“Sahil“də eskalatorlar yeniləri ilə əvəz edilir
Tarix: 20.12.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir. Yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq. 
 
QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, 50 il əvvəl istismara verilmiş Bakı metropoliteninin ilk 5 stansiyasından biri olan "Sahil"də indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Bundan savayı, açıldığı gündən istifadə olunan "LT-3" tipli eskalatorlar istismar müddətini artıq başa vurub. 
 
Ümumiyyətlə, uzunmüddətli istismar şəraitində və ağır hidrogeoloji şəraitin təsirilə sıradan çıxmış, deformasiyaya uğramış, həm də köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturun təmir-bərpa və yenidənqurulması günün qaçılmaz tələbinə çevrilib. Stansiyanın vəziyyətini öyrənmək və təmir həcmini müəyyən etmək məqsədilə müvafiq komissiya yaradılaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının, o cümlədən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə müvafiq qiymətləndirmə işləri aparılıb.
 
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların əsaslı təmiri və avadanlıqların müasir analoqları ilə əvəzlənməsi tələblərinə uyğun olaraq yenidən qurulması nəzərdə tutulub. 
 
Təcrübə də göstərir ki, eskalatorların dəyişdirilməsi, xüsusən dərin özüllü stansiyalarda onların əvəzlənməsinə xeyli vaxt tələb olunur. "Sahil" stansiyasında təmirin ilk işləri sırasında eskalatorların maili gedişinin üzərindəki tunel geyiminin çətiri, qaynaq üsulu ilə olmaqla metal profilləri və korroziyaya uğramış bərkidici elementləri sökülüb, axıntılar ləğv edilib, tunel geyimi korroziyadan təmizlənməklə müasir korroziya əleyhinə boyaqla rənglənib və yeni örtüyün metal-konstruksiyası quraşdırılır.
 
Stansiyanın yenidənqurma işlərinə məsul şəxslər təyin edilmiş - tikinti departamentinin rəis müavini Rauf İsmayılov və tunel qurğuları xidmətinin rəis müavini Natiq Mustafayev qeyd edirlər ki, köhnə tipli eskalatorlar söküldükdən sonra yeni avadanlığın quraşdırılacağı sahə müvafiq tələblərə uyğunlaşdırılıb. Quraşdırmaya hazırlığın ən ağır işləri çərçivəsində köhnə avadanlığın irihəcmli dəmir-beton özülünün, eskalatoraltı pillələrin və digər konstruksiyaların sökülərək daşınması, maşın zalının yeni quraşdırılacaq avadanlıqlara uyğunlaşdırılması tədbirləri başa çatdırılıb: "Bu, heç də asan iş deyildi. Təsəvvür edin ki, təkcə köhnə avadanlığın maşın zalındakı beton təməlinin çəkisi 8 tondan artıqdır. Metro tikintisində istifadə olunan betonun da ən yüksək standartlara cavab verilməsini nəzərə alaraq, onun dağıdılması, daşınması xüsusi planlı iş tələb edirdi. Ən müasir üsullardan birini tətbiq etməklə, həmin təbəqə 8 hissəyə parçalanaraq çıxarılıb. Bundan savayı, texniki tələblərə uyğun olaraq, yeni eskalatorların quraşdırma səviyyəsi 30 sm aşağı endirilib", - deyən Rauf İsmayılov bildirir ki, həmin işlərə paralel qaydada eskalatorların maşın zalında ən məsuliyyətli və xüsusi diqqət tələb edən işlərdən biri uzunmüddətli istismar zamanı korroziyaya uğramış və dayanıqlığını itirmiş bir sıra konstruksiyalar möhkəmləndirilib. "Bakı Metropoliteni" QSC-nin nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" institutunun layihəsi əsasında maili gediş boyunca eskalatorların yeni dayaqları quraşdırılır. Hazırda yeni eskalatorların yerləşdirilməsi məqsədilə irihəcmli metal konstruksiya işləri tamamlanmaq üzrədir. 
 
Yeri gəlmişkən, yeniləşdirilən stansiyanın ilk diqqətçəkən böyük dəyişikliyi eskalatorlarla bağlı olacaq. Yalnız bir çıxışı olan, həm də sərnişinlərin sıx istifadə etdiyi bu stansiyada tətbiq edilən mühüm yenilik sökülmüş 3 eskalatorun əvəzinə "Viktoriya" tipli 4 yeni avadanlığın quraşdırılmasıdır. Lakin 4 eskalatorun quraşdırıldığı "28 May" stansiyası ilə müqayisədə, onların buradakı analoqları bir çox üstünlükləri ilə fərqlənəcək. Sərnişinlərin daima əyani müşahidə edəcəyi əsas yenilik hər bir avadanlığın eninin bir metr olmasıdır və bu, stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək.
 
Eskalatorların dəyişdirilməsi ilə yanaşı, stansiyada görülən digər təmir-bərpa işləri də əhəmiyyətinə görə bundan geri qalmır.
 
Yenidənqurma işlərinə məsul şəxslərdən olan tunel qurğuları xidmətinin rəis müavini Natiq Mustafayev qeyd edir ki, təmirin ilk dövrlərindən platforma səviyyəsində yerləşən orta zal və stansiya yollarında, həmçinin platformaaltı sahədə irihəcmli tədbirlər görülüb: "Coğrafi və hidrogeoloji şəraiti nəzərə alsaq, görüləsi işlərin çox olacağı əvvəldən aydın görünürdü. Əslində, bu tədbirlər qaçılmaz idi. Doğrudur, təbii hava axınının gur olduğu vestibülə yaxın sahələrdə korroziya təsirləri gözlənilən həddədir. Lakin uzunmüddətli istismar dövründə platforma səviyyəsi, stansiya yoluna keçid və digər yeraltı sahələrdə hidrogeoloji təsirlər özünü daha kəskin büruzə verib və əsaslı yeniləşmə tələb edir".
 
Platformaaltı sahə tamamilə yenidən qurularaq, divarlarda da yararsız hala düşmüş hissələr sökülüb, yeni sütunlar qoyulub, daşıycı divar boyunca yeni rigellər düzülüb, dəmir-beton konstruksiyadan yeni karkas yığılıb və betonlanıb. Yerli və çirkab suvurma qurğularının yerləşdiyi sahələrdə əsaslı yeniləşmə işləri başa çatmaq üzrədir, kabel kollektorunda suvaq işlərinə başlanılıb.
 
Stansiyanın orta zalında tağtavanın konstruksiya elementləri sökülüb, korroziya əleyhinə tədbirlər görülərək, yeni örtüyün quraşdırılmasına hazırlıq başlanıb. Orta zalda kip qapıların təmiri başa çatdırılıb. Zalın sonunda yerləşən istismara yararsız hala düşmüş yardımçı otaqlar və sanitar qovşaqlar sökülərək yenidən inşa olunur.
 
Rauf İsmayılov bildirir ki, orta zalda da əhəmiyyətli yeniliklər edilib: "Divarlarda mərmər-qranit örtüyün söküntüsü başa çatdıqdan sonra, pilonların metal köynəyinin, kollektor səviyyəsindən başlamaqla, gücləndirilməsinə böyük ehtiyac yaranmışdı. Hətta bəzi yerlərdə tam yararsız hala düşmüş konstruksiyalar qaynaq edilərək yenilənib. Bundan əlavə, pilonların davamlığını artırmaq məqsədilə yeni metal köynəklə örtülüb, korroziya əleyhinə tədbirlər görülərək, boyanıb. Pilonlararası keçidlərdə döşəmə örtüyünün tavasının dəyişdirilməsinə başlanılıb".
 
Stansiya yollarında plaftorma döşəməsinin qranit üzlüyü ilə yanaşı, alt tavasının da dəyişdirilməsinə zərurət yarandığından, sökülərək büsbütün yenilənir. Bu işlər ikinci yolda başa çatıb və birinci yolda tamamlanmaq üzrədir. İkinci stansiya yolunda plaftorma boyunca yararsız vəziyyətə düşmüş metal konstruksiyalar yenilənib, korroziyadan təmizlənmə işləri aparılmaqla müvafiq boya ilə rənglənib, həmçinin gücləndirmə məqsədilə metal torlar qurularaq, betonlanıb və suvaq işlərinin başlanmasına meydan açılıb. Yol divarlarında da örtük sökülərək, gücləndirilib və korroziya tədbirləri görülməklə boyanır. Burada da ikinci yolda artıq üzlüyün vurulması məqsədilə metal konstruksiyanın quraşdırılmasına başlanılıb. Stansiya yolunda yerləşən xidməti otaqlar quraşdırılacaq yeni avadanlığın tələblərinə uyğun, həmçinin iş şəraitinin ən yüksək standartlara cavab verməsi məqsədilə yenidən inşa olunaraq genişləndirilir.
 
Yenidənqurma işləri çərçivəsində tunel şaxtalarında da müvafiq tədbirlər görüləcək. 44 saylı əsas suvurma qurğuları sahəsində dəmir-metal konstruksiyalar çürüdüyündən aqressiv suların təsiri altında yararsız hala gəlmiş döşəmə tavası sökülərək, onun da yenidən qurulmasına başlanılıb. Bu işlər stansiya tunellərinin digər xidmət sahələrində də aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info