd təsərrüfatının, eyni zamanda xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq. Biz, eyni zamanda Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq”.
Qeyd edək ki, bu gün dünyada xalçaçılıq sektoru geniş yayılıb və bu məhsullardan ölkələr yüksək gəlir əldə edirlər. Dünyada xalça ticarəti, əllə və maşın vasitəsilə toxunan xalçalar olmaqla, istehsal üsulları, maliyyə, istehlakçı seçimi, istifadə məqsədi, bazar strukturu və sərmayə ilə bağlı olaraq iki əsas qrupa ayrılır.
Dünyada maşın vasitəsilə toxunan xalçaların idxalı 2010-cu ildə dünya iqtisadi məlumatlarına əsasən irəliləyiş əldə edib və 2014-cü ildə əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 13,4 milyard dollar olub. ABŞ, İngiltərə, Almaniya, Kanada və Yaponiya, dünya maşın istehsalı olan xalçaların idxalında qabaqcıl ölkələr arasındadır. Əslində, dünya maşın istehsalı olan xalçaların idxalının təxminən 40% -i 5 ölkəyə məxsusdur. Dünyada maşın istehsalı olan xalça ixrac edən aparıcı ölkələr isə Çin, Türkiyə, Belçika, Hindistan və Hollandiyadır. Çin təkcə bazarın 17,7% -ni təşkil edir. Türkiyə isə Çindən sonra bazarda 15,2 faiz ilə ikinci sıradadır.
Dünyanın əllə toxunan xalça və kilimləri Hindistan, Çin, İran, Pakistan, Türkiyə, Nepal və Tibet tərəfindən istehsal və ixrac olunur. Dünyanın əllə toxunan xalça və kilim bazarı, əsasən, İran, Çin və Pakistan istehsalçıları və ixracatçılarının nəzarəti altındadır.
Dünyadakı əllə toxunan xalça markalarının idxalı 2009-cu il qlobal böhranına görə əhəmiyyətli dərəcədə azalsa da, sonrakı illərdə bərpa edilib. Dünya idxal sektoru 2014-cü ildə 6,8 faiz artaraq 1,49 milyard dollara çatıb. 2014-cü ildə ən böyük idxalçı ölkə ABŞ olub ki, dünya idxalının 30,6 faizini təşkil edir. Bu ölkəni 10,3 faizlə Birləşmiş Ərəb Əmirliyi və 8,9 faizlə Almaniya təqib edib. 2014-cü ildən etibarən dünya əllə toxunan xalça ixracının 21,5 faizini Hindistan, 18,8 faizini Misir, 17,48 faizini İran, 6,4 faizini Türkiyə və 6,1 faizini Çin reallaşdırıb. Adıçəkilən beş ölkə dünya əllə toxunan xalça ixracatının 70,3 faizini həyata keçirir.

Xalçalarımız ABŞ və Almaniyada alıcılara təqdim olunacaq

“Azərxalça” ASC-nin Şəmkir və Horadiz filiallarında toxunan xalçalar ABŞ və Almaniyada keçirilən beynəlxalq satış sərgilərində alıcılara təqdim olunacaq.
Bu barədə “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, satış sərgiləri 2018-ci ilin yanvar ayında təşkil ediləcək. Vidadi Muradov bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan ASC-nin Quba filialında toxunan xalçaların da həmin sərgilərdə satışı təşkil oluna bilər. Gələn ilin yanvar-fevral aylarında Quba filialının ilk məhsulu hazır olacaq. Beynəlxalq satış sərgilərinin təşkilinə kimi hazır olacaq xalçalar satışa çıxarıla bilər.
“Azərxalça” ASC yaranan vaxtdan biz xalçalarımızın tanıdılması və satışı istiqamətində iş aparmışıq. Məhsullarımız satış salonlarında, sərgilərdə nümayiş etdirilib. Artıq brendə çevrilmiş Azərbaycan xalçalarına xarici ölkələrdə tələbat var”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Vidadi Muradovun sözlərinə görə, bu ilin sonuna kimi “Azərxalça” ASC-nin daha 7 filialının açılışı nəzərdə tutulub. Bununla da fəaliyyətə başlayan xalça istehsalı müəssisələrinin sayı 10-a çatacaq. 2018-ci ildə isə Prezident İlham Əliyevin tapşırığına əsasən daha 10 filialın əsası qoyulacaq. Bu xalça istehsalı müəssisələrinin fəaliyyətə başlaması ilə 3 min nəfər işlə təmin olunacaq.
Bu ilin sonuna kimi Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin əyirici boyaq fabrikinin tikintisinə başlanılacaq. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarında istehsal olunan yun regional tədarük məntəqələri vasitəsilə qəbul ediləcək. Bu məntəqələr Bərdə, Şabran, Şamaxı, Sabirabad və Naxçıvanda yaradılacaq.
“Belə bir müəssisənin yaradılması Azərbaycanın yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək. Bunun üçün ölkəmizdə münbit şərait də var. Respublikamız həm yun, həm də təbii boyaq maddələrinin hazırlanması üçün kifayət qədər zəngin təbii ehtiyatlara malikdir”, - deyə Vidadi Muradov qeyd edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info