Sosial təminat sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilib
Tarix: 27.12.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2017-ci ildə də Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkədə mühüm makroiqtisadi nailiyyətlər əldə olunub. Bu nailiyyətlər, eyni zamanda əmək bazarında da inkişafa səbəb oldu. Ümumiyyətlə, sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun təminatına nail olunması, onların həyat səviyyəsinin yaxşılaşdırılması yönündə müxtəlif formalarda təsirli və aktiv tədbirlər kompleksinin reallaşdırılması Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin başlıca prinsipi kimi çıxış edir. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən ölkəmizin sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.
Ötən ilin göstəricilərinə görə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilib, cari ilin oktyabr ayına qədər olan dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 oktyabr tarixinə 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Onu da bildirək ki, dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin mütəmadi artımı pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə imkan verib.
Ölkəmizdə uğurla davam etdirilən mühüm sosial proqramlardan biri də əlillər və şəhid ailələrinin, bu təbəqədən olan vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına yönəlib. ƏƏSMN tərəfindən son iki ildə və cari ilin oktyabr ayına qədər olan dövründə 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunub. Ümumilikdə isə nazirliyin xətti ilə indiyədək 5 min 560 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib ki, onlardan 5,1 min nəfəri Qarabağ müharibəsi əlili və şəhid ailəsi, qalanları İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir. 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.
Ötən ilin noyabrından sonra isə müxtəlif dövrlərdə əlil və şəhid ailələrinə evlər təqdim edilib. Buna misal olaraq Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsini, Goranboy və Samux rayonlarında inşa etdirilmiş 8 ədəd yeni fərdi yaşayış evinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmasını, bundan başqa, Ağdam və Ağcabədi rayonlarında da inşa etdirilmiş 9 ədəd fərdi yaşayış evinin (Ağdam rayonunda 4, Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsini göstərmək olar.
İlin sonunda bu işlər üzrə ən yaddaqalan hadisə isə 81 ədəd mənzilin Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verilməsi oldu. Həmin ailələrdən 4-ü Milli qəhrəmanların ailələridir. Təkcə dekabr ayında nazirlik həmin təbəqələrə aid 100 nəfərdən çox şəxsi mənzillə təmin edib. Ümumilikdə, aparılan işlərin davamı olaraq, nazirlik tərəfindən 2014-2017-ci illərdə 1350 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzil təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb.
Ölkədə aparılan uğurlu sosial siyasətin daha bir nümunəsi isə təkcə sözügedən kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması deyil, ümumilikdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsidir. Buna misal olaraq il ərzində 3000-ə yaxın vətəndaşın ipoteka kreditindən faydalanaraq mənzil problemini həll etməsini göstərmək olar. "Azərbaycan İpoteka Fondu" xəbər verir ki, cari ildə 194 milyon manat məbləğində kredit verilib. Ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatıb. İpoteka kreditlərinin 276 milyon manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib
Ölkəmizdə qurulan sosial müdafiə sisteminin bir istiqaməti də aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasına yönəlib. Ötən il sosial yardım sisteminin tam avtomatlaşdırılması bu sahədə məmur-vətəndaş təmasları olmadan tam obyektiv və şəffaf şəkildə yardım təyinatlarının həyata keçirilməsinə şərait yaradıb. Qeyd edək ki, 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alır. 2017-ci ilin 1 oktyabr tarixinə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği isə 150 manat təşkil edib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda aztəminatlı ailələrin yoxsulluqdan özünüməşğulluğuna şərait yaradılması yönündə də mühüm işlər aparılır. Özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayaraq aztəminatlı ailələrin gəlir imkanlarının artırılması və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilir. 2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının 6 dəfəyə yaxın artırılmasına imkan yaradacaq.
Qeyri-neft sektorunun genişlənməsi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter alması, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi əmək bazarında sabitliyin qorunub saxlanmasına imkan yaradıb. Bu sahədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən də məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib. Əmək bazarında sabitliyin yaradılmasına yönələn kompleks tədbirlər ötən ilin müvafiq dövrünə nisbətən məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayının da 2 dəfə azalmasına imkan verib.
Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə artmasına şərait yaradıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan, eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.

57 rayon və şəhərdə əmək yarmarkaları keçirilib
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan aktiv məşğulluq tədbirlərindən biri də işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatında mühüm rol oynayan Əmək yarmarkalarıdır. 2017-ci ildə də Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın 57 rayon və şəhərində Əmək yarmarkaları təşkil olunub. Tədbirlərdə aidiyyəti rayon və şəhərlərdə fəaliyyət göstərən müəssisələr üzrə boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunub. Yarmarkalar zamanı 4 min nəfərə yaxın şəxsə seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə göndərişlər verilib. Onlardan 100 nəfərə qədəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər olub ki, həmin şəxslər işlə təmin olunmaq üçün kvota əsasında ayrılmış iş yerlərinə göndəriliblər. Əmək yarmarkalarında göndəriş verilən şəxslərdən bu günədək artıq 88 faizi göndərildikləri iş yerlərində işlə təmin ediliblər.
Qeyd olunan aktiv məşğulluq tədbirlərində həmçinin 114 nəfər vətəndaşa haqqı ödənilən ictimai işlərə göndəriş verilib. Peşə və ixtisası olmadığı üçün özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə və ixtisasına uyğun gələn iş tapa bilməyən, bu səbəbdən yeni peşəyə yiyələnmək istəyən 245 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Cari ildə Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən ümumilikdə 10 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də təşkil olunub. Bu tədbirlərdə tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə müvafiq ixtisaslar üzrə kadrların seçimini aparmaq imkanı yaradılıb, həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
Ümumilikdə bu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti 46 048 nəfər şəxsi münasib işlərlə, 1143 nəfər şəxsi isə haqqı ödənilən ictimai işlərlə təmin edib. Xidmətin xətti ilə 3226 nəfər şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 285 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub.
Sonda qeyd edək ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində sosial təminat sisteminin gücləndirilməsi, əmək resurslarının səmərəli məşğulluğunun təmin olunması və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi istiqamətində atılan addımlar mötəbər beynəlxalq qurumlar tərəfindən də maraqla izlənilərək müsbət dəyərləndirilib. Bunun nümunəsi kimi, Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün Azərbaycan Respublikasına səfərinin yekunlarına dair həmin işçi heyətin rəhbəri Məhəmməd əl-Korşinin mətbuata bəyanatında ölkəmizlə bağlı fikirlərini göstərmək olar. O deyib: “Missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir. Sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info