Rusiya səfirinin qətlinin arxasındakı müəmmalar
Tarix: 21.12.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“FETÖ” üzvü olan Mərt Altıntaşın “gmail” hesabındakı bəzi yazışmalar qətldən 2,5 saat sonra silinib
Ankarada ötən il dekabrın 19-da qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun anım tədbiri keçirilib.
Mərasimdə Rusiya səfirliyinin əməkdaşları, Türkiyə hökumətinin, diplomatik korpusun, iki ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İki ölkənin Dövlət himni ifa edilib, diplomatın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Andrey Karlovun büstü qarşısına gül dəstələri və çələnglər düzüblər, mərhumun iki ölkə münasibətlərinin inkişaf etdirilməsində böyük töfhə verdiyini qeyd ediblər. Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən il dekabrın 19-da Ankarada polis əməkdaşı Mövlud Altıntaş tərəfindən qətlə yetirilib. Qatil polis tərəfindən məhv edilib. Andrey Karlov ölümündən sonra Rusiyanın Milli Qəhrəmanı adına layiq görülüb. Qeyd edək ki, həmin hadisənin üstündən bir il keçəndən sonra bəzi maraqlı detallar ortaya çıxıb. Əvvəlcə onu qeyd edək ki, Rusiyadan olan böyük nümayəndə heyəti son iki gün ərzində Ankarada bir sıra görüşlər keçirib, aparılan istintaqın detalları ilə tanış olublar. Ankara Prokurorluğu Rusiya nümayəndə heyətinə istintaqın detalları ilə bağlı bəzi məlumatlar təqdim edib. Həmin məlumatlara əsasən səfirin qətlinin “FETÖ” terror təşkilatı tərəfindən təşkil edildiyi aydın olur. “Sabah” nəşri yazır ki, görüşlərdən sonra ruslarda da səfirin Fətulla Gülənin terror şəbəkəsi tərəfindən təşkil edilməsi ilə bağlı aydın fikir yaranıb. Türkiyə mətbuatı istintaqla bağlı bəzi maraqlı məlumatlar əldə edib. Həmin məlumatlara görə, səfiri qətlə yetirən “FETÖ” üzvü olan polis Mərt Altıntaşın “gmail” hesabındakı bəzi yazışmalar silinib.

“ABŞ Federal Təhqiqatlar Bürosu “gmail” yazışmalarını bərpa edib türklərə verməyə və sosial media hesabındakı yazışmaları təqdim etməyə hazır olduğunu bildirib. Amma bir şərtlə - səfir Karlovun işi ilə bağlı aparılan istintaq çərçivəsində toplanan bütün elektron dəlillər onlara təqdim edilməlidir”

Rusiya xüsusi xidmət orqanları müəyyən edib ki, Altıntaşın kompüterində “Fətulla Gülən” başlıqlı 2, “Hizmət” başlıqlı 690, “FETÖ” başlıqlı 4, “Nur camaatı” başlıqlı 1 fayl silinib. Aparılan araşdırma nəticəsində müəyyənləşib ki, həmin yazışmalar səfirin qətlə yetirilməsindən 2,5 saat sonra silinib. Ankara Prokurorluğu silinmiş yazışmaların bərpası üçün mərkəzi ABŞ-da olan “ Google”-a müraciət edib. Amma “Google” bildirib ki, yazışmalar elə formada silinib ki, onları bərpa etmək mümkün deyil. Bundan sonra ABŞ Federal Təhqiqatlar Bürosundan yardım istənilib. FTB-nin Ankara nümayəndəsi ilə görüşən müstəntiqlər ondan Altıntaşın “gmail” yazışmalarının bərpası və sosial media hesablarının geri dönüş şəklində araşdırılmasına yardım edilməsini tələb ediblər. FTB həmin silinən məlumatları bərpa edib türklərə verməyə və sosial media hesabındakı yazışmaları təqdim etməyə hazır olduğunu bildirib. Amma bir şərtlə - səfir Karlovun işi ilə bağlı aparılan istintaq çərçivəsində toplanan bütün elektron dəlillər onlara təqdim edilməlidir.

Altıntaşın telefonunun şifrəsini sındırmaq mümkün olmayıb. Həm hərf, həm də rəqəmdən ibarət olan şifrəni sındırmaq üçün Hindistan şirkəti ilə razılıq əldə edilib

FTB bildirib ki, Altıntaşın “gmail” hesabına mart ayından etibarən məhkəmə tərəfindən qadağa qoyulub. Bu qadağanın götürülməsi və məlumatların bərpası və təqdim edilməsi mümkündür. Bunun üçün onların şərti yerinə yetirilməlidir. Prokurorluq amerikalıların bu tələbini rədd edib. Amma sonradan bəlli olub ki, FTB əməkdaşları həmin faktları Türkiyə Ədliyyə Nazirliyi və Polis İdarəsi vasitəsilə əldə etməyə çalışır. Bundan sonra prokurorluq müvafiq dövlət orqanlarına həmin istintaq məlumatlarının gizli olması ilə bağlı məlumat göndərib. Qeyd edilib ki, həmin məlumatlar heç bir halda başqa təşkilat və dövlətə verilə bilməz. Digər maraqlı məlumat səfiri qətlə yetirən polisin mobil telefonu ilə bağlıdır. “Sabah” qəzeti yazır ki, Altınaşın telefonunun şifrəsini sındırmaq mümkün olmayıb. Həm hərf, həm də rəqəmdən ibarət olan şifrəni sındırmaq üçün xarici tərəfdaşlarla danışıqlar aparılır. Türkiyə dövlət başçısı Ərdoğan, maliyyəsi nə olursa olsun, şifrənin sındırılması ilə bağlı təlimat verib. İsrail şirkətlərindən biri bunu edə biləcəyini açıqlayıb. Həmin İsrail şirkəti ilə bu məsələ müzakirə olunub. Amma bəlli olub ki, İsrail şirkəti bu işi Türkiyədə deyil, başqa bir ölkədə həyata keçirmək istəyir. Telefonun Türkiyədən çıxmasını istəməyən Ankara bu dəfə Hindistan şirkəti ilə danışıqlar aparıb. Hindlilər telefonu Türkiyədən çıxarmadan şifrəni sındıracaqlar. Telefona hər hansı bir şəkildə müdaxilə olmaması üçün xüsusi avadanlıqlar quraşdırılan məkan ayrılıb və hind şirkətinin mütəxəssisləri türk tərəfdaşları ilə birlikdə həmin məkanda şifrəni sındırmağa çalışacaqlar. Həm səfiri qətlə yetirən Altıntaş, həm də yazışdığı şəxslərin “FETÖ” üzvü və terror təşkilatının yaratdığı sistem olan “ByLock” istifadəçisi olduğu müəyyən edilib. Səfirin vurulduğu sərginin təşkilatçısı Timur Özkan yenidən həbs edilib. İstintaq səfirin qətlə yetirilməsinin “FETÖ” tərəfindən həyata keçirilməsinə heç bir şübhə yeri qalmadığı qənaətindədir. Məqsəd Türkiyə ilə Rusiya arasında münasibətləri pozmaq olub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info