“Gənclərimizi satiranın gücünə tərbiyələndirmək olar”
Tarix: 22.05.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Yasin Qarayev: “Axırıncı on ili götürsək, Azərbaycan mədəniyyətinə,
incəsənətinə dövlət qayğısı bu dərəcədə geniş olmamışdı”


Yasin Qarayev 22 may 1946-cı ildə anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya fakültəsini bitirib, həmin ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. Teatr səhnəsində Cəlal (S.Vurğun "Komsomol poeması"), Qulu (S.S.Axundov "Tamahkar"), Əsəd (C.Məmmədquluzadə "Danabaş kəndinin məktəbi"), Qarakişi, Əziz (İ.Məlikzadə "Gəl qohum olaq", "Sağlıq olsun"), Şah (F.Məmmədov "Sirli dəyirman"), Aşıq, Mahmud (N.B.Vəzirov "Hacı Qəmbər"), Azər, Əflatun (Elçin "Mahmud və Məryəm", "Ölüm hökmü"), Mir Cəfər Bağırov (Ə.Əmirli "Cəza"), Qafar (S.Rüstəm "Çimnaz xanım yuxudadır") və bir çox başqa yaddaqalan obrazları məharətlə yaradıb. Y.Qarayev AZTV-də hazırlanan "Ağ atların valsı" (Ş.Başbayev), "Gəl qohum olaq" (İ.Məlikzadə) və başqa tamaşalarda özünəməxsus obrazlar ifa edib. Y.Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident mükafatına layiq görülüb. Yasin Qarayevlə müsahibəmizi təqdim edirik:

İncəsənət sahəsində teatr cəmiyyətin və gələcək nəsillərin maariflənməsində və püxtələşməsində böyük rol oynayan mədəniyyət mərkəzidir. Mədəniyyət dünyasının mühüm sahələrindən biri olan teatr mərkəzləri müasir dövrün əsas diqqət mərkəzlərindən biri sayılır. Çünki diqqət yetirsək, görərik ki, bu gün Azərbaycan teatr sahəsinə diqqət və qayğı daha da güclənib. Növbəti müsahibim, efirlərdə Hacı Qara obrazı ilə tamaşaçılar tərəfindən böyük rəğbət qazanan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Respublikanın Xalq artisti Yasin Qarayevdir. Prezident mükafatına layiq görülmüş incəsənət xadimləri sırasında hörmətli aktyorumuz Yasin müəllimin də adı var.

-Teatr və Yasin Qarayev-bu iki sözün vəhdət təşkil etməsinin səbəbi nədir? Teatr həyatında “Hacı Qara” obrazı ilə tamaşaçı rəğbət qazandınız. Bu obrazın həyatınızda nə kimi rolu oldu?
- Teatra, incəsənətə, mədəniyyətimizə məhəbbət-bunlar birləşdikdə Yasin Qarayev və teatr olur. Bu günə qədər “Hacı Qara” haqqında bir film çəkilib, bir çox tamaşalar oynanılıb. Amma biz bu tamaşaya Bəhram Osmanovla birlikdə yenidən həyat verdik. Məsələn, cəmiyyət düşünürdü ki, Hacı Qara bir komedik obrazdır. “Hacı Qara”da satira daha çoxdur. Hacı Qara daha çox xəsis obrazı kimi gözə çarpsa da, mən onun xəsis insan obrazı olduğunu deməzdim. Mən deyərdim ki, çox zəhmətkeş bir insan obrazıdır. Çünki öz zəhməti ilə pul qazanan adamdır. Heç vaxt boş yerə pul xərcləməyib. Burada qısa bir parçadan sitat gətirmək istərdim: “Molla Hacı Qaranın yanına gəlib deyir: -Sən mənə bir abbası pul verməlisən. Hacı Qara soruşur: -Niyə? Molla deyir: -Sənin oğlun mənim oğluma deyib ki, mən sənin atan üçün yasin oxuyum. Hacı Qara burada mollanın hiyləsini anlayıb, ona sübut etmək istəyir və deyir: -Mən belə bir söz deyə bilmərəm. Çünki özüm həmişə atam üçün “Quran” oxuyuram”. Bu, onu göstərir ki, demək, Hacı Qaranın təhsili var, yəqin ki, mədrəsədə təhsil alıb, ərəb, fars dillərini bilir, hətta tamaşada Hacı Qara mollaya fars dilində şeir də söyləyib sübut edir ki, niyə sənə bir abbasını verim, mən elə özüm “Quran” oxumağı bilirəm. Belə nüanslar var ki, biz tamaşaçılara açıqlamalar edib göstəririk. Şübhəsiz ki, tamaşaçılarda məni Hacı Qara siması ilə daha da sevdilər.
- İndiki dövrə baxsaq, satira teatr səhnələrində oynanılmır, yox dərəcəsindədir. Bəs bu gün, sizcə, satiraların tamaşaya qoyulması nə dərəcədə vacibdir?
- Mən belə düşünürəm ki, bu, indiki dövr üçün çox vacib olan və əhəmiyyət kəsb edən bir amildir. Zəmanəmiz elə bir dövrə çatıb ki, gənclərimizi satiranın gücünə tərbiyələndirmək olar. Burada Gənc Tamaşaçılar Teatrının (GTT) gənclərin mənəvi tərbiyələnməsində rolu var. Satira da bu sahədə həmişə güclü olub. Ələlxüsus da həmişə M.F.Axundzadənin dili ilə deyiləndə daha güclü olur. Mən qırx ilə yaxındır ki, GTT-da çalışıram. Bu qırx il ərzində çox böyük sənətkarlar görmüşəm, möhtəşəm tamaşalar hazırlanıb, onların şahidi olmuşam. Burada çalışan sənət adamlarını görmüşəm. Bu insanların arasında rejissorlar, aktyorlar, dünyasını dəyişən incəsənət xadimləri var. O insanlar ki, Azərbaycan teatr mədəniyyətinə öz adlarını qızıl hərflərlə yazıblar. Məsələn, bu teatrın banilərindən olan Məmmədağa Dadaşovla, Ağadadaş Qurbanov, Süsən (Susanna) Məcidova, Zəfər Nemətov, Cəvahir İskəndərova bu insanlar teatrın təməlini qoyublar. Bu olub 1927-ci ilin mart ayının 15-də “Fırtına” əsərilə. Mən o insanlarla- Süsən Məcidova, Məmmədağa Dadaşovla bir yerdə işləmişəm. Burada çalışan böyük ustad sənətkarlar Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərovla bu teatrda çiyin-çiyinə çalışmışam və çox şeylər götürmüşəm. Mən belə düşünürəm ki, axırıncı on ili götürsək, Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə dövlət qayğısı bu dərəcədə geniş olmamışdı. Bunların hamısının təməlini ulu öndər Heydər Əliyev qoyub. Yəni, sənətkarlara himayə, diqqət, qayğı, mükafatların təqdim edilməsi, fəxri adların verilməsi, təqaüdlərin təsis edilməsi, mənzil şəraitinin yaxşılaşdırılmasının təməlini Heydər Əliyev qoyub, bu gün də davamçısı, övladı İlham Əliyev o yolu davam etdirir. Azərbaycan mədəniyyəti üçün 300-dən çox sərəncam və fərmanlar imzalanıb. Bunun da nəticəsində Azərbaycanda olan bütün mədəniyyət ocaqları, teatrların bərpası və tikilməsi başa çatıb. Turizm də çox inkişaf edib. O da mədəniyyətin bir qoludur. Son dövrlərdə Azərbaycanda muğam və caz festivalları, Beynəlxalq Kukla Teatrı festivalı keçirilir. Azərbaycanın tarixi abidələri UNESCO-nun şah əsərləri siyahısına daxil olub. Bu da onu göstərir ki, dünya mədəniyyəti böyük bir dəryadırsa, Azərbaycan mədəniyyəti bu dəryaya axan bol suyu olan bir çaydır. Çox az bir müddətdə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qazandığı qələbələr mədəniyyətimizin, incəsənətimizin çiçəklənməsindən xəbər verir. Mən belə düşünürəm ki, Azərbaycan etibarlı əllərdədir.
- Bu gün mədəniyyət sahəsindəki gənclərimizin bəziləri təhsildən kənardır və bayağı işlərlə məşğul olurlar. Sizcə, onları təhsilə cəlb etmək üçün nə etmək lazımdır.
- Keçən ay müddətində biz layihə hazırladıq. Bu layihəni bizim teatr və Səbail Rayon İcra Hakimiyyəti birlikdə həyata keçirdi. “Azpec” adlı bir qurum dünya beynəlxalq uşaq teatrlarını özündə birləşdirir. Bu quruma 70-dən çox dövlət daxildir. Keçən il GTT bu quruma daxil edildi və 60-dan çox ölkənin rejissorları, aktyorları Bakının qonağı oldular, GTT-nın bir neçə tamaşasını izlədilər. Bununla da belə bir qərara gəldilər ki, qurumun mərkəzi GTT olsun. Qurumun prezidenti isə teatrımızın müdiri Mübariz Həmidov seçildi. Qurumun sədri xorvatiyalı rejissordur və hazırda “Buratino” tamaşası hazırlanır. Bu, çox sevindirici bir haldır. Bu, Azərbaycan mədəniyyətinin, incəsənətinin qələbəsidir. Biz bu layihə ilə Səbail rayonunun məktəblərində konkurs keçiririk. 17 məktəbdə olduq. Xalq artistləri, Əməkdar artistlər münsiflər heyətinə bölündü və “Mən teatr haqqında danışıram” adlı görüş keçirildi. Bununla da biz uşaqların teatr haqqında olan fikirlərini öyrəndik. Hətta şagirdlər bizə bilmədiyimiz tamaşalar haqqında, Hindistan teatrı haqqında danışdılar. Yarışma iki turdan ibarət idi və 58 şagird turdan keçdi və onlar diplomlarla təltif olundu. Sonda konsert keçirildi və 58 şagirdin arasından üç şagirdə hədiyyələr verildi. Yəni, cavanların teatra münasibəti çox gözəldir. Bildiyiniz kimi, cənab Prezident Azərbaycan teatrının 140 illik yubileyinin rəsmi şəkildə keçirilməsi üçün sərəncam imzaladı. Buna qədər isə hər il mart ayının 10-nu Azərbaycan Teatr Günü kimi qeyd edirdik. Çünki ilk dəfə olaraq Mirzə Fətəli Axundzadənin əsəri mart ayının 10-da tamaşaya qoyulub. Buna görə də biz bu tarixi “Teatr bayramı” kimi qeyd edirdik. Artıq bu tarix rəsmi bayrama çevrildi.
- Bugünkü istedadlı gəncləri məktəb yaşlarından müsabiqə yolu ilə teatra cəlb etmək, sizcə, nə dərəcədə düzgündür?
- Bizim bədii şuramız var. Yeni tamaşalardan sonra müzakirə olunur və hər kəs öz fikrini bildirir. Bədii şura üzvlərinin arasında Səbail rayonunun məktəbli uşaqları da var. Onlar teatrla maraqlanan qabiliyyətli uşaqlardır və bizim tamaşalarımızı təhlil edirlər. Universitet yalnız istiqamət verir. Ümumiyyətlə, aktyor olan şəxsdə mütləq Allah vergisi olmalıdır. Məsələn, keçmişdə bizim aktyorlarımızın çoxunun ali təhsili olmayıb. Amma onlarda Allah vergisi olduğu üçün onlar tarixdə qalıblar. İndi teatrımızın işçilərinin uşaqları bizimlə birlikdə çalışırlar. “Buzovna kəndinin əhvalatları” tamaşasında 6-7 nəfər balaca uşaq oynayır. Hamısı da çox istedadlı uşaqlardır. Tamaşaçı da tamaşadan razı qalır.
-Yasin Qarayev Azərbaycan teatrını gələcəkdə necə görmək istəyir?
- Az öncə qeyd etdiyim kimi, Azərbaycan çiçəklənmə dövrünü yaşayır və hər şey yaxşıya doğru dəyişir. Vaxt gələcək Azərbaycan teatrının səsi dünyanın ən böyük salonlarından gələcək. Mən buna əminəm. 10-15 il əvvələ qədər Azərbaycan sərhədlərindən kənara çıxa bilmirdik. Bu yaxınlarda isə bizim teatrımız Şri-Lankada festivaldan qayıdıb. Bu GTT-nin qələbəsidir.
-Gələcəkdə hansı rolları ifa etmək istərdiniz?
- Sənətşünas İlham Rəhimli mənim haqqımda bir veriliş hazırladı və o da mənə bu sualı verdi. Mən özümdən asılı olmayaraq kövrəldim və cavab verə bilmədim. Bu teatrda mənim müəllimim Hüseynağa Sadıqov olub. Teatrın nə demək olduğunu ondan öyrənmişəm. O, “İki ağanın bir nökəri” tamaşasını hazırlayırdı və bu tamaşada mənə vaxtilə oynadığı “Turpaldino” rolunu təklif etdi. Bu tamaşaya “Moskvafilm” kinostudiyası iki hissəli film çəkmişdi. Bu obrazı Konstantin Rakin çox gözəl canlandırmışdı. Ancaq təəssüf ki, Hüseynağa müəllim dünyasını dəyişdi. Onunla bərabər mənim də arzum ürəyimdə qaldı. Bu sualın cavabı və mənim kövrəlməyimin səbəbi budur...
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info