Hindistanın şimalında yerləşən və 200 milyona yaxın əhalinin yaşadığı Uttar-Pradeş ştatında anomal soyuqlar səbəbindən son sutka ərzində 40-dan çox insan həyatını itirib.
AZƏRTAC xəbər verir ki, IANS agentliyinin yaydığı məlumata görə, son həftə ərzində bu ştatda rekord soyuqlar müşahidə olunur. Bəzi rayonlarda havanın hərarəti 2,9-7,5 dərəcə arasında dəyişir. Ölkədə mərkəzi istilik sisteminin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Ümumilikdə isə yanvarın 5-dən bəri soyuqdan 143 nəfərin öldüyü bildirilir.
Hava cəbhələrinin toqquşması və yüksək rütubət ştatda dəmiryol hərəkətinin ciddi pozulması ilə nəticələnən qatı dumana səbəb olub. Bir çox yerlərdə görmə məsafəsinin 15-20 metrədək azalması onlarla qatar reysinin ləğvi və ləngiməsi ilə nəticələnib. Məktəblərdə dərslər dayandırılıb.
Meteoroloqlar soyuq hava şəraitinin daha iki gün davam edəcəyini bildirirlər.
Mahmud
|