Kənd təsərrüfatı məhsullarının ixrac olunduğu ölkələrin sayı iki dəfə artıb
Tarix: 29.12.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur”


Kənd təsərrüfatı sahəsində 20 min yeni iş yeri yaradılacaq

Azərbaycanın iqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Ölkədə iqtisadi sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf etməkdədir. Nəticədə bu gün iqtisadiyyatın bütün sahələrində, o cümlədən də aqrar sektorda dayanıqlı inkişaf sabit xarakter alıb.

Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır
Prezident tərəfindən aqrar siyasət dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunub. Kənd təsərrüfatı iqtisadiyyatın davamlı və çox mühüm şərtlərindən biridir. Ərzaq təhlükəsizliyi də məhz kənd təsərrüfatının inkişafından asılıdır. Kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir. Bu gün ölkəmizdə məşğul əhalinin təxminən 38 faizi məhz kənd təsərrüfatında cəmləşib. BMT-nin hesablamalarına əsasən, kənd təsərrüfatı sahəsi yoxsulluğun aradan qaldırılması baxımından çox mühüm yer tutur.
Təsadüfi deyil ki, bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilib. Ölkə başçısının sədrliyi ilə müxtəlif sahələr üzrə müşavirələr keçirilib, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilib. Dövlət proqramları hazırlanıb, təsdiq olunub və bütün hədəflər müəyyən edilib. Bu proqramlar çox konkret xarakter daşıyır. Cari ildə ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə tədbirlərdən biri kimi Prezidentin 2016-cı il fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib.
Bundan başqa, “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycanda şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” ölkə başçısının sərəncam və fərmanlarını göstərmək olar.
Eləcə də cari ildə Respublika Komissiyası tərəfindən 2017-ci ildə 57 rayon (şəhər) üzrə 372042 istehsalçıya 1025916,15 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 68 421 933,95 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib.
Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sektorun yenidən daha da canlanması üçün böyük imkanlar açır. Ölkə başçısı da çıxışlarında bildirib ki, kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir: “Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Bizim üçün ənənəvi olan sahələr də bu gün uğurla inkişaf etdirilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaq. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq. Ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir”.

Aqroparklar bölgələrin iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına səbəb olur
Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi potensialını şaxələndirib, hazırda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 65 faiz təşkil edir. Dövlətin əsas fəaliyyət istiqamətlərindən biri tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Qeyd edək ki, cari ilin on bir ayında sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb. Əgər 2015-ci ildə təqribən 30 min ton pambıq yığılmışdırsa, artıq bu gün ölkə üzrə qəbul məntəqələrinə 206 min 351 ton pambıq təhvil verilib. Bu il ötən illə müqayisədə 2,7 dəfə çox - 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 116 min ton çoxdur. Son illər ölkədə meyvə-tərəvəzin istehsalı 50 faiz artıb. Azərbaycan bir çox ənənəvi bazarlarda mövqeyini qoruyub saxlayıb. Əgər kənd təsərrüfatı məhsulları 2015-ci ildə 15 ölkəyə ixrac olunurdusa, hazırda bu məhsullar 30 ölkəyə göndərilir.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlükdə aqrar-sənaye kompleksinin modernləşdirilməsi istiqamətində yeni yanaşma-aqrar sahədə aqroparkların yaradılması konsepsiyası irəli sürülüb. Bundan başqa, aqroparklar ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Ən əsası isə bu cür müəssisələrin fəaliyyətə başlaması bölgələrin iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına səbəb olur. Belə müəssisələrin fəaliyyətə başlaması həm də regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə, idxalı əvəzləyən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin tərkib hissəsi kimi xarakterizə edilir.
Hazırda ölkədə 26 rayon üzrə 157,8 min hektar ərazidə 40-a yaxın müasir aqropark yaradılır. Bundan 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. İndiyədək 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqropark”ı və Şəmkir rayonunda “Şəmkir Aqropark”ıdır. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

2025-ci ilədək ölkənin aqrar sənayesini inkişaf etdirməklə əhalinin ərzaq təhlükəsizliyi təmin ediləcək
Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” mühüm rol oynayır. Bu Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artıracağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış, ənənəvi təsərrüfatçılıqdan bazaryönümlü əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin gücləndirilməsi hesabına rəqabətqabliyyətli aqrobiznesi formalaşdırmağı nəzərdə tutur. Göstərilir ki, 2025-ci ilədək kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracındakı payı bu məhsulların istehsal həcminin və səmərəliliyinin artırılmasına tətbiq edilən məqsədyönlü yanaşma əsasında əhəmiyyətli dərəcədə artacaq. Aqrobiznes və sənaye sahələrində müəyyən edilmiş prioritetlər üzrə tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı sektorunun əsaslı şəkildə dəyişdirilməsi rayonlardakı ailə təsərrüfatlarında da bu islahatın aparılmasına şərait yaradacaq. Bundan başqa, 2025-ci ilə qədər ölkədə kooperativlər və müqavilə fermerliyi sistemi yaradılacaq. 2025-ci ilədək ölkənin aqrar sənayesini inkişaf etdirməklə, əhalinin ərzaq təhlükəsizliyi təmin ediləcək. 2025-ci ilədək Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində əsaslı dəyişikliklər edilməsi kənd yerlərində inkişafa şərait yaradacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info