“Tək çıxış edəndə özümü daha məsuliyyətli hiss edirəm”
Tarix: 21.05.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Fərqanə Qasımova: “Mən muğama Alim Qasımovun prizması ilə baxıram, orada özümü axtarıram”

Muğam dünyası Azərbaycanın tarixdən gələn əvəzsiz mədəniyyət incilərindəndir. Bu mədəniyyət incisi bizim xalqın zəngin mədəni dəyərləri sırasında yüksək məqam sahibi kimi bütün dünyada tanınır. İncəsənətimizin ecazkar nümunəsi olan muğamımızı bütün xalqlar arasında tanıtmaq belə, böyük bir missiya daşıyıcısı kimi məsuliyyətli bir vəzifədir. Bu şərəfli missiya daşıyıcılarının millətimizin nüfuzlu övladları olmaları, əlbəttə ki, heç vaxt xalqın nəzərindən kənarda qalmayıb. Növbəti müsahibim Azərbaycan muğam sənətinin ustad xanəndələrindən biri olan, dünyada muğamımızı şərəflə tanıdan, Xalq artisti, ustad Alim Qasımovun sənətinin davamçısı olan və ustadımızın muğam dünyasına yadigarı Fərqanə Qasımovadır. Prezident mükafatına layiq görülən incəsənət xadimləri sırasında Fərqanə xanımın da adı var. Müsahibəni oxuculara təqdim edirik:


Qasımova Fərqanə Alim qızı 23 aprel 1979-cu ildə anadan olub. Fərqanə Qasımova 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb, hazırda konservatoriyanın aspirantıdır. 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq atası-xanəndə Alim Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə-Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana, 1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliyada (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin-məşhur violonçel ifaçısı YoYo Manın adıyla bağlı olan “Böyük İpək yolu” layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış “İpək yolu” ansamblının üzvüdür. 1999-cu ildə Avropada A.Qasımovla birgə “Dərin okean məhəbbəti” adlanan diski çıxıb. 2006-cı ildə belçikalı rejissor Kriss Delvill F. Qasımova haqqında “Meditation day” adlı sənədli film çəkib. 9 may 2012-ci ildə Prezident mükafatına layiq görülüb.


-Siz Prezident mükafatına layiq görülən incəsənət xadimlərindən birisiniz, görkəmli muğam ustadımız Alim Qasımovun muğam dünyasına yadigarısınız. Alim müəllimin sizə verdiklərini bu gün ürəyinizcə təmsil edə bilirsinizmi?
- Çox gözəl sualdır. Çünki Alim müəllim mənə elə bir miras qoyub ki, onun öhdəsindən gəlmək çox çətindir. Hərdən özlüyümdə fikirləşirəm ki, mən özümdə muğamı görürəm. Amma Alim müəllimin davamçısı olduğum üçün, onun mirasının daşıyıcısı olduğum üçün mənim öhdəmə böyük çətinlik düşür. Bəlli məsələdir ki, Alim müəllim muğamda çox dəyişikliklər edib, çox qapılar açıb. İndi o elə bir məqama yetişib ki, öz kürsüsündə rahat oturub. Amma bu, bir tərəfdən məni əziyyətə salıb. Artıq mən muğamın böyüklüyünü, gözəlliyini, incəliklərini dərk edəndən, bir hərfin, bir sözün, bir zəngulənin olmaması mənə çox əziyyət verir. Bu məktəb belədir ki, hər dəfə yenilik, əziyyət, yeni nəfəs tələb edir. Ancaq bir şərtlə ki, insanlara o gözəlliyi bəxş etməlisən. Onların ruhuna əziyyət verməməlisən. Əksinə, onların ruhuna rahatlıq verməlisən, zövqlərini oxşamalısan. Bu ən böyük missiyalardan biridir.
- Qeyd etdiyiniz kimi, Alim müəllim muğamda bir çox yeniliklər edib. Bəs sizin bundan sonrakı missiyanız nədir?
- Bu elə bir şeydir ki, gələcəyə ümid yoxdur. İndiki zaman qiymətli olduğu üçün biz çalışırıq ki, bundan istifadə edək. Muğam elə bir haldır ki, insan yaşa dolduqca fiziki baxımdan geriyə getsə də, ruhi baxımdan qabağa gedir. Ona görə də insanın yaşı artdıqca muğam insanda günbəgün daha da püxtələşir. Bu gün vəziyyət başqadır, sabah bir başqa cür olur. Ona görə də insan o yaşa çatmalıdır. Mənim də yaşım muğam üçün çox azdır. Mən on yeddi yaşımdan atam ilə oxumağa başlamışam və on səkkiz ildir ki, mən atamla səfərlərə gedirəm. Ancaq buna baxmayaraq, günbəgün inkişaf gedir və bunun nəticəsini zaman göstərəcək. Biz yenə də çalışıb, üzərimizdə işləyirik.
- Muğam sənətinin inkişafı üçün müxtəlif müsabiqələr və konkurslar keçirilir. Bəs sizin tələbələriniz bu müsabiqələrdə iştirak edirlərmi?
- Builki müsabiqəyə hazırlaşırlar. Bəzən onlara deyirəm ki, tələsməsinlər. Özünü göstərən insan müsabiqə olmasa da, özünü göstərəcək. Çünki konkursda birinci olsalar, bu, onlara tənbəllik verəcək. Ona görə də deyirəm ki, hələ öz üzərlərində çalışsınlar.
- Alim müəllim sizin zəngulələrinizi qəbul edib, yoxsa hələ də tövsiyələr verir?
- Hələ də tövsiyələr verir. Bu yaxınlarda İsmayıllı rayonunda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsert çox maraqlı keçdi. Konsert bitdikdən sonra atam məni qucaqlayıb öpdü və dedi ki, sən artıq mənim istədiyim səviyyəyə çatmısan. Bəlkə də mən Azərbaycanda ikinci muğam ifaçısıyam. Amma Alim Qasımovun yolu ilə getdiyim üçün məndə bir az çətinliklər yaranır. Mən muğama Alim Qasımovun prizması ilə baxıram, mən orada özümü axtarıram. Amma indi muğam çox bəsitləşib. Bu, bəzən ürək ağrısına, bəzən əsəbə səbəb olur. Bu belə olmamalıdır. Çünki muğam başqa bir dünyadır. Necə ki, sufilər, dərvişlər, Allaha bağlı olan insanlar o hala gəlirlər, muğamda da belə hal mövcuddur. Muğam yüksək məqamda duran bir haldır. İnsan 20 yaşında heç bir muğamı oxuya bilməz. Ancaq 25-30 yaşında yavaş-yavaş oxuya bilər, amma bunlar arasında fərq olacaq. Ona görə də hər kəs bilməlidir ki, muğam aləmi tamam başqadır və o məqama çatmaq lazımdır.
- Siz muğam ifa etdiyiniz zaman tam başqa bir dünyada olursunuz, oxuyarkən gözlərinizi yumursunuz. O zaman hansı hissləri keçirirsiniz?
- Bəli. Bu yaxınlarda mənə bir müğənnimiz dedi ki, sən gözlərini çox yumursan. Bu gözləri nahaq gizlədirsən. Sənin gözlərindəki halı insanlar görmək istəyir. Mən cavabımda dedim ki, gözlərimi yummasam, istədiyim hala düşə bilmirəm.
Elə hallar olur ki, o halı yaşayırsan, amma sözlə ifadə edə bilmirsən. İfadə etdikdə isə öz qüvvəsini itirir. Amma mən belə təsəvvür edirəm ki, oxuduğun musiqinin notları ilə təkbətək qalırsan və hər bir notun haqqını verməyə çalışırsan. Ancaq mən ürəyimdə Allaha zikr edirəm və ondan imdad diləyirəm. Bəzən atamdan sonra səhnəyə çıxanda çox həyəcanlı oluram. Bəlkə də qadın olduğum üçün özümü zəif hiss edirəm. Amma səhnəyə çıxdığım anda özümü ələ alıram.
- Bu gün Alim müəllimin yolunu getmək sizdə bir çətinlik yaratmır?
- Son zamanlar yaratmır. Allaha da yalvarıram ki, məni Alim müəllimin oturduğu məqama çatdır, mənim yerim onun yanında olsun. Ondan üstün, ya da ondan alçaq olmaq istəmirəm. Sadəcə, onun yanında olmaq istəyirəm. Düşünürəm ki, Alim müəllimin yolunu getməsəm, bu sənət yox olacaq, bu sənəti davam etdirən olmayacaq.
- Çox zaman səhnədə Alim müəllimlə birgə çıxış edirsiniz. Tək ifa etdiyiniz zaman özünüzü onunla çıxış etdiyiniz kimi güclü hiss edirsinizmi?
- Tək çıxış edəndə özümü daha məsuliyyətli hiss edirəm. Mən həmişə deyirəm ki, Alim müəllim bir sərkərdədir. O olmasa, biz heç bir müharibəyə çıxa bilmərik. Ancaq mən tək çıxış edəndə artıq sərkərdə olmağa çalışıram. Artıq burada məndə çətinlik yaranır.
- Muğamlarımızla Azərbaycanı dünyaya tanıtmısınız, bütün dünyanın alqışını qazanmısınız. Bundan sonrakı missiyanızda Azərbaycanın hansı muğamını dünya arenasında ifa etmək istəyərsiniz?
- Mənim on beş yaşım olanda atamın afişaları evimizi bəzəyirdi. Artıq o, muğamı sevdirmişdi. Məni də özü ilə aparmaqla muğamda ikiləşmə yarandı. Məsələn, “Bayatı-Şiraz” muğamında biz Leyli və Məcnun yaratmışıq. “Şur”, “Çahargah”, “Bayatı-Şiraz” muğamlarını atamla duet şəklində ifa etmişik. Amma bütün muğamları hansısa kanalda ifa etmək istəyirəm ki, tarixdə qalsın.
- Sizcə, dünya arenasında muğama olan dəyər lazımi qədərdirmi?
- Gördüm. Onu da gördüm ki, Alim Qasımova UNESCO mükafatı verdilər və bir neçə mükafata layiq görüldü. Dövlətimiz tərəfindən isə “Şərəf” ordeni və dövlət mükafatı verildi. Bu, hər insana verilmir.
- Sizdən sonra Alim müəllimin sənətini davam etdirən olacaqmı? Ümumiyyətlə, Alim müəllim ailəsində davamçılarını necə görür?
- Çox istəyirəm. Mənim üç qızım, bir oğlum var. Qız üçün çox çətindir. Ona görə istəyirəm ki, oğlum bu yolu davam etdirsin. Amma hələ ki onda bu qığılcım yoxdur. Mən isə üç yaşında dəf çalmağı öyrənirdim.
Alim müəllim öyrətməyə çox həvəslidir. Amma hələ ki heç birinin həvəsi yoxdur.
- Fərqanə xanımın gələcək arzuları nədir?
- Mən muğamsız, Azərbaycansız özümü təsəvvür edə bilmirəm. Əgər muğam oxuyuramsa, mən bu torpaqda olmalıyam. Mənim arzum odur ki, ailə səadətim daimi olsun. Çünki bu, qadına stimul verir. Arzum odur ki, Alim müəllim harada olsa, mən də onun yanında olum.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info