Sitrus meyvələri alarkən diqqət edin
Tarix: 22.05.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Hazırda istehlakda geniş istifadə olunan limon, naringi, portağal, qreyfrut və s. subtropik və tropik meyvələr qruplarından olan sitrus meyvələridir. Müasir dövrdə meyvələrin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Ona görə də bu məhsulların istehlakı zamanı diqqətli olmaq lazımdır. Bu dəfə sitrus meyvələri haqqında istehlakçıların bilməli olduğu məsələlər haqqında danışacağıq.
Sitrus meyvələri sədovkimilər fəsiləsinə, narınc və ya qızılmeyvəlilər yarımfəsiləsinə aiddir. Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qidalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir. Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı tərkibin nisbətən sabit saxlanması bu meyvələrin əhəmiyyətini daha da artırır.
Çox həssas və kövrək xüsusiyyətə malik olan sitrus meyvələrinin dünyanın subtropik və tropik zonalarında yayılmış 40-dək növü məlumdur. Sitrus bitkilərinin meyvələri təzə halda yeyilir və onlardan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır.
Sitrus meyvələri çəyirdəkli meyvələrdən fərqli olaraq ağacdan yerə tökülmürlər və uzun müddət ağacda qalmaq qabiliyyətinə malikdirlər. Mənfi xüsusiyyəti isə uzun müddət ağacda qaldıqda öz rəngini və tamını itirməsidir.
Naringi, portağal və limon ölkəmizdə becərilən əsas sitrus meyvələridir. Bunların içərisində ən geniş yayılmışı naringidir. Bu da onun digər meyvələrlə müqayisədə soyuğa daha çox davamlı olması ilə bağlıdır.
Sitrus meyvələri quruluşuna görə iki hissədən, qabıqdan və ətli hissədən ibarətdir. Ətli hissə şirə kisəciklərindən təşkil olunmuş 6-12 dilimdən ibarət olur. Bu meyvələrində qabığın qalınlığı onların saxlanılması baxımdan əlverişlidir. Belə ki, qabığı qalın olan bu meyvələri daha uzun müddətə saxlamaq mümkündür. Eyni zamanda qabığın qalınlığı ətli hissənin azalmasına səbəb olur. Sitrus meyvələrinin qabığının rəngi limonda açıq-sarı, portağalda və naringidə isə sarımtıl-narıncı olur. Ətli hissəsi narıncı-sarı, zərif lifli və ətirli olur.
Sitrus meyvələrinin tərkibində olan vitaminlər karotin və efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Bu maddələr qabıq hissədə ətli hissəylə müqayisədə daha çox olur. Bundan əlavə onların tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr də olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanıb.
Sitrus meyvələri əsasən noyabr-dekabr aylarında yetişir və yığılır. Limon bir qədər fərqli noyabrın ikinci yarısından dekabrın ortalarına qədər və aprelin axırı, mayda yığılır.
Meyvələrin əsas keyfiyyət göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (olcusu və ya kutləsi), yol verilən kənarlaşmalar, daha doğrusu qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk, fizioloji), həmçinin emalın xarakteri aid edilir.
İstehlak zamanı sitrus meyvələrinin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır. Eyni zamanda bu meyvələrin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Ticarət şəbəkələrinə sitrus meyvələri əsasən yeşiklərə və ya korobka qutulara yığılaraq daşınır. Daşınarkən üstü mütləq örtülməlidir. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada onların növü, xalis çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır.
Saxlanma zamanı bu məhsullarda suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Ona görə də ticarət obyektlərindən keyfiyyətli sitrus meyvələri istehlak etmək istəyən alıcılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir.
Saxlama müddəti saxlama şəraitindən və temperaturundan asılı olaraq portağalda 2 aydan 4 ayadək, limonda 1 aydan 6 ayadək, naringidə iki həftədən bir ayadək, qreypfrutda isə təxminən 1 aydan 3 ayadək təşkil edir. Optimal saxlanma temperaturu naringi üçün müsbət 1-3 C, portağal üçün 1-6 C, limon üçün 2-5 C, qreypfrutlar üçün isə 3-10 C-dir. Havanın nisbi rütubəti bu meyvələr üçün təxminən eyni 85-90% olmalıdır.
Sitrus meyvələri alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki hər bir meyvə onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır.
Ticarət şəbəkələrindən sitrus meyvələri alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan meyvə və tərəvəz içərisindən keyfiyyətsiz mal aşkar olunarsa, onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.
Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Bu kimi hallardan sığortalanmaq üçün mənşəyi məlum olmayan meyvə və tərəvəzləri almaqdan çəkinin. Geni dəyişdirilmiş meyvələr görünüşcə sağlam olmasına və uzun müddət təzə qalmasına baxmayaraq, mütəxəssislərin fikrincə, bu cür məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur və onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Ona görə də əsasən xaricdən idxal olunan və geni dəyişdirilən meyvələri alarkən diqqətli olun.
Aldığınız sitrus meyvələrinin inventar arabasına zədələnməyəcəkləri şəkildə yerləşdirin. Belə ki, bu məhsulların zədələnməsi onların korlanması prosesini sürətləndirir. Bəzən gözlə görülməyən zədələr bir neçə gün sonra məhsulların üzərində qara ləkələrin yaranmasına, məhsulun yumşalaraq xarab olmasına səbəb olur. Sitrus meyvələrində C vitamini yaxşı saxlanılsa da onları ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyə olunur.

Təqdim etdi:İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info