20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu əks etdirən qəhrəmanlıq salnaməsidir
Tarix: 17.01.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


20 Yanvar 1990-cı il - Azərbaycan tarixinin qanla yazılmış növbəti səhifəsi, yurdumun azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəsi, qəhrəmanlığı, məşəqqəti, əzmi və iradə sınağıydı bu. Sıradakı bu sınaqdan da alnı açıq keçdi xalqım. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar faciəsi Qarbaçov başda olmaqla cinayətkar Sovet rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Dərin yaralar buraxdı bu qətliam. Faciənin miqyası vaxtilə Rusiyada fəaliyyət göstərən “Şit” ictimai təşkilatının ekspertlərinin hesabatında daha dəqiqliklə əks olunub. Bu zaman Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, həkimlər öldürülmüşdü, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. İçərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu gülləyə tutulmuşdu. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzini dəyişən 5,45 mm çaplı güllələrindən istifadə edilmişdi. Həlak olanlar arasında qadınlar, qocalar, şikəstlər, yetkinlik yaşına çatmayanlar da var. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızca qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Bu aksiyada əsas məqsəd Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizə əzmini yatırmaq, xalqı təhqir edərək mənəvi zərbə endirmək idi. Bütün bunlar xalqımın gözünü qorxuda bilməz. Qorxmazlıq, igidlik, mərdlik bizim qanımızda, əmdiyimiz süddə, ruhumuzdadır. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayaraq öz şəhidlərini küçə və meydanlardan topladı. Fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə - Şəhidlər xiyabanına yola salırdı. Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
20 Yanvar faciəsinə dair qaranlıq faktlar tədricən açılmaqdadır. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Müəyyən sənədlərin, eləcə də keçmiş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi bu faciənin miqyasını, nankorların məsuliyyət fonunu tam dəqiqliklə göstərə bilər.
20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun söylədiyi kimi, “bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.
“20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı haqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Yerindəcə “Qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın” göstərişini verdi. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı. Bu iş qısa zamanda başa çatdırıldı. Ulu öndərin sərəncamı ilə “20 Yanvar” Ümumxalq hüzn günü elan olundu.
Xalqımız bu faciədə həlak olmuş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Axı Vətən və torpaq şəhidləri ilə ucalır. 1990-cı ildən bu tarixi yalnız kədər, hüzn, matəm kimi qeyd etmişik. Şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Amma unutmayaq, “20 Yyanvar” Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil, bu tarix həm də xalqımızın şan və şərəf günüdür.
Möhtərəm Prezidentimiz İlham Əliyev də müharibə veteranlarının, şəhid ailələrinin, əlillərinin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən ilə daha da möhkəmləndirilir. Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramının daha bir nümunəsinə çevrildi. Ölkə rəhbərinin sərəncamına əsasən, Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı. 2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Ölkə başçısının fərmanı ilə 147 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə Prezident təqaüdü verilir. 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyaları alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa, əlavə ödəniş verilir. Heydər Əliyev fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.
Biz, Azərbaycan xalqı, şəhidlərin qanı ilə yazılmış bu tarixi, qürurla anırıq. Allahdan onlara rəhmət diləyirik!
Afət Musayeva
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info