“Amalımız kreativ Azərbaycan imicini dünyada tanıtmaqdır“
Tarix: 22.05.2013 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Fərhad Allahverdizadə: “Gənclər Avropadakı iqtisadi böhranı, “ərəb baharı” dəhşətlərini izləyəndən sonra Prezidentin ətrafında sıx birləşməyin vacibliyini anlayırlar”

Müsahibimiz "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin sədri, kitabxana.net portalının türk dünyası üzrə əlaqələndiricisi, hazırda Şimali Kipr Türk Cümhuriyyətində magistr təhsili alan, eyni zamanda diaspor fəallarından sayılan Fərhad Allahverdizadədir.

-Fərhad müəllim, bilirik ki, siz hazırda xaricdə yaşayırsınız, bu baxımdan öz fəaliyyətiniz barədə məlumat verərdiniz. Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı layihələr həyata keçirirsiniz?
- Ötən ildən Şimali Kipr Doğu Akdəniz Universitetində magistr təhsilinə başlayandan sonra ictimai fəaliyyətə qoşulmağa qərar verdim. Bakıda oxuyan zaman ictimai işlərə o qədər də vaxtım qalmırdı, təhsil və karyera haqqında daha çox düşünürdüm, fəqət vətəndən uzaqlaşdıqda yüksək savadla yanaşı, ictimai işlərlə ciddi məşğul olmağın, işgüzar fəaliyyətləri gücləndirməyin, müxtəlif istiqamətdə çalışmağın vacib amil kimi şəxsiyyətin formalaşmasında, peşəkar inkişafındakı rolunu hiss etdim. Şimali Kiprdə təhsil alan tələbələrin güclü potensialı olduğunu, ancaq bundan kifayət qədər yararlanmadığını nəzərə alıb ictimai fəaliyyətə başladım, əvvəlcə Şimali Kipr - Azərbaycan Dostluq Cəmiyyətinin üzvü kimi, daha sonralar isə ötən ilin payızında bir qrup gənc kreativ tərəfindən yaratdığımız qurum vasitəsilə müxtəlif layihələr həyata keçirməyə başladıq. Şimali Kipr və Türkiyədə milli diaspor quruculuğu, gənclərin və azərbaycanlı tələbələrin təşkilatlanması, onların problemlərinin həlli istiqamətində lobbiçilik fəaliyyətlərimizi gücləndirməklə həm Azərbaycan həqiqətlərinin təbliğinə nail olduq, həm də tələbə-gənclərin bir amal ətrafında birləşməsinə çalışırıq.
-Azərbaycan gəncliyinin xarici ölkələrdə təşkilatlanması, Azərbaycanla bağlı layihələr həyata keçirməsinin səviyyəsi necədir?
- Ötən ilin payızında həm Şimali Kiprdə təhsil alan bir qrup tələbə gənclə, həm də Azərbaycanda hər zaman bizə dəstək olan yeni nəsil intellektual və yaradıcı gənclər liderləri ilə birlikdə "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi yaratdıq. Təşkilatımızın bu ilin əvvəlində dövlət qeydiyyatına alınmasını, əslində Azərbaycan Respublikası tərəfindən xaricdə təhsil alan tələbələrə qayğı kimi qəbul edirik. Odur ki, fəal surətdə Şimali Kiprdə Azərbaycanla bağlı müxtəlif tədbirlər həyata keçirməyə başladıq. Xocalı soyqırımı, Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfranslar, fotosərgilər, kitab təqdimatları, yürüş və piketlər, film nümayişləri, idman yarışları kimi müxtəlif formatlı tədbirlərimizdə yalnız soydaşlarımız deyil, həm də yerli Kipr türkləri, dünyanın 90-a yaxın ölkəsindən bura oxumağa gələn əcnəbi gənclərə, turistlərə Azərbaycan haqqında məlumatlar, həqiqətlərimizi, milli dəyərlərimizi çatdırmağa çalışmışıq. Söz yox ki, bu istiqamətdə potensialımızı sona qədər ortaya qoya bilməmişik. Bunun üçün müəyyən maddi-texniki dəstəyə böyük ehtiyacımız var, amma imkan daxilində layihələr, tədbirlər həyata keçirməklə Vətən qarşısında mənəvi borcumuzu yerinə yetirməyə çalışırıq.
- Azərbaycanda gedən inkişaf prosesləri xarici ölkələrdən necə görünür?
- İndi Azərbaycan kənardan sürətlə inkişaf edən güclü, modern, dünya siyasətində səsi eşidilən bir dövlət kimi tanınmaqdadır. BMT Təhlükəsizlik Şurasına üzv olan və sədrlik edən, UNESCO ilə müxtəlif layihələr həyata keçirən, Şərq və Qərbi birləşdirən beynəlxalq forumlar, tədbirlər keçirən, Eurovisionda hər dəfə uğurlu iştirak edən, planet səviyyəli idman yarışlarına ev sahibliyi edən, sürətli iqtisadi inkişafı, demokratik islahatları, beynəlxalq nüfuzu ilə durmadan yüksələn ölkə ilə hər bir soydaşımız fəxr edir. 10-15 il bundan əvvəl istər Şərqdə, istərsə də Qərbdə, ümumən dünyada Azərbaycan daha çox Qarabağ münaqişəsi, “qara qızıl”ı ilə tanınırdısa, indi artıq tamam başqa bir dövlət imici qazanmışıq - modern, kreativ dövlət və idman, mədəniyyət, tolerantlıq ölkəsi. Əslində bizim təşkilatda birləşən intellektual-yaradıcı gənclərin əsas amalı da məhz bu istiqamətdə - kreativ Azərbaycan imicini dünyada tanıtmaqdır.
-Azərbaycan dövlətinin yürütdüyü siyasət onun beynəlxalq imicini gücləndirməkdədir. Sizcə, xarici ölkərdə bu baxımdan fikirlər, rəylər necədir?
- Uzağa niyə gedək, elə qonşu və qardaş Türkiyənin media və televiziyasını, internet portallarını izləmək yetər ki, Azərbaycanın necə güclü beynəlxalq imicə malik olması haqqında təsəvvür yaransın. Yetərincə uğurlara imza atmış, son 20 ildə tamam dəyişmiş, həyatın müxtəlif sahələrində irəliləyişlərə nail olmuş, dünya səhnəsində yeni trendlər yaratmış güclü Azərbaycan dövləti planetin hər tərəfində yaşayan 50 milyonluq soydaşımız üçün əsl Məkkəyə çevrilib. Biz qazandığımız uğurları da Vətənimizlə bölüşməyə tələsir, müəyyən problemlərimiz olanda da ölkəmizə güvəniriksə, bu o deməkdir ki, Azərbaycan durmadan inkişaf edir, yeni nailiyyətlərə imza atır. Bəzən xarici vətəndaşlar bizə qibtə edirlər, əldə etdiyimiz uğurların çox hissəsi isə Azərbaycanın adıyla bağlıdır.
- Başqa diaspor təşkilatları ilə əlaqələriniz necə qurulub?
- Azərbaycanda bizim təşkilat Yeni Yazarlar və Sənətçilər Qurumu, Gənclər Təşkilatları Milli Şurası, Milli QHT Forumu, Kipr və Türkiyədə isə əksər diaspor qurumlarıyla sıx təmasdadır. Tədbir və layihələrimizi həyata keçirən zaman bu qurumlarla sıx əlaqələr yaradırıq. Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, Kipr universitetlərində fəaliyyət göstərən azərbaycanlı tələbə qurumları əsas tərəfdaşlarımızdandır.
-Bildiyimiz kimi, Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət quruculuğu siyasətini sıx dəstəkləyir. Siz necə fikirləşirsiniz, gənclərin əksəriyyətinin Prezident İlham Əliyevi dəstəkləməsinin səbəbləri hansılardır?
- Azərbaycanda və xaricdə yaşayan gənclərin dünyagörüşü çox yüksəkdir. Gənclər beynəlxalq aləmdə gedən geosiyasi prosesləri, qlobal beynəlxalq olayları, xüsusən də Avropa və Qərb ölkələrindəki iqtisadi böhranı, “ərəb baharı” dəhşətlərini izləyən zaman Azərbaycanın intellektual, peşəkar siysətçi kimi dünyada tanınan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyin vacibliyini anlayırlar. İqtisadi yüksəliş, elmi-mədəni, ictimai-sosial uğurlar, siyasi stabillik, demoktratik islahatlar, əhalinin rifahının durmadan yüksəlməsi, eləcə də əmin-amanlıq yaradan İlham Əliyevlə gələcəyə addımlamağı hansı gənc arzulamaz ki?!
-Azərbaycan həqiqətlərini yaymaqda hansı çətinlikləriniz var?
- İlk növbədə gənclərimizin təşkilatlanması və Azərbaycan amalı uğrunda birləşməsinə səy göstəririk. Diaspor quruculuğu, Azərbaycanın Avropada imicinin, nüfuzunun artırılması istiqamətdə layihələrimizin dəstəklənməsi, maliyyə yardımının ayrılmasına ehtiyacımız var. Əlbəttə, əsasən tələbələrdən və gənclərdən ibarət bir komanda formalaşdırsaq da, hələlik iqtisadi imkanlarımız yetərincə deyil ki, niyyətimizdə tutduğumuz planların əksəriyyətini həyata keçirək. İnanırıq ki, fəaliyyətimizi gücləndirdikcə aidiyyəti dövlət qurumları və fondlar bizi dəstəkləyəcək, xaricdə oxuyan azərbaycanlı tələbələrə dayaq olacaqlar.
- Təşkilatınızın əsas fəaliyyət istiqamətləri hansılardır?
- Azərbaycanda yaşayan, eləcə də xaricdə təhsil almış və hazırda dünyanın müxtəlif ölkələrində oxuyan xüsusi istedadlı, kreativ-intellektual tələbə-gəncləri - yeni nəsil nümayəndələrini, eyni zamanda 50 milyonluq soydaşımızın fəal gənc üzvlərini bir amal, azərbaycançılıq, milli-mənəvi dəyərlər ətrafında birləşdirərək cəmiyyətin intellektual-sosial, iqtisadı-mədəni və elmi-texnoloji inkişafına kömək etmək, dünyaya səpələnmiş tanınmış gənc peşəkarların imkanlarını birləşdirmək, onların dövlətçilik ideyası ətrafında real həyatda, eyni zamanda internetdə virtual birləşməsini - qlobal sosial şəbəkəsini yaratmaqla milli həqiqətləri ölkə daxilində və xaricdə təbliğ etmək, imkansızlara intellektual, maddi və mənəvi yardım göstərmək, bunların həyata keçirilməsi üçün imkanı olanları səfərbər etmək, ictimaiyyət arasında innovativ-kreativ maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir. Ölkə daxilində, eləcə də xaricdə yaşayan, təhsil alan gənclərin intellektual və kreativ inkişafına yardım edəcək fəaliyyətlərin inkişafına dəstək vermək məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək üçün dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq etmək fikrindəyik. Bunun üçün də müxtəlif kurslar və seminarlar, dəyirmi masalar və görüşlər, sərgilər təşkil etmək, yerli və beynəlxalq konfranslar, xeyriyyə marafonları, forumlar və b. tədbirlər keçirmək, ölkə daxilində və xaricdə innovativ maarifçilik fəaliyyətini həyata keçirmək üçün kitablar, ədəbiyyat nəşr etmək, dərgilər buraxmaq və yaymaq, internet portalı, saytlar, şəbəkələr yaratmağı planlaşdırırq. Eləcə də xaricdə təhsil alan azərbaycanlı tələbələr, gənc milli diaspor nümayəndələrinin şəbəkələrini yaratmaqla, onların maddi-mənəvi, intellektual-elmi, mədəni-sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yardım göstərmək fikrindəyik. Müxtəlif ölkələrdə yaşayan və oxuyan azərbaycanlı tələbələrin, eləcə də miqrant soydaşlarımızın şəbəkələşməsinə çalışmaq, onlara, intellektual, mədəni, maddi və hüquqi yardımlar göstərmək, elm və təhsil, diaspor, mədəniyyət və incəsənət, gənclər və uşaqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etmək, ölkə daxilində intellektual-kreativ sahələrdə gender siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışmaq, xaricdə oxuyan və yaşayan tələbələrin, diaspor fəalların, gənclərin köməkliyilə Azərbaycan milli-mənəvi dəyərlərinin, həqiqətlərinin dünyaya çatdırılması məsələsində internetdə və reallıqda maarifləndirmə işlərini aparmaq, gənclərin intellektual-kreativ inkişafı ilə bağlı dövlətin sosial sifarişlərini həyata keçirmək, cəmiyyətin inkişafını və sağlamlığını təmin edən bütün sahələrdə maarifləndirmə işləri aparmaq, xaricdə təhsil alanlar arasında, eləcə də diaspor qrupları arasında İKT və internet, yeni media ilə bağlı təşkilati-maarifçilik işləri aparmaq, intellektual və yaradıcı münasibət tələb edən, innovativ olan istənilən sahələrə fərqli münasibətlərin formalaşmasına çalışmaq, internet bilgiləri, İKT, sosial şəbəkələr, ekologiya, sağlamlıq, elm, təhsil, mədəniyyət və sosial təminat sahələrində vəziyyəti öyrənmək üçün araşdırmalar aparmaq, monitorinqlər keçirmək, əldə edilən məlumatlar əsasında təhlillər hazırlayaraq əlaqədar dövlət orqanlarına və beynəlxalq təşkilatlara çatdırmaq, xaricdə yaşayan gənc soydaşlarımız üçün bazar günü məktəblərinin açılması, kursların, müxtəlif müsabiqələrin keçirilməsini təşkil etmək əsas prioritetlərimizdəndir.
-Son dəfə hansı layihəni həyata keçirmisiniz?
- Son fəaliyyətimiz də Şimali Kiprdə Azərbaycan kreativ həqiqətlərini yaymaqdan ibarət olub. "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan həqiqətlərinin ətraflı təbliğinə aid növbəti böyük tədbirini keçirtdi. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə aid növbəti tədbirimiz "Lala Mustapha Pasha Sports Center"də, Gazimagusa, Famagusta, Kiprdə təşkil olundu. 9 may 2012-ci il tarixində başlanan, Şimali Kipr Türk Cümhuriyyətində ümummilli lider, türk dünyasının görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq "No Gi Grappling" (güləş) - Kyokşin turnirinin iştirakçıları 30-dan çox ölkədən gəlmiş tələbə idmançılar, eləcə də azərbaycanlı, türk, kiprli və əcnəbi gənc intellektuallar oldu. Tədbirin təşkilatçıları "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Doğu Ağdeniz Universiteti, "Gracia jiu jitsu" klubu idi.
Turnirdə iştirak edən xarici iştirakçılara Azərbaycan həqiqətlərini özündə əks etdirən nəşr və elektron məlumat daşıyıcıları, Heydər Əliyevlə bağlı suvenirlər paylandı, ölkəmizin əldə etdiyi ictimai-mədəni, iqtisadi-siyasi uğurlar haqqında məlumatlar verildi...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info