Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyevi Cəmiyyətin ali mükafatı ilə təltif edib.
Bu barədə Azərbaycanın Özbəkistandakı Səfirliyinə göndərilən məktubda qeyd olunub.
Dostluq Cəmiyyətinin rəhbəri Səfir Hüseyn Quliyevin diplomatiya sahəsində bacarıqlı fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, birgə mühüm mədəni, humanitar və ədəbi sahədə tədbirlərin keçirilməsi, çoxsaylı layihələrin icrasını təqdirəlayiq hesab edərək onu təşkilatın Fəxri Fərmanına layiq görüb. Sənəddə qeyd olunub ki, son zamanlar iki ölkə arasında çoxsaylı uğurlara və inkişafa nail olunub.
Cəmiyyətin sədri məktubda Azərbaycan xalqını qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi və yeni il bayramı münasibəti ilə təbrik edib, ölkəmizə sülh, əmin amanlıq arzulayıb.
O, gələcəkdə birgə fəaliyyət nəticəsində həm Azərbaycan, həm də Özbəkistan üçün yeni-yeni nəaliyyətlərin əldə olunacağına inamını bildirib.
Qeyd edək ki, Fəxri Fərman Daşkənddə dünya azərbaycanlılarının həmrəyliyi və yeni il bayramı münasibəti ilə cari ilin sonunda keçiriləcək tədbirdə Azərbaycan Səfiri Hüseyn Quliyevə təqdim ediləcəkdir.
Tural
|