Putin növbəti müddətə namizədliyini özü irəli sürəcək
Tarix: 15.12.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putinin növbəti müddətə namizədliyi “Vahid Rusiya” partiyası tərəfindən irəli sürülməyəcək. Dövlət başçısı seçkilərdə müstəqil namizəd kimi iştirak etmək qərarına gəlib. Putin bu qərarını illik böyük mətbuat konfransında bəyan edib. Namizədliyin forması barədə “Kommersant” qəzetinin müxbirinin sualını cavablandıran Rusiya Prezidenti deyib ki, namizədliyini özü irəli sürəcək. “Mən, əlbəttə, ölkənin inkişafında mənim baxışlarımı bölüşən, mənə inanan siyasi qüvvələrin dəstəyinə çox güvənirəm, ümumilikdə isə vətəndaşların geniş dəstəyinə güvənirəm”, - deyə Vladimir Putin əlavə edib. RF prezidenti mətbuat konfransının əvvəlində bildirib ki, onun seçkiqabağı proqramı, demək olar, yazılıb, amma indi onu açıqlamağın vaxtı deyil. Putin mətbuat konfransında müxtəlif suallara cavab verib. O, deyib ki, ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır: “Biz, orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır”. Putin Rusiyanın analoji addım atmaq niyyətində olmadığını qeyd edib.

“Tramp Rusiya ilə bağlı seçkiöncəsi vədlərini yerinə yetirə bilmir”
Vladimir Putin deyib ki, Trampa amerikalılar qiymət verməlidir. “Həm də investorlar ABŞ-a etibar edirlər, bu isə vacib göstəricidir”, - deyə o vurğulayıb. Putin ümidvar olduğunu bildirib ki, Trampın hələ də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyəti qalır. O qeyd edib ki, Ağ Evin rəhbəri Moskva ilə əməkdaşlıq etmək istəyib və bunu seçkiöncəsi kampaniyası zamanı dəfələrlə bəyan edib. Bununla yanaşı, Rusiya prezidenti deyib ki, Tramp seçkiöncəsi vədlərini, o cümlədən Rusiya ilə bağlı vədlərini yerinə yetirə bilmir. Onun sözlərinə görə, buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir. Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsinə gəldikdə isə Putin bu məsələnin uydurulduğunu bildirib: “Bəyəm, istənilən təmasları qadağan etmək lazımdır? Hər şeydən “xəfiyyəlik” yaratmaq olmaz”. “Russian Today” telekanalı və “Sputnik” agentliyi ilə bağlı yaranmış vəziyyətə gəldikdə isə Rusiya prezidenti bildirib ki, sözügedən media qurumları Vaşinqton üçün təhlükəli görünür: “ABŞ KİV-nin böyük həcmdə reklamları olsa da, məhdudiyyətlər Rusiya KİV-nə tətbiq olunur”. Putin ölkəsinin ABŞ-la əməkdaşlıq edə biləcəyi istiqaməti açıqlayıb. O, deyib ki, Rusiya Əfqanıstan ərazisindən gələn təhlükələrin qarşının alınmasında ABŞ-la əməkdaşlıq edə bilər. Bura narkotik qaçaqmalçılığı və beynəlxalq terrorizm daxildir. Putin deyib ki, beynəlxalq səylər Suriyanın bərpasına yönəldilməlidir". O qeyd edib ki, Rusiya suriyalı qaçqınların problemini “ümumi səylər” çərçivəsində həll etməyə hazırdır. Putin həmçinin Suriyaya səfərindən danışıb. Konkret olaraq bildirib ki, Rusiya hərbi təyyarələri prezidentin olduğu təyyarədən bir qədər aşağı uçublar. Məqsəd təyyarənin istilik izini gizlətmək olub.

“Gəlin bu məsələni Yeni il qabağı həll edək”
Ukrayna ilə bağlı danəşan Putin deyib ki, Donbasda Rusiya ordusu yoxdur: “Orada regiona istənilən irimiqyaslı müdaxiləni dəf etməyə hazır olan milis birləşmələri var". Putin Donbasdakı vəziyyəti Serebrenitsa ilə müqayisə edib: "Milis birləşmələrinin müqaviməti olmasa, Ukrayna ordusu Bosniyanın Serebrenitsa şəhərində olduğu kimi, Donbasda qətliamlar törədər". Donbas münaqişəsində əsir düşənlərin dəyişdirilməsi məsələsinə toxunan Rusiya lideri qeyd edib ki, bu proses Ukrayna tərəfinin siyahını dəyişdirməsi səbəbindən baş tutmayıb: "Heç olmasa, gəlin bu məsələni Yeni il qabağı həll edək". Putin rəsmi Kiyevi vasitəçilərsiz danışıqlar aparmağa çağırıb: "Kiyev Donbasla birbaşa danışmalıdır. Təəssüf ki, Kiyev birbaşa təmaslardan qaçır. Belə məsələlər vasitəçilərlə həll olunmur". Rusiya prezidenti Saakaşvili ilə bağlı yaranmış vəziyyəti ukraynalıların üzündə tüpürcək adlandırıb: “Saakaşvilinin etdikləri gürcü və Ukrayna xalqlarının üzündə tüpürcəkdir. Buna necə dözürsünüz? Bəyəm, Ukraynada əsl ukraynalılar yoxdur? Bunu seyr etmək ağırdır, ürəyim ağrıyır”.

“Liviya və İraq məsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür”
Putin Rusiyanın Şimali Koreyanı nüvə dövləti kimi tanımayacağını deyib. Putin “Associated Press”in müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandırarkən deyib ki, Pxenyanı silah sazişindən çıxmağa Qərb vadar edib: “Liviya və İraq məsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür və müdafiə olunur. ABŞ təlim keçirməyəcəyini vəd etsə də, sözünün üstündə durmayıb. Bundan sonra Pxenyan raketlərin sınağını keçirib”. Putin onu da qeyd edib ki, ABŞ hakimiyyəti Rusiya, Şimali Koreya və İranı eyni sırada görür, eyni zamanda Moskvadan Pxenyan və Tehranla bağlı problemlərin həllini tələb edir: “Ümumiyyətlə, siz, normal insanlarsınız?”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info