Fəxrəddin Quliyev: “Aşıq deyişmələri aşıq poeziyasının inkişafında mühüm rol oynayır”
Tarix: 17.01.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Elə bir dövrdə yaşayırıq ki, hər bir etnos özü haqqında daha ciddi fikirləşməlidir. Artıq qloballaşma dövrüdür və etniq mədəniyyətlər vahid dünya mədəniyyətinə inteqrasiya olunur. Təbii ki, bu ambivalent bir haldır. Bu proses bir tərəfdən xalqlar arasında əlaqələri möhkəmləndirirsə, digər tərəfdən də çox təhlükəlidir. Təhlükəlidir ki, etnik unikallığımızı itirə bilərik. Hər bir etnik qrup üçün bu təhlükələr mövcuddur. Buna elmdə etnik identifikasiya deyilir.
Bizi dünya xalqlarından fərqləndirən etnik mədəniyyətimizdir. Ən etibarlı mənbəyimiz isə folklordur. Məhz bu səbəbdən folklor müasir elmin gücü ilə dərindən öyrənilməlidir. Biz buna daha çox özünüdərk deyirik. Folklor hər bir xalqın mənəviyyat güzgüsüdür. Folklor elə bir etibarlı mənbədir ki, fəlsəfə, tarix, siyasət və başqa elm sahələri burada cəmlənə bilir. Bu baxımdan folkloru tədqiq edəndə obyektiv olmaq lazım.
Mövzumuz Azərbaycan xalq poeziyasının tanınmış klassiklərindən biri olan Aşıq Hüseyn Bozalqanlı haqqındadır. Aşıq Hüseyn Bozalqanlı Azərbaycan xalq poeziyasının tanınmış klassiklərindən biridir. Azərbaycan xalq poeziyasına Aşıq Hüseynin təsirini Səməd Vurğunun dili ilə ifadə etsək daha məqsədəuyğun olardı. ``Xalq şairi S.Vurğun həmişə Abbas Tufarqanlıdan, Hüseyn Bozalqanlıdan öyrəndiyini deyir, Qazax aşığı Cambul Cabayevi şerimizin ağsaqqalı adlandırırdı`` (İ.Babayev, P.Əfəndiyev, "Azərbaycan şifahi xalq ədəbiyyatı", Maarif, Bakı, 1970, səh. 161). Aşıq Hüseyn Bozalqanlı Azərbaycan folkloruna yeni mövzular, şeir formaları gətirib və böyük bir aşıq məktəbi yaradıb.

Aşıq Hüseyn Bozalqanlı yaradıcılığının tədqiqatçısı Fəxrəddin Quliyevlə olan müsahibəni təqdim edirik.

- Aşıq Hüseyn Bozalqanlının həyat və yaradıcılığında mübahisəli məsələlər var. Məsələn, onun anadan olduğu tarix haqqında müxtəlif illər göstərilir. Bu haqda nə deyərdiz?
- Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr, şübhəsiz ki, məlumat azlığından irəli gəlir. Əslində, aşıqla bağlı heç bir mübahisəli məsələ yoxdur və hər şey bizlərə bəllidir. Sadəcə, faktlarla hesablaşmaq lazımdır. Aşıq Hüseyn öz tərcümeyi-halında doğum tarixi kimi 1863-cü ili göstərmişdir. (Milli arxiv, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 360, siyahi 3, iş 6).
O, "Gördüm" rədifli vücudnaməsində yazır:
Min iki yüz səksənində doğuldum,
Doxsanında yaxşı-yamanı gördüm.
Hicri-qəməri tarixi ilə 1280-ci il müasir tarixə keçdikdə 1863-cü il iyul ayına uyğundur. Hicri-qəməri tarixi ilə müasir tarixin qarşılıqlı cədvəlində də bu tarix belə göstərilmişdir. Deməli, Aşıq Hüseynin doğum tarixi 1863-cü ildir. Həqiqətən, bu çox vacibdir. Aşığın doğum tarixi ilə bağlı tədqiqatçılar 1860-cı ildən başlayaraq 1875-ci ilə qədər müxtəlif rəqəmlər göstərirlər. Şübhəsiz ki, insan bir dəfə anadan olar və bu qədər rəqəmlərdən biri əsas götürülməlidir.
Ümumiyyətlə, hər hansı bir yazını hazırlayarkən biz öz folklorumuza həssas yanaşmalıyıq və faktlara müraciət etmək lazımdır. Biz bütün sənətkarlarımıza maksimum dərəcədə məhəbbətlə yanaşmalıyıq. Bunların hər biri bizimdir və bizlərə doğmadır. Böyük sənətkarlarda qüsur ola bilər. Biz bu sənətkarları qüsurları ilə birlikdə sevməliyik. Mən Hüseyn Bozalqanlının tərcümeyi-halında qüsura rast gəlməmişəm.
- Yaradıcı şəxsiyyətlərin formalaşmasında onun doğulduğu coğrafi məkan mühüm rol oynayır. Aşıq Hüseyn Bozalqanlının doğulduğu coğrafi məkan və mühit aşığın yaradıcılığına necə təsir göstərmişdir?
- Bozalqanlı kəndi İpək yolunun üzərində yerləşir və kifayət qədər inkişaf etmiş bir yerdir. Hüseyn Bozalqanlının atası Məşədi Cəfərqulu çox varlı bir şəxs olub. Məşədi Cəfərqulunun üç dana dərisi ilə dolu qızıl onluqları olub. Bu şəxs mədrəsə açıb və Hüseyn Bozalqanlı burada 10 il oxuyub. Məhz Hüseyn belə bir ailədə anadan olduğu üçün həyatda maddi çətinlik görməyib. Hüseyn Bozalqanlı gənc vaxtlarından qoçaq, cəsarətli və fəhmli olub. Hüseyn mədrəsənin axırıncı kursunda oranı yarımçıq tərk edir. Bu onu göstərir ki, Hüseyni təfəkkürünə sığmayan bir mühitə salmaq mümkün deyil.
Aşıq Hüseynə kənddə Məmmədqulu adlı bir şəxs üç ay saz çalmağı öyrədib. Təbii ki, üç aya Hüseyn saz çalmağı mükəmməl öyrənə bilməzdi. Hüseyn Bozalqanlını ilk dəfə məclislərə aparan Öysüzlü Səməd olub. Yəqin ki, toylara Hüseyn evdən xəbərsiz gedib. Çünki belə bir varlı ailənin uşağının toya getməyə ehtiyacı olmazdı. Atası bunu biləndə Hüseynə acıqlanır və Öysüzlü Səmədlə görüşür. Öysüzlü Səməd Məşədi Cəfərquluya Hüseynin vergili bir insan olduğunu izah edir. Öysüzlü Səmədin və digər dostların xahişi ilə Məşədi Cəfərqulu Hüseynin aşıqlıq etməsinə razı olur.
Hüseyn təbiət hadisələrinə, qanunlarına maraq göstərib və bunlara tez alışıb. Məlumdur ki, Hüseyn Bozalqanlı dini dərindən bilən bir insan olub. Erkən yaşlarından Quranı dərindən öyrənib. Bunu biz aşığın şeirlərində də görürük. İmam Əli haqqında olan şerini Hüseyn 21 yaşında vaqonda gedə-gedə deyib. Bu gün həmin şeiri din xadimləri bəyənirlər və 21 yaşında Hüseynin bu şeri deməsinə inanmırlar. Aşığın gənc yaşında dediyi dərin məzmunlu şeirləri onun hazırcavablığı və dərin savadı ilə sıx bağlıdır.
- Hüseyn Bozalqanlı vergili aşıq olub. Bu haqda nə deyərdiz?
- Bu məsələ genetika elmində istedadın nəsildən-nəslə irsi keçməsi ilə izah olunur. Ancaq bu vergi ilə bağlı müəyyən hadisələr böyük sənətkarların haqqında danışılır. Hadisələrin mahiyyəti eynidir. Bizə belə nəql ediblər ki, bir gün Hüseyn uzun müddət yuxuya gedir və oyanmır. Bir neçə bilici gətirirlər. Bunlardan biri deyir ki, Hüseynə vergi verilib və narahatçılığa heç bir əsas yoxdur. Aşıq Hüseyn bir neçə gün yatdıqdan sonra oyanır və saz istəyir. Ona kiçik bir saz gətirirlər və o, bir saz havası ifa edir. Heç bir zaman saz ifa etməyən gənc Hüseynin saz ifası hamını heyrətə gətirir və doğrudan da ona vergi verilməsinə inanırlar.
- Bu məlumatdan görürük ki, Hüseyn cavankən tez ustadlaşıb. Onun ilk şəyirdləri haqqında nə deyə bilərsiz?
- Aşıq Hüseynin ilk şəyirdlərindən Aşıq Ələs Şirinov, Aşıq Mirzə Bayramov və Şair Vəli Bozalqanlının adlarını çəkmək olar. Aşıq Ələs gözəl dastan danışardı, Aşıq Mirzə Bayramovun vokal istedadını Üzeyir Hacıbəyli yüksək qiymətləndirib. Şair Vəli Bozalqanlı isə Azərbaycan xalq poeziyasının qızıl fonduna daxil olub.
- Folklor sırf ənənə üzərində qurulub. Aşıq Hüseynin özündən əvvəlki irsə münasibəti necə olub?
- Aşıq Hüseyn Bozalqanlı Aşıq Tufarqanlı Abbasdan üzü bəri olan aşıq və şairlərin şeirlərini mükəmməl bilib və gəncliyindən başlayaraq öyrənib. Xüsusilə müasiri Aşıq Ələsgəri aşıqların ustadı hesab etmiş və yaradıcılığına xüsusi məhəbbətlə yanaşmışdır. Gənc Hüseynin bir şair kimi formalaşmasında ana dilli şerimizin əsasını qoyan Molla Pənah Vaqif yaradıcılığının xüsusi rolu var. Biz bunu onun yaradıcılığında aydın hiss edirik. Belə ki, bir neçə şerini Molla Pənah Vaqif və Aşıq Ələsgərin şeirlərinə nəzirə olaraq yazıb.
Hüseyn mədrəsədə oxuduğu üçün ərəb və fars dillərini yaxşı mənimsəyib. Onun şeirlərində ərəb və fars sözləri ustalıqla yerində işlədilib. Göründüyü kimi, klassik ədəbiyyatı yaxşı öyrəndiyi üçün Bozalqanlının mövzu problemi olmayıb. Şeirlərində analitik təfəkkürü hiss edirik.
- Sual meydana çıxır ki, Aşıq Hüseyn Bozalqanlının inqilaba qədər olan şeirləri haradadır?
- Bu barədə AYB-in arxivində Hüseyn Bozalqanlının şəxsi işi ilə tanış olmuşam. Orada yazılıb: “İnqilaba qədər Aşıq Hüseynin şeirləri saysız-hesabsız olub. Onlar vaxtında yığılmayıb, nə yazıya alınmayıb, nə də aşığın yaddaşında qalmayıb”.
Bozalqanlının şeir deməsi ilə bağlı belə bir həqiqət də var. Deyirlər ki, Hüseyn başını yuxarı qaldırıb salavat çevirərək birnəfəsə şeir deyirmiş. Hətta qəlyanını çəkməsinin başına vura-vura fikirləşirmiş və birdən başlayırmış şeir deməyə. O şeir deyəndə nə vaxt qurtaracağı bilinmirmiş. Məşhur pedaqoq, Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyev belə danışırdı: “Hüseyn danışanda bilinmirdi ki, şeir deyir, yoxsa söhbət edir. Elə bil ki, qafiyələr öz-özünə düzülürdü”. Aşığın bədahətən şeir deməsinin el də danışır və kitablarda da bu, öz əksini tapıb. Aşıq Hüseyn ilk dəfə AYB-ə aşıq kimi üzv olub. Cəfər Xandan bir dəfə Aşıq Hüseyn Bozalqanlı ilə görüşə gəlir. Cəfər Xandan Hüseyn Bozalqanlıya deyir: “Deyirlər, hər gün 5-6 şeir yazırsan və burda 1-2 şeir bizə denən”. Hüseyn deyir: “Ay Cəfər bala, mən şeri yazmıram, şeri deyirəm. Hansı mövzuda istəyirsən deyim”. Bu xatirə də onun bədahətən şeir deməsini təsdiq edir.
- Aşıq Hüseyn qaçaqçılıq edib? Bu haqda söhbət açardız?
- Bəli, belə bir hadisə olub. Hüseynin atası öləndə onların evlərini də yandırıblar və Hüseyn bunlara qarşı qaçaqçılıq edib. Hüseyn həddindən artıq cəsarətli bir adam olub və bu onun yaradıcılığında da hiss olunur. Bozalqanlı bu hadisələrdən sonra məclisə həm tüfəng, həm də sazla gedərdi. Məclisdə soruşarmışlar: “Aşıq Hüseyn bu saz nədi, tüfəng nədi?”. Cavab verərmiş: “Bunun biri dost, biri düşmən üçündür”.
- Aşığın “Qara Tanrıverdi” dastanından danışardız?
- Qaçaq Tanrıverdi Bozalqanlıdan olan qaçaq olub. 1885-ci ildə vurulub. Hüseyn Bozalqanlı bunun fəaliyyətini ciddi izləyərmiş və həmişə məlumatlı olarmış. Bunları yadında saxlayaraq “Qara Tanrıverdi” dastanını yazır.
- Hüseyn Bozalqanlının apardığı toy məclisləri olub?
- İnqilaba qədər olan yaradıcılığının unudulması və yazılmaması, həqiqətən, böyük itkidir. Öz dövründə Hüseyn Bozalqanlıdan yuxarıda duran sənətkar olmayıb. Onu kasıbından tutmuş varlısına kimi hər kəs toyuna apararmış. Hətta bəylərin belə toylarında olub. Hacı Tağı özünün qardaşı oğlunun toyuna Bozalqanlını çağırır və ona at bağışlayır. Deyirlər ki, üç aşığa at bağışlanıb. Bunlar Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və Aşıq Qəhrəman olub. Görünür ki, bəylərin toylarının bir çoxunu Hüseyn aparıb və bəylərlə yaxşı münasibəti olub. Çünki o dövrdə aşıqlar ən hörmətli insanlar idi. Hüseyn toya gedəndə pul danışmazmış. Hətta şəyirdlərinə deyərmiş ki, məclisə qazanc üçün yox, məclis aparmaq üçün gəlibsən və bu, el aşığının borcudur. Toy sahibinin kasıb olduğunu görəndə Bozalqanlı ona özü hörmət edərmiş. Bəylərlə yanaşı, kənd koxaları ilə Hüseyn Bozalqanlının yaxşı münasibətləri olub. Bununla bağlı mərhum ustad aşıq Əhməd Sadaxlının maraqlı xatirələri var.
- Aşıq Ələsgərlə Hüseyn Bozalqanlının görüşü barəsində nə deyə bilərsiz?
- Bu görüş 1911-ci ilin payızında olub. Görüşün olması haqqında Aşıq Hüseynin sağlığında və ondan sonra 1970-ci ilə kimi heç kim bunun əleyhinə getməyib. Əhliman Axundov adlı tədqiqatçı 1970-ci ildə yazdı ki, belə bir hadisə olmayıb. 1929-cu ildə Hümmət Əlizadə “Azərbaycan aşıqları” kitabının I cildini buraxıb. Orada bu deyişmənin bir hissəsi verilib. Aşıq Ələsgərin birinci kitabı 1934-cü ildə çıxıb. Tanınmış folklorşünas və Aşıq Ələsgərin ilk kitabının toplayıcısı H.Əlizadə yazır: "Ələsgər ilə həməsr olan ustad aşıq və şairlər: Göyçəli Aşıq Musa, Aşıq Alı, Aşıq Məmməd, Dərələyəzli Aşıq Qəhrəman, Alçalı Aşıq Məhərrəm, Cilli Şair Aydın, Molla Tağıoğlu şair Məhəmməd və Tovuz (Tavuz) rayonundan Bozalqanlı Aşıq Hüseyn, Yekallarlı şair Nağıdır. Bunlardan Aşıq Qəhrəman, Aşıq Alı, şair Nağı və Aşıq Hüseyn Ələsgərlə deyişmişlər"(Aşıq Ələsgər, 1934, Bakı, Azərnəşr, toplayanı H.Əlizadə, səh.12.).
Bu kitabda da deyişmənin bir hissəsi verilib və adını Söyün yazıblar. Həmin kitabın 163-cü səhifəsində deyişmənin altında qeyd kimi yazılıb: “Söyün – Hüseyn deməkdir. Fəqət xalq içində aşıq Söyün kimi tanındığından bizdə elə yazdıq. Aşıq Hüseyn Tovuz (Tavuz) və Qazax (Qazaq) mahallarında ən məşhur aşıqlardandır. Geniş tərcümeyi-halı “Koroğlu” kitabında çap olunmuşdur”.
1928-ci ildə Aşıqların I qurultayında bu deyişmənin bir hissəsi oxunub. Aşıq Ələsgərin şəyirdi Aşıq Əsəd Ələsgərin şeirlərini, Aşıq Hüseyn Bozalqanlının şəyirdi Aşıq Mirzə Bayramov isə Aşıq Hüseynin şeirlərini oxuyub. Əgər bu yox idisə onlar bunu hardan oxuyublar? Axı həmin tədbirdə Ələsgərin şəyirdləri ilə yanaşı, Hüseyn Bozalqanlı da iştirak edib. Həmin vaxt buna nə Ələsgərin şəyirdləri, övladları, nə də o deyişməni görənlər etiraz eləmişdilər. 1928-ci ildə Aşıqların I qurultayının sənədləri var və buna nə demək olar? Göründüyü kimi, burada deyişmə olub. Ustadlar dünyasını dəyişəndən sonra isə zaman keçdikcə bunu inkar edirlər. Ancaq faktın əleyhinə getmək olmaz.
Bu sənətkarların bir-birinə qarşı böyük məhəbbət və hörmətləri olub. Aşıq Hüseyn Bozalqanlı Aşıq Ələsgərə öz ustadı kimi yanaşıb, Aşıq Ələsgər də Aşıq Hüseyn Bozalqanlının yaradıcılığını yüksək qiymətləndirib. Aşıq Hüseynin bir istedadlı aşıq kimi yetişməsi Aşıq Ələsgəri ustad kimi sevindirib. Aşıq Ələsgər aşıq poeziyasının ənənəvi davamını həmişə arzulamış və böyük aşıq məktəbi yaratmışdır. Bir şeyi unutmaq olmaz ki, aşıq deyişmələri aşıq poeziyasının inkişafında çox mühüm rol oynayır, burada el şairlərinin əsl istedadı üzə çıxır və qazanan ancaq Azərbaycan xalq poeziyası olur. Bu, sənət yarışıdır, inkişafın əsas mənbələrindən biridir. Aşıq deyişmələrinə qısqanclıqla yanaşmaq məqsədəuyğun deyil.


Söhbəti qələmə aldı:
Mahmud Əyyub
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info