Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
Tarix: 19.01.2018 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


ABŞ şirkətlərinin tədricən Avropanı tərk etməsi və onların yerini Çin şirkətlərinin tutması adi iqtisadi proses deyil. Çinin Avropaya yatırdığı investisiyanın həcminin 100 milyard dolları keçməsi də bunun təsdiqidir

Dünyada ciddi geosiyasi dəyişikliklər baş verməkdədir. Planetin müxtəlif nöqtələrində gedən siyasi-iqtisadi prosesləri diqqətlə izləyəndə aydın görünür ki, SSRİ-nin dağılmasından sonra yaranan dünya düzənində əmələ gələn “çatları təmir etmək” mümkün deyil. Artıq yeni düzən formalaşır- dünyada artan “qaynar ocaqlar” da yeni düzənin formalaşması prosesinin sancılı hissəsidir. ABŞ-ın liderliyində formalaşan düzənə qarşı Rusiya və Çin böyük güc kimi alternativ yaratmağa, demək olar ki, nail olub. Rusiya siyasi-hərbi baxımdan ABŞ-la dünyanın müxtəlif məkanlarında rəqabət apararaq nüfuz dairəsini genişləndirir. Suriyada yaranan vəziyyət bunun ən bariz nümunəsidir. Çin isə daha çox “səssiz işğal”a üstünlük verərək iqtisadi baxımdan ABŞ-a rəqib kimi gücünü artırmaqdadır.

“Avropa öz bazarına Çin şirkətlərini həvəslə daxil etməyə başlayıb”
ABŞ-ın əsas müttəfiqi olan Avropa İttifaqında da artıq vahid səs və ya özlərinin dediyi kimi, “kollektiv Qərb” anlayışı dağılmaqdadır. Avropa İttifaqının ayrıca hərbi birlik yaratmaq məsələsinin tez-tez dilləndirməsi, Rusiya və Çinlə iqtisadi əlaqələr geosiyasi dəyişikliyin görünən tərəfləridir. Avropa iqtisadiyyatını lokomotivi olan Almaniyanın Çinlə yaxınlaşma siyasəti və Rusiyanın bəzi layihələrinə verilən dəstək köhnə və yeni qitələr arasındakı məsafəni artırır. ABŞ şirkətlərinin tədricən Avropanı tərk etməsi və onların yerini Çin şirkətlərinin tutması adi iqtisadi proses deyil. Çinin Avropaya yatırdığı investisiyanın həcminin 100 milyard dolları keçməsi də bunun təsdiqidir. Çin şirkətlərinin strateji əhəmiyyət kəsb edən infrastruktur obyektlərinə sahib olması Avropanın siyasi-iqtisadi palitrasında dəyişiklik yaradıb. Çinin iri “COSCO Shipping” şirkətinin Yunanıstanın Rirey limanına 280 milyon dollarla sahib olacağını gözləyənlərin sayı çox deyildi.

“Avropanın dövlət şirkətləri ABŞ şirkətlərinin, konkret desək, “Microsoft”un xidmətindən imtina edirlər. Fransa jandarmeriyası “MS Windows”dan imtina edərək xüsusi adaptasiya olunmuş “OS Linux”u seçib. Onlar hesab edirlər ki, proqram təminatında xarici şirkətin monopolist olması milli təhlükəsizliklə bir araya sığmır. Amma, nədənsə, Çinin İKT şirkətləri üçün belə deyilmir”

Çünki tenderdə iştirak edən 5 şirkət arasında lider ABŞ şirkəti idi. Amma yunanlar amerikalılara deyil, çinlilərə üstünlük verdilər. Xatırladaq ki, bu şirkət ötən il ərzində İspaniyanın liman şirkəti olan “Noatum Port Holdings”in səhmlərinin nəzarət paketinə 200 milyon avro, Danimarkanın “Maersk” şirkətinə 42 milyon dollar ödəyərək Belçikanın Zebrügge limanının səhmlərinin nəzarət paketinə və Rotterdam limanının səhmlərinin 35 faizinə sahib olub. Şirkət daha bir səs-küylü layihəyə imza ataraq Hamburq limanında yeni terminalın inşası hüququnu əldə edib. Strateji Kommunikasiya Mərkəzinin rəhbəri Dmitriy Abzalov “RİA Novosti”yə açıqlamasında bildirib ki, Çin şirkətinin qalibi olduğu bu layihələrlə bağlı keçirilən tenderlərin hamısında əsas rəqib ABŞ şirkətləri olub: “Amma onların hamısında qalib olan ABŞ yox, Çin şirkətləri olub. Deməli, Avropa öz bazarına Çin şirkətlərini həvəslə daxil etməyə başlayıb”.

Çin şirkətləri 2016-cı ildə 309 Avropa şirkətini alıb
Çin şirkətləri Avropada təkcə liman səhmləri almır. Yunanıstanın milli enerji korporasiyasının səhmlərinin nəzarət paketi Çinə məxsusdur. Bu korporasiya Yunanıstanın əsas enerji təminatçısıdır. “China Investment Corporation” Londonun Xitrou hava limanının səhmlərinin 10 faizinə, “Beijing Construction Engineering Group” Mançesterdə ilk “şəhər-aeroport”un tikintisi hüququna, “China Harbor Engineering Company” isə Suonsi qraflığında elektrik stansiyasının tikintisi hüququna sahib olub. “ChenChina” ötən il İsveçrənin “Sygenta” aqrokimya şirkətinin səhmlərini satın alıb. Berlində yerləşən Çini Öyrənmə İnstitutunun (MERICS) yaydığı məlumata görə, Avropa iqtisadiyyatına yatırılan Çin sərmayəsi 2010-cu ildən 2016-cı ildə qədər 1,6 milyard avrodan 35 milyard avroya yüksəlib. Təkcə 2016-cı ildə isə bu məbləğ 3 dəfə də artaraq 100 milyard avronu ötüb. Çin şirkətləri 2016-cı ildə 309 Avropa şirkətini alıb. ABŞ şirkətlərinin Avropaya yatırdığı investisiyalar isə, demək olar ki, hər il azalır. Məbləğ 100 milyard avrodan aşağı düşməyə başlayıb. Rusiyalı professor Aleksey Portanskiy bildirir ki, Pekin Avropada iqtisadi iştirakını sürətlə artırır. Bu, hələlik ona görə çox gözə çarpmır ki, ABŞ şirkətləri həmişə üstün olublar. Amma “Microsoft”, “Apple”, “Google”, “Alphabet”, “Facebook”, “Amazon” kimi iri ABŞ şirkətləri Avropada fəaliyyətlərini tədricən ixtisara salırlar. Əsas səbəb kimi Brüsselin vergi qaydalarını sərtləşdirməsi göstərilsə də, bir çox halda onları bazardan çıxarırlar. Bunu çox sadə şəkildə edirlər. Məsələn, dövlət şirkətləri ABŞ şirkətlərinin, konkret desək, “Microsoft”un xidmətindən imtina edirlər. Fransa jandarmeriyası “MS Windows”dan imtina edərək xüsusi adaptasiya olunmuş “OS Linux”u seçib. Onlar hesab edirlər ki, proqram təminatında xarici şirkətin monopolist olması milli təhlükəsizliklə bir araya sığmır. Amma, nədənsə, Çinin İKT şirkətləri üçün belə deyilmir-onlar Avropada zəfər yürüşünə başlayıb! “Huawei” şirkəti artıq Avropada əsas İT şirkətlərindən birinə çevrilir. “RİA Novosti”nin ekspertləri hesab edirlər ki, bu vəziyyət ABŞ administrasiyasının həyata keçirdiyi siyasətə sıx bağlıdır. Tramp hökumətinin Transatlantik və Paris iqlim sazişlərindən çıxması Vaşinqtonun Qərb dünyasının işindəki rolunu azaldıb. Yaranan boşluğu isə Çin doldurur. Vaşinqtonun siyasəti onun izolyasiya olunması, iri layihələrdən sıxışdırılması ilə nəticələnir. Bu isə Çinin həm Avropada, həm də dünyada rolunu artırır. Çinin şirkətləri tam şəkildə dövlət tərəfindən dəstəklənir. Bu məsələ Dünya Ticarət Təşkilatı və Avropa İttifaqının müvafiq qaydaları ilə uyğun deyil, amma Avropada buna göz yummağa üstünlük verirlər. Çünki yeni dünya nizamı yaranır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info