2018-ci ildə də yeni iş yerləri yaradılacaq
Tarix: 29.12.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin əsas prinsiplərindən biri sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin dolğun şəkildə təmin edilməsi, onlara yönələn dövlət qayğısının ildən-ilə artırılmasıdır. Bu istiqamətdə kompleks tədbirlər reallaşdırılır, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılır.
Hər il olduğu kimi, 2017-ci ildə də Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirildi. Bu tədbirlərin davamı olaraq, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından evlər alınaraq təmir etdirilib və 33 Qarabağ müharibəsi və şəhid ailəsinə təqdim edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında fərdi yaşayış evlərinin inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınaraq bu təbəqələrdən olanların istifadəsinə verildiyini bildirib. İ.Rəhimov qeyd edib ki, son illərdə bu sahədə işlər daha da sürətlənib və hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər artıq 6100 mənzil həmin kateqoriyalara aid insanların istifadəsinə verilib. Növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə də təminatı həyata keçirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Eyni zamanda Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası yönündə mühüm işlər aparılır. Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində əlavə olaraq 34 671 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib ki, onlardan bir hissəsi də Qarabağ müharibəsi əlilləri olub. Bütün bunlar, eləcə də qanunvericilik aktlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan bir sıra imtiyaz və güzəştlər qeyd olunan insanların Prezident qayğısı ilə əhatə olunduqlarını təsdiq edir.
Tədbirdə əlil ictimai birliklərinin nümayəndələri müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ildən-ilə güclənməsindən məmnunluqla söz açıblar.
Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının artırılmasına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara böyük sevinc hissi bəxş edən yeni mənzillərin təqdim olunmasına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

11 mindən çox tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilib

Ümumiyyətlə, ötən ildə yalnız bu kateqoriyadan olan şəxslər üçün deyil, ümumilikdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması, regionlarda yaşayanlarla bağlı da bir sıra əməli tədbirlər görülüb. Belə ki, Azərbaycanın iqtisadi potensialının sürətli yüksəlişi, respublikanın regionlarının inkişafındakı müsbət dəyişikliklər, bütövlükdə ölkə iqtisadiyyatında müasir meyillər peşə təhsili qarşısında yeni tələblər irəli sürür və əmək bazarında rəqabətədavamlı ixtisaslı kadrlara yaranan tələbi ödəmək vəzifəsini ön plana çəkir. Bu mənada ötən il peşə təhsili istiqamətində mühüm işlər görülüb.
Digər müsbət məqam 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yerinin açılmasını göstərmək olar. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq isə növbəti illərdə- 2018-ci ildən 2025-ci ilə qədər əlavə olaraq 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
2017-ci ildə sosial xidmətlərlə bağlı diqqətçəkən digər məqam «Sosial xidmət haqqında» Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əməkqabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlərin xidmətlərlə təmin edilməsidir. 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilməklə, həmçinin nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri həyata keçirilib. Əgər 2013-cü ildə 30 belə layihə icra olunumuşdusa, cari ildə onların sayı 70-i ötüb.

Bərpa mərkəzlərində 34 671 nəfər şəxsə reabilitasiya xidmətləri göstərilib

ƏƏSMN-in bərpa mərkəzlərində cari ilin yanvar-noyabr aylarında ümumilikdə 34 671 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan bir hissəsi stasionar, qalanları ambulator şəraitdə bərpa müalicəsi xidmətləri ilə təmin olunub.
Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə müasir metodika və texnologiyalardan istifadə edilməklə kompleks tibbi və sosial, peşə reabilitasiyası tədbirləri görülüb. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların protez-ortopedik xidmətlərlə təminatı işləri bu gün də davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu təbəqələrdən olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 28 936 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (0 cümlədən 908 ədəd əlil arabası, 1 582 ədəd aşağı və yuxarı ətraf ortezi, 8270 ədəd müxtəlif reabilitasiya vasitələri, 1 188 ədəd aşağı və yuxarı ətraf protezi, 2 425 cüt protez ayaqqabı, 4 233 cüt ortopedik ayaqqabı, 573 ədəd bel və boyun nahiyəsi üçün korset, 221 ədəd ortopedik aparat və s.) verilib.
Ötən il nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşa biznes-planlarına uyğun ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) təqdim olunması da təqdir edilməlidir. Oktyabr ayınacan nazirliyin xətti ilə verilmiş aktivlər hesabına yaradılan ailə təsərrüfatlarının sayı artıq 1150-yə çatıb. Proqram iştirakçılarının 300 nəfərə qədərini qadınlar, qalanlarını kişilər təşkil edir. Eyni zamanda 280 nəfər gənc, 60 nəfər əlilliyi olan şəxs də özünüməşğulluq proqramına cəlb olunub.
Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edib. Özünüməşğulluq proqramı çərçivəsində ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədinə yönəlib. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüfatlarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir.
Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradıb. Digər tərəfdən, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, bu sektorda məhsul istehsalının artımını da stimullaşdırır.
Növbəti ildən özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayının dəfələrlə artırılacağı gözlənilir. 2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi ilə formalaşan maliyyə resurslarının əhəmiyyətli bir hissəsi məhz aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması prosesinin əhəmiyyətli şəkildə genişləndirilməsinə yönəldiləcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info