“Opera səhnəsindəki ilk rolum mənim üçün bir imtahan idi”
Tarix: 21.05.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Xalq artisti Aygün Bayramova: “Çox xoşbəxt insanam ki, dövlət qayğısından kənarda qalmamışam”

“Müsahibim Azərbaycan opera səhnəsinin gözəl Leylilərindən biri, xanəndə, Respublikanın Xalq artisti Aygün Bayramovadır. Hər zaman muğam dünyamızda sənəti ilə xüsusi seçilən xanəndəmiz Azərbaycan mədəniyyətində ələlxüsus muğam dünyamızda böyük dəst-xətt qoyan sənətkarlarımızdan biridir. Aygün xanımla müsahibəni oxuculara təqdim edirik:
Aygün Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu korifey sənətkarımız Ş.Ələkbərovanın sinfi üzrə bitirib. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb. 1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları-"Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib. Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi ləyaqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanıb.
-Aygün xanım, müasir səhnəmizin gözəl Leyli obrazının yaradıcılarından birisiniz. Sənətinizin ən gözəl çağını yaşayırsınız. Oynadığınız Leyli obrazının xüsusiyyətini özünüzdə hiss etmisinizmi?
- Əvvəl onu qeyd edim ki, dövlət başçımızın hər zaman mənə qarşı diqqətini görmüşəm. 2003-cü ildə ümummilli liderimiz H.Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülmüşəm. 2005-ci ildə dahi bəstəkarımız Ü.Hacıbəyovun 120 illiyi ərəfəsində mən Xalq artisti fəxri adına layiq görüldüm. Əlbəttə ki, bu ada layiq görülmək mənim üçün çox xoş idi. Hər hansı bir sahədə çalışırsan, çalış, məsuliyyətli işin qiymətləndiriləndə, şübhəsiz, hər kəs bundan qürur duyur. Daha sonra 2006-cı ildən Prezident mükafatı alıram. İncəsənət xadimi olaraq bizim də borcumuz odur ki, muğamımızı həm Azərbaycanda, həm də dünyada layiqincə təmsil edək. Çox xoşbəxt bir insanam ki, dövlət qayğısından kənarda qalmamışam və hər zaman sənətimə qiymət verilib. Sualınıza cavab olaraq deyə bilərəm ki, artıq on bir ildir ki, Akademik Opera və Balet Teatrında çalışıram. Bu teatrda çalışmaq, əlbəttə ki, böyük bir şərəfdir. Mən burada çalışmaq üçün ilk əvvəllər dəvət alırdım. Lakin bu təklifləri qəbul edə bilmirdim. Yəqin ki, bu sənətimə qarşı məsuliyyətdən irəli gəlirdi. Çünki mən hər zaman çalışmışam ki, hər hansı bir mahnı ifa edəcəyəmsə, gərək yüksək səviyyədə ifa edim. Mənim sənət dostlarım da bu teatrda çalışmağım üçün təkid edirdilər. Ustadım Arif Babayev də mənə tələbə vaxtlarımdan dəfələrlə Opera teatrında çalışmağı tövsiyə edib. Mənim həm xarici görkəmim, həm də səs imkanlarımın bu obraza uyğun olduğunu müəllimim tez-tez vurğulayırdı. Nəhayət, 2002-ci ildə təklifi qəbul etdim və teatrımızın direktoru Akif Məlikov məni çox yüksək səviyyədə qarşıladı. Müəyyən müddət ərzində, uzun məşq prosesindən sonra mən 2002-ci il iyun ayının 9-da Leyli obrazında səhnəyə çıxdım. İlk tamaşadan hiss etdim ki, mənim oynadığım obraz hər kəsin və üstəlik ustadım Arif Babayevin də çox xoşuna gəldi və məni Leyli kimi qəbul etdilər. Teatrımızın baş rejissoru Hafiz müəllim mənə həmişə deyir ki, “Aygün xanım, gözəl xanəndəsiniz, gözəl ifaçısınız, amma ki opera səhnəsinə məşqə gələndə siz Aygün deyil, artıq Leylisiniz”. Bu sözləri mən artıq yaddaşıma həkk etmişəm və mənim üçün bir şüara çevrilib.
- Xanəndə və opera səhnəsi. Birinin missiyası ifa etmək, o birinin isə həm ifa etmək, həm də obraz yaratmaq. Bunların ikisinin bir məxrəcdə olması necə hissdir?
- Mən hər zaman demişəm ki, xanəndə kimi ifa etmək başqa, amma obraz yaratmaq tam başqa bir sahədir. Çünki sən burada həm aktrisa olmalısan, həm də oxumaqla bərabər, obraz yaratmalısan. Opera səhnəsi çox çətindir. Kim deyirsə, mən çıxıb Leylini oynayaram, Məcnunu oynaya bilərəm, düzgün ifadə deyil. Çünki səhnədə oynamaq deyil, yaratmaq lazımdır. Mənim opera səhnəsindəki ilk rolum mənim üçün bir imtahan idi. Çünki mən artıq Opera teatrına gələndə tanınmış xanəndə idim. Bu mənim üçün ikiqat məsuliyyət idi. On bir ildir ki, bu teatrda çalışıram, hər dəfə səhnəyə çıxanda düşünürəm ki, ilk dəfə səhnəyə çıxıram. Eyni məsuliyyəti üzərimdə daşıyıram. Bilirsiniz, dahi Üzeyir bəy bu əsəri elə yaradıb ki, qeyri-mümkündür ki, məsuliyyətsiz bu əsər üzərində çalışasan.
Tamaşalarımın əksəriyyətində tərəf-müqabilim görkəmli xanəndəmiz, deyərdim ki, səhnəmizin həqiqi Məcnunu Xalq artisti Mənsum İbrahimov olub. Mənsum müəllim Məcnun obrazını elə yaradır ki, sözlə ifadə etmək mümkün deyil, onu ancaq səhnədə görmək lazımdır. Teatra gəlişimdə də onun mənə böyük dəstəyi olub. Leyli və Məcnun obrazı çox çətindir. Əlbəttə ki, çox çalışmalısan ki, onun bəhrəsini görəsən.
-Müəlliminizin sizə öyrətdiyi muğamın sirlərini tələbələrinizə çatdıra bilirsinizmi?
- Mənim iki ustadım olub. Birinci ustadım 1985-ci ildə Asəf Zeynallı adına musiqi texnikumuna müsabiqə yolu ilə qəbul olanda böyük sənətkarımız Şövkət Ələkbərova olub. Həmin texnikumun axırıncı kursunda oxuyanda Muğam teatrı açıldı və Şövkət xanım mənə o teatrda çalışmağı məsləhət gördü. Teatra solist qəbul edən münsiflər mərhum sənətkarımız İslam Rzayev, görkəmli bəstəkarımız Ramiz Mirişli və hörmətli rejissorumuz Arif Qazıyev idi. Mən onlara “Şahnaz” muğamından kiçik parça ifa etdim və məni teatra qəbul etdilər. Təbii ki, mən musiqi təhsilimlə yanaşı, Muğam teatrında da çalışırdım. Musiqi texnikumunu bitirdikdən sonra mən Konservatoriyaya qəbul oldum. Burada da mənim ustadım professor Arif Babayev oldu. Beş il də burda dərs aldım. Artıq on ildən çoxdur, A.Zeynallı adına musiqi kollecində, yeddi ildən artıqdır ki, Milli Konservatoriyada dərs deyirəm. Mən müəllimlərimdən çox şey öyrənmişəm. Şübhəsiz, mən çalışıram ki, nə öyrənmişəm, nələri öyrədiblər, hamısını tələbələrimə öyrədim. Xanəndəlik sənəti çox çətin sənətdir. Hər ifaçı burada davam gətirə bilməz. Çox tələbə yoldaşlarım olub ki, musiqi sahəsində sənətini dəyişiblər. Estrada mügənniləridirlər. Xanəndə də muğam səsi olması vacibdir. Səsin bəmi olmalıdır, orta registri, zili olmalıdır ki, sən bütün muğamları onların şöbələrini tələbəyə keçə biləsən. Bəli mən çalışdığım qədər tələbələrimə muğamın sirlərini keçməyə çalışıram.
- Ustadınız Arif müəllim sizi istədiyi zirvədə görüb?
- Şövkət xanım 1993-cü ildə rəhmətə getdi. Allah Rəhmət eləsin! Çox təəssüf, mənim uğurlarımı görə bilmədi. Ancaq Arif müəllimə nəsib oldu. Allah can sağlığı versin! Əlbəttə ki, xoşbəxtəm ki, elə müəllimlərdən dərs almışam. Bu da hər adama qismət olmur. Bunlar elə sənətkarlardır ki, tarixdə qalan sənətkarlardır. Mən belə düşünürəm ki, Şövkət xanım da sağ olsaydı, belə deyərdi, Arif müəllimin özündən də soruşsanız, o da yəqin, deyərdi ki, “yanılmamışam”.
- Aygün xanım, bilirik ki, Qarabağ muğam məktəbinin nümayəndələri zilxan olurlar. Bəs siz necə, dərs məqamında tələbələrin səs diapazonunu diqqət mərkəzində saxlamağı üstün tutursunuzmu?
- Bu tələbənin səs diapazonundan asılıdır. Məsələn, bir tələbədə ola bilər ki, bütün səs imkanları mövcuddur. Səsinin diapazonu ilə bərabər, səsin məlahətliliyi də, gözəlliyi də var. Əlbəttə ki, bu Allah vergisidir. Bəzən tələbədə görmüşəm ki səs imkanları orta diapazona qədərdir, amma səsi çox şirindir. Çalışmışam, həmin tələbənin imkanlarını daha da genişləndirim. Belə tələbə də olur ki, səsi olub, lakin müəyyən yaş həddində səsi dəyişib, amma səs hələ bərpa olunmayıb. Sözün açığı, belə tələbələrlə çalışmaq çox çətindir.
-Aygün Bayramova gələcək sənət yolunda hansı işləri görmək istərdi?
- Sənətimdə hələ çox işlər görmək istəyirəm. Birinci növbədə bu sənətdə olmaq çox çətindir. Çünki hər kəs səni tanıyır, insanların sənin sənətinə, mədəniyyətinə, şəxsiyyətinə hörməti var. İstər Azərbaycanda, istər Azərbaycandan kənar harada olursan, ol, hər bir addımına diqqət yetirməlisən. Çünki biz sıradan biri deyilik. Mən hətta çalışıram ki, tələbələrin mühitində belə, davranışlarıma diqqət edim. Düşünürəm çalışmaq lazımdır ki, hər şey özlüyündə çox gözəl olsun...
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info