Bakıda regionun gələcəyi müzakirə olunub
Tarix: 25.12.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Bakıda “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İşadamları və Sənayeçilər Birliyi tərəfindən təşkil olunan “Regionun gələcəyi: geosiyasi çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium keçirilib. Böyük maraqla qarşılanan Beynəlxalq Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycandan çoxlu sayda tanınmış ekspert, telejurnalist və siyasətçi qatılıb. Azərbaycan dövlət rəsmiləri, millət vəkillərinin, diplomatik korpus nümayəndələrinin, eləcə də, Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganerin iştirak etdiyi simpoziumda regionda baş verən proseslər siyasi və iqtisadi cəhətdən şərh olunub. Beynəlxalq Simpoziumda açılış nitqi söyləyən “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər bu cür əhəmiyyətli bir tədbirin təşkilatçısı olmaqdan qürur duyduğunu bildirib: “Simpoziumu təşkil etməkdə məqsədimiz əslində budur: əgər regionun müqəddəratı həll olunacaq və bölgənin gələcəyinə dair hər hansı bir xəritə çəkiləcəksə, buna məhz region ölkələri qərar verməlidir. Buna görə də, hamımızı maraqlandıran məsələləri regionda söz sahibi olan ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməyə qərar verdik. Regionumuzun siyasi, iqtisadi və informasiya təhlükəsizliyini təmin etmək başqalarının yox, məhz bizim məsulliyyətimizdədir. Böyük iqtisadi layihələrin həyata keçirildiyi, önəmli stratejik mövqeyə malik olan regionumuzun əhəmiyyəti günü-gündən artır. Yaranmış bu vəziyyət bütün dünyada baş verən hadisələrə və bizi maraqlandıran məsələlərə qarşı daha sayıq olmağımızı tələb edir. Bir media nümayəndəsi olaraq cəmiyyətlərimiz arasındakı əlaqələrin düzgün idarə edilən mətbuatla daha da güclənəcəyinə inanıram.” Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da çıxışı zamanı regiona dair vacib məsələlərə və problemlərə diqqət çəkib: “Böyüdükcə, tarix kitablarını oxuduqca həmişə düşünürdüm ki, görəsən, bir gün mən də tarixi hadisələrə şahid ola biləcəyəmmi? Belə də oldu, birlikdə bir dövrün başa çatmasına şahid olduq. Sovet İttifaqı çökdü və biz qardaşlarımızla qovuşduq. Bir neçə gün bundan əvvəl də BMT-də tarixi Qüds qərarının alınmasına şahidlik etdik. 128 ölkənin səsi ədalətsizliyin bir gün mütləq bitəcəyini sübut etdi. Bu tarixi bir səsvermə idi. Bəşəriyyətin taleyini cızan ən təməl prinsip ədalət prinsipidir. Bu gün Azərbaycan böyük bir ədalətsizliklə üzbəüz qalıb. Bizlər həmişə Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacayıq. Amma gec olmadan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır”. Özoraldan sonra kürsüyə çıxan Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer isə dünya birliyinə çağırış edib: “Ədalətsizlikdən danışdıq… Şimali Kipr də illərdir ədalətsizliyə düçar olub. Buradan bütün dünyaya səslənirəm və Şimali Kiprə qarşı daha diqqətli münasibət göstərilməsini istəyirəm.” Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə simpozium iştirakçılarının qarşısında çıxış edib. Simpoziumun təşkilatçılarından olan Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat region ölkələri arasındakı dialoqda Azərbaycanın böyük əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycanda hər zaman başqa millətlərə və qruplara qarşı tolerantlıqla yanaşılıb. Bu ölkə bütün sahələrdə sürətlə inkişaf edir və multikulturalizmin mərkəzlərindən birinə çevrilir”. Büyükfırat, həmçinin, I və II dünya müharibələrindən sonra dünyada münaqişələrin ardı-arası kəsilmədiyini diqqətə çatdıraraq, bəşəriyyətə qan və göz yaşından başqa heç nə verməyən bu gedişatı dayandırmağın vacib olduğunu söyləyib. BMT-də Qüdslə bağlı ədalətli qərarın verilməsini təqdirəlayiq hal adlandıran Büyükfırat, dünya nizamının yavaş-yavaş dəyişdiyini qeyd edib. Simpoziumda çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təşkil olunan tədbirin çox ciddi məsələləri əhatə etdiyini vurğulayıb: “Regionda baş verən siyasi-iqtisadi proseslərdə media və QHT-lərin rolu çox böyükdür. Medianın imkanları olduqca genişdir, buna görə də, potensialdan maksimum istifadə etmək lazımdır. Belə olan təqdirdə, qarşıya qoyduğumuz məqsədlərə asanlıqla nail olacaq, Dağlıq Qarabağ və digər məsələlərdə ölkəmizin mövqeyini konkret şəkildə ortaya qoyacağıq”. Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da regiondakı problemlərin media aspektini nəzərə alaraq, bu istiqamətdə müzakirələrin aparılmasının çox vacib olduğunu dilə gətirib: “Bu cür müzakirələri “beyin fırtınası” da adlandırırlar. Regional geosiyasi məsələləri müzakirə etmək üçün əvvəlcə qlobal məsələləri ümumi şəkildə nəzərdən keçirtməli, regionumuzun siyasi mənzərəsinə təsir edən amilləri müəyyənləşdirməliyik”. Hikmət Babaoğlundan sonra çıxış edən millət vəkili Adil Əliyev isə proseslərə mücərrəd yanaşmanı aradan qaldırmağın lazım gəldiyini söyləyib. O əlavə edib ki, hadisələrə vaxtında adekvat reaksiya vermək üçün sitüasiyanı vaxtında analiz etmək çox vacibdir. Qeyd edək ki, Beynəlxalq Simpoziumda millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənquliyev də nitq söyləyiblər. Üç paneldən ibarət olan Beynəlxalq Simpoziumda Rusiya-Türkiyə münasibətləri geniş müzakirə olunub. İki ölkə arasındakı münasibətlərin Dağlıq Qarabağ probleminin həllində yeni imkanlar yaradacağı xüsusilə vurğulanıb. Tanınmış rus politoloq Maksim Şevçenko və araşdırmaçı-türkoloq İvan Stradubtsev,hazırda iki ölkə arasındakı əlaqələrin “təyyarə böhranı”ndan əvvəlki dövrdə olduğundan daha yüksək səviyyəyə çatdığını bildiriblər. Çevriliş cəhdindən sonra həqiqətlərin üzə çıxdığını söyləyən Şevçenko, Türkiyə hökümətinin krizislərin idarə edilməsi məsələsində uzaqgörən davrandığını və bu sayədə də rus-türk əlaqələrinin yaxşılaşdığını söyləyib. “Yeni Akit” qəzetinin köşə yazarı, Anadolu Yayımcılar Dərnəyinin sədri Sinan Burhan və “Ülke TV”nin baş direktoru Həsən Öztürk isə, Azərbaycan mətbuatının Rusiya və Türkiyə mətbuatı arasında körpü rolu oynadığını söyləyərək krizisin aradan qaldırılmasında Azərbaycanın xüsusi rol oynadığını vurğulayıblar. “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Simpoziumda iştirakçıların gəldiyi ortaq məxrəc isə belə olub: Bundan sonra güclü kimdirsə, haqlı da o olmayacaq; Haqlı olan güclü olacaq!




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info