Dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq istəyənlər 550-dən aşağı bal toplamamalıdır
Tarix: 21.05.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirdi. Bu il ərzində keçirilən sınaq imtahanlarının nəticələri ilə bağlı rəyini açıqlayan TQDK sədri bildirdi ki, imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib. Onların bir çoxunun bu imtahanlarda bir neçə dəfə iştirak etdiyini deyən TQDK sədri qeyd etdi ki, ümumilikdə bu vaxta kimi keçirilən 6 sınaq imtahanında (3 yeni, 3 təkrar) təxminən 40 min nəfər şəxs iştirak edib: “Həmin şəxslər imtahana ciddi hazırlaşırlar və bu prosesə öyrəşmək istəyirlər. Həmin abituriyentlər, həqiqətən də, imtahana ciddi yanaşanlardır. Hətta sınaq imtahanında iştirak edən 40 min nəfər abituriyentin nəticələrinə baxdıqda görürük ki, onların da arasında aşağı bal toplayanların sayı kifayət qədər çoxdur. Sınaq imtahanlarında I ixtisas qrupu üzrə orta nəticə 193 baldır. Bu imtahanda iştirak edən 17527 nəfərin 50%-i 193 baldan, 17%-i isə 100 baldan aşağı nəticə göstərib. Sınaq imtahanında II ixtisas qrupu üzrə isə orta nəticə 239 baldır. Bu imtahanda 15621 nəfər iştirak edib ki, onun da 50%-i 239 baldan aşağı nəticə göstərib. İmtahanda iştirak edənlərin 44%-i isə 200 baldan aşağı nəticə göstərib”. TQDK sədri qeyd etdi ki, III ixtisas qrupu üzrə imtahanlarda 15 596 şəxs iştirak edib. Burada orta nəticə 260 baldır. İmtahanda iştirak edən abituriyentlərin 50%-dən çoxu 260-dan aşağı, 33%-i isə 200 baldan aşağı nəticə göstərib. IV ixtisas qrupunda isə 5505 nəfər iştirak edib. Bu qrup üzrə orta nəticə 248 baldır. Bu qrup üzrə 500 baldan yuxarı nəticə göstərənlər kifayət qədərdir. Onların sayı 1000-dən çoxdur və həmin abituriyentlər bu qrupda yüksək müsabiqə vəziyyəti yaradan tibb ixtisaslarına imtahan verəcəklər. M. Abbaszadə bildirdi ki, sınaq imtahanlarının nəticələri qəbul imtahanların nəticələrindən fərqlənə bilər: “Amma açıq şəkildə qeyd edirəm ki, sınaq imtahanlarının sualları qəbul imtahanlarının suallarından müəyyən dərəcədə çətin olur. Abituriyentlərin orta statistik göstəricilərinə nəzər saldıqda məlum olur ki, şagirdlərin bilik səviyyəsi ötənilki ilə eynidir”.
O da vurğulandı ki, TQDK mayın 26-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 27 şəhərində sınaq imtahanları keçirəcək. Bu imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. İmtahan respublika üzrə 56 imtahan mərkəzində keçiriləcək. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllim ayrılıb. TQDK sədrinin sözlərinə görə, cari ildə 6 sınaq imtahanı keçirilib və demək olar, respublikanın bütün şəhər rayonlarını əhatə edib. Bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib. M.Abbaszadə qeyd etdi ki, TQDK tərəfindən keçirilən sınaq imtahanlarının üstün cəhətlərindən biri bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

İyunun 2-də 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək

M.Abbaszadə onu da bildirdi ki, iyunun 2-də TQDK tərəfindən 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək: “Buraxılış imtahanı Bakı şəhərində, rus bölməsi üzrə isə Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən şəhərlərində təşkil olunacaq. Onun sözlərinə görə, bu gündən buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanır: “Hər bir şəxs həm özü, həm də təhsil aldığı məktəbin direktoru tərəfindən bu buraxılış vərəqəsini əldə edə bilər. Buraxılış vərəqəsinin verilməsi tamamilə pulsuzdur və buna görə heç bir şagirddən əlavə pul tələb oluna bilməz. İyunun 2-də keçiriləcək buraxılış imtahanında IX sinif üzrə 41 498 nəfər, XI sinif üzrə isə 29 609 nəfər şagird iştirak edəcək. İmtahan binalarının yerləşdiyi ünvanlar imtahana bir neçə gün qalmış TQDK-nın saytında yerləşdiriləcək. Mən imtahanda iştirak edəcək şagirdlər və onların valideynlərinə müraciət edirəm ki, imtahanla bağlı suallarını komissiyanın poçt ünvanına göndərərək vaxtında cavab ala bilərlər”. TQDK sədrinin sözlərinə görə, şagird-məzun bazasına bütün məlumatlar daxil olduqdan sonra məlum olub ki, respublika üzrə keçiriləcək buraxılış imtahanlarında 65 455 nəfər oğlan, 56 374 nəfər qız (IX sinif üzrə) imtahan verəcək. Respublika üzrə 50 052 nəfər oğlan, 39 122 nəfər qız isə XI siniflərin buraxılış imtahanlarında iştirak edəcək. Hər iki sinif üzrə göstəriciyə nəzər saldıqda məlum olur ki, imtahanlarda iştirak edəcək oğlanların sayı qızlarla nisbətdə çoxdur.
M.Abbaszadə onu da bildirdi ki, attestat qiymətlərinin reallığı əks etdirməsinə nail olduqdan sonra buraxılış imtahanlarında fənlərin sayını artırmaq olar: “Biz nəzərdə tutmuşuq ki, gələn ildən buraxılış imtahanında 3 fənn olsun. Hazırda bunun hansı fənn olacağı və necə formada aparılacağını deyə bilmərəm. Komissiya sədri bildirdi ki, bu ildən etibarən TQDK tərəfindən orta məktəb şagirdləri arasında monitorinq imtahanları keçirilib, gələn il də bu proses davam edəcək: “Hazırda bu istiqamətdə müvafiq araşdırma aparılır. Buraxılış imtahanlarında fənlərin sayı artırılarsa, o fənlərin sayı qəbul imtahanında azaldıla bilər. Düşünürük ki, məsələn, şagird buraxılış imtahanında ana dili və riyaziyyat fənnindən imtahan verirsə, onun nəticələri qəbul imtahanında nəzərə alınsın. Yəni, qəbul imtahanında abituriyentlər 5 fəndən imtahan verməsin. Nəticədə buraxılış və qəbul imtahanları arasında fərq azalsın. Bu istiqamətdə hələlik araşdırma aparılır. Təhsil eksperti olaraq bu, mənim sadəcə, elmi mülahizələrimdir”. M. Abbaszadə onu da qeyd etdi ki, bu məsələlər həyata keçsə, qəbul imtahanları gələcəkdə yalnız əvvəlki illərin məzunları və müsabiqə vəziyyəti yüksək olan bəzi ixtisaslar üzrə keçirilə bilər.

Təhsil üzrə Komissiyanın növbəti iclası keçiriləcək

TQDK sədri onu da qeyd etdi ki, sabah (bu gün) Prezident yanında Təhsil üzrə Komissiyanın növbəti iclası keçiriləcək. İclasda 2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul planının TQDK-ya təqdim olunması gözlənilir. Onun sözlərinə görə, bundan sonra həmin plan “Abituriyent-3” jurnalında əks olunacaq: “Növbəti tədris ili üçün müsabiqə vəziyyəti də təqdim ediləcək qəbul planından asılı olacaq. Əgər qəbul planı artarsa, müsabiqə vəziyyəti aşağı düşəcək. Keçid ballarının aşağı düşməsi və ya olduğu kimi qalması da qəbul planından asılı olacaq”.
O da vurğulandı ki, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri olan 65 abituriyent müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün TQDK-ya müraciət edib: “Onlardan 61-i idman müsabiqəsinin qalibləri, 3 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (2-si riyaziyyat, 1-i isə kimya fənni üzrə), 1 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir: “Hazırda onların ərizələri araşdırılır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər lazımi sənədləri 1-21 may tarixlərində TQDK-ya və ya TQDK-nın regional bölməsinə təqdim etməlidilər. Dünən onlar üçün ayrılan vaxt başa çatdı”.

Aşağı keçid balı ilə yalnız təhsil haqqı yüksək olan özəl ali məktəblərə qəbul mümkün olacaq


TQDK sədri bildirdi ki, aşağı keçid balı ilə yalnız təhsil haqqı yüksək olan özəl ali məktəblərə qəbul mümkün olacaq: “Dövlət sifarişli yerlərdə bu il keçid balları aşağı olmayacaq. Dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq istəyən abituriyent 550-dən aşağı bal toplamamalıdır. Elə ixtisaslar var ki, hətta orada abituriyent ödənişli əsaslarla təhsil almaq istəsə belə, gərək 500 baldan yuxarı nəticə göstərməlidir. Ali məktəblərə qəbul imtahanı zamanı ən yüksək müsabiqə vəziyyəti dövlət sifarişli yerlərdə yaranır. Təbii ki, bu il də aşağı balla universitetlərə qəbul olmaq mümkün olacaq”. M. Abbaszadə onu da vurğuladı ki, bu il də Azərbaycan Tibb Universitetinə, eyni zamanda hüquqşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər 500 baldan yuxarı nəticə göstərməlidirlər. O qeyd etdi ki, qızlar ödənişsiz təhsil almaq üçün daha çox orta ixtisas məktəblərinə sənəd verirlər.
Bildirildi ki, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 102 034 abituriyent sənəd verib. Ərizələrin qəbulu aprelin 9-dan mayın 17-dək aparılıb. Onun sözlərinə görə, ərizələrini təsdiq etdirmiş 102034 abituriyentlərdən 69611 nəfəri bu il ilk dəfə olaraq ərizələrini Sənəd Qəbulu Komissiyasına getmədən özləri təsdiq ediblər. 32 min abituriyent isə sənədlərini Sənəd Qəbulu Komissiyalarında təsdiq edilib: “İnanıram ki, hərbi qulluğa qəbulla bağlı məlumat bazaları əvvəldən verilsə, demək olar ki, Sənəd Qəbulu Komissiyalarının və ora müraciət edənlərin sayı azalacaq. Komissiya tərəfindən indi müəyyən ərizələr araşdırılır. 1 həftə ərzində bütün dəqiqləşmələr başa çatdırılacaq”. M. Abbaszadənin sözlərinə görə, bu il ali məktəblərə sənəd verənlər arasında oğlanların sayı bir qədər çoxdur. Onun sözlərinə görə, ən yaşlı abituriyent 1956-cı il, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür. Bu il sənəd verənlərin 58 365 nəfəri bu ilin, 43 mini isə əvvəlki illərin məzunlarıdır. Hətta Azərbaycanda 13 yaşlı abituriyent qəbul imtahanlarında iştirak edəcək. Bu il qəbul imtahanlarında iştirak edəcək ən yaşlı abituriyentin isə 57 yaşı var. TQDK sədri qeyd etdi ki, qabiliyyət imtahanlarına abituriyentlərin qeydiyyatı başa çatıb. Bu prosesin mayın 1-dən 20-dək aparıldığını deyən M. Abbaszadə bildirdi ki, qabiliyyət imtahanlarında iştirak etmək üçün 5472 nəfər qeydiyyatdan keçib. Ən çox abituriyent bədən tərbiyəsi və idman ixtisası üzrə qeydiyyatdan keçib.

TQDK tərəfindən keçirilən monitorinq
imtahanlarının ilkin nəticələri açıqlanıb

Bu il TQDK tərəfindən ilk dəfə olaraq keçirilən monitorinq imtahanlarının ilkin nəticələri açıqlanıb. M.Abbaszadə bildirib ki, XI siniflər üzrə keçirilən monitorinq imtahanlarının nəticələri artıq Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilib. Onun sözlərinə görə, XI siniflər üzrə monitorinq imtahanlarında şagirdlərin riyaziyyat fənni ilə müqayisədə ana dili fənnindən daha yaxşı nəticələri var: “Ən zəif nəticələr isə fizika fənnindəndir. Bu da əvvəldən gözlənilən idi. V sinif üzrə isə bu nəticələr hələki yoxlanılır. Orada yazılı imtahan var idi deyə onun həm Bakı, həm də digər rayonlarda aparılması çox vaxt aparır. V siniflə əlaqədar məsələni ciddi araşdıracağıq ki, kurikuluma əsasən, təhsil alan şagirdlər dövlət standartlarına uyğun səviyyədə oxuyublar, ya yox. Dövlət standartları Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Suallar da bu dövlət standartlarına uyğun olaraq tərtib edilib. Bu hələ ki yoxlama mərhələsindədir. Monitorinq imtahanlarının nəticələrinə əsasən, regionlarda elmi-praktik konfrans keçiriləcək və birgə müzakirələr aparacaq. İyun ayında bütün respublika üzrə keçirilən həm XI, həm də IX sinif üzrə monitorinq imtahanlarının nəticələrinin tam yoxlanması başa çatacaq”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info