Ermənistan danışıqlara konstruktiv yanaşmır
Tarix: 19.01.2018 | Saat: 19:02:00 | E-mail | Çapa göndər
Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar

Xəbər verildiyi kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşü keçirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun Krakov şəhərində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü olub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib
Görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti birgə bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlərin Polşanın Krakov şəhərində yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, 18-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ayrı-ayrılıqda və birgə görüş keçirdikləri qeyd olunub. Görüşdə nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əvvəlki görüşlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin asanlaşdırılması üçün növbəti addımları müzakirə ediblər.
Bəyanatda bildirilir ki, xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tez başa çatdırılması üçün həmsədrlərin üzərində yenidən işlədiyi müvafiq konsepsiya sənədi ilə prinsip etibarilə razılaşıblar. Görüşlər zamanı tərəflər və həmsədrlər hazırda gündəmdə olan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi aparıblar.
Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib və tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar.
Eyni zamanda həmsədrlər nazirlərə münaqişə təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini ifadə ediblər.

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”
Millət vəkili Aydın Mirzəzadə “Trend”ə görüşlə bağlı açıqlama verib: “ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırması diplomatik çağırışdır”.
Onun sözlərinə görə, bu çağırışlar, hələ ki, nəticəsiz qalıb: "Etimadın doğrulması üçün, ilk növbədə Ermənistan beynəlxalq hüquq normalarını tanımalı, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bunlara işğalçı dövlət tərəfindən əməl edilmir. Hansısa bir dövlət orta əsrlər qaydası ilə hərəkət etmək istəyirsə, burada etimaddan danışmaq olmaz".
A.Mirzəzadə əlavə edib ki, sonuncu danışıqlardan sonra həmsədrlərin regiona səfər etmək və irəli sürülən təkliflərin nəticəsi barədə tərəflərdən mövqe öyrənmək niyyəti danışıqları intensivləşdirmək yolunda atılan addımlardır: "Problemin həllində ən düzgün yol danışıqlar yoludur. Ermənistan danışıqlara konstruktiv yanaşmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

“Bəzi həmsədr ölkələrin baş diplomatları zaman-zaman işğalçı ölkənin xarici işlər nazirinə direktivlər verirlər”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə AZƏRTAC-a açıqlamasında bildirib ki, Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirdiyi görüş də ötənilki intensiv danışıqların davamı kimi qiymətləndirilməlidir.
Hikmət Babaoğlu deyib ki, bu görüşün nəticəsini analiz etmək üçün, ilk növbədə 2018-ci ilin ilk günlərində problemi həll edəcək güc mərkəzlərinin mövqelərinə diqqət etmək və buradakı yeni impulsiv fikirləri nəzərdən keçirmək lazımdır. Problemin həllində mühüm strateji mövqeyə sahib, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu günlərdə mətbuata açıqlama verərkən ilk dəfə problemin mərhələli həlli yolundan danışdı. Bu mövqeyin dövlətimizin yürütdüyü siyasətlə üst-üstə düşdüyünü deyən deputat Lavrovun fikrinin Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də haqlı olaraq alqışlandığını bildirib. Rusiyanın xarici işlər naziri 2018-ci ildə danışıqlara yeni impulsların daxil ola biləcəyinə işarə etdi. Əgər iki il bundan əvvələ diqqət yetirsək, Rusiyanın xarici siyasətində köklü dəyişikliklərin olacağı ilə bağlı Lavrovun fikirlərini xatırlasaq, onda problemin həlli ilə bağlı ən azı rəsmi Moskvanın yeni yanaşmasının meydana gəldiyini deyə bilərik. Lakin Dağlıq Qarabağ problemini həll etmək üçün ATƏT-in digər həmsədrləri də konkret siyasi iradə nümayiş etdirməlidirlər. İki gün əvvəl BMT-nin baş katibi Antonio Quterresin də problemin həlli ilə bağlı çağırışı oldu. Bütün bunlar ümidvericidir, diplomatiyamızın gərgin işinin, Prezident İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir. Bu siyasi proses beynəlxalq və regional geosiyasi vəziyyətin lehimizə dəyişməsidir və yüksək qiymətləndirilməlidir. Ancaq problemin həlli üçün mütləq həmsədr ölkələr beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməlidirlər.
Hikmət Babaoğlu deyib ki, bəzi həmsədr ölkələrin baş diplomatları zaman-zaman işğalçı ölkənin xarici işlər nazirinə direktivlər verirlər və biz bunu yaxşı bilirik. Ancaq hazırda vəziyyət bir qədər başqadır. Azərbaycan mühüm əhəmiyyətli ölkədir və onunla hesablaşmanın vaxtının çatdığını hamı hiss edir. Beynəlxalq siyasi proseslərin paradiqmaları və keyfiyyəti o qədər sürətlə dəyişir ki, Azərbaycanın problemi həmsədrlərsiz belə, həll edə bilmək imkanları, ehtimalı artır. Bunu işğalçı Ermənistan da, onu himayə edənlər də dərk edirlər.
Milli Məclisin deputatı vurğulayıb ki, danışıqların intensivləşməsi Azərbaycanın güclənməsi və beynəlxalq nüfuzunun, hərbi-siyasi gücünün artması ilə bağlıdır. Eyni zamanda Azərbaycan regionda olduqca mühüm əhəmiyyətli iqtisadi layihələr həyata keçirir və işğalçı Ermənistan bunların hamısından kənarda qalır. Bunu orta və uzunmüddətli perspektivdə Azərbaycanın daha da güclənməsi, Ermənistanın isə zəifləməsi kimi analiz edən Hikmət Babaoğlu həmsədrlərin bu gerçəkliyi başa düşdüyünü söyləyib.

“ATƏT müşahidəçilərinin sayının 6 nəfərdən 13 nəfərədək artırılması mümkündür”
ABŞ-ın Kentukki Universitetinin diplomatiya və münaqişələrin nizamlanması üzrə professoru, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano da bu görüşlə bağlı özəl olaraq Trend-ə və "Azernews" qəzetinə açıqlama verib. O deyib ki, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində insidentlər adi hal olaraq qalır və genişmiqyaslı hərbi əməliyyatların hər an alovlanma riski var.
Ekspertin sözlərinə görə, 2017-ci ildə Avstriya ATƏT-dəki sədrliyi müddətində səy göstərib ki, Bakı və Yerevanın 2016-cı ildə Vyana və Sankt-Peterburqda razılaşdıqları etimadın möhkəmləndirilməsi mexanizmlərini işə salsın: "İnsidentlərin araşdırılması mexanizmi əvvəlki kimi mürəkkəb olsa da, bundan əvvəl müzakirə olunmuş ATƏT müşahidəçilərinin sayının 6 nəfərdən 13 nəfərədək artırılması mümkündür".
K.Kavano Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri səviyyəsində dialoqun bərpa olunması faktını müsbət qiymətləndirsə də, qeyd edib ki, tərəflər hər hansı bir irəliləyişə nail olmayıblar:
"2017-ci ilin əvvəlində qoşunların qarşıdurma xəttində gərginliyin artması halları qeydə alınsa da, ATƏT-in Minsk qrupu həmsədrlərinin, Avstriyanın ATƏT-dəki sədrliyinin və digər aparıcı qüvvələrin fəal iştirakı Azərbaycanla Ermənistan arasında dialoqun bərpa olunmasına xidmət etdi".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
İspaniya Deputatlar Konqresinin üzvü Xose Mariya Çikiyo: “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir”
19.02.2018
Xocalı faciəsi Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir
19.02.2018
Suriya savaşında enerji faktoru: “Türk axını”na təhlükə var?
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8446

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info