Pakistanda “Şəhidlər ölməz və unudulmazdır” adlı tədbir keçirilib
Tarix: 23.01.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Daxili İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Şəhidlər ölməz və unudulmazdır” mövzusunda anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Pakistan şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə Pakistan Daxili İşlər Nazirliyinin rəhbərliyi, şəhid ailələri, polis zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri və digər diplomatlar, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları İslamabad ərazisi üzrə Baş Polis İdarəsində Azərbaycan və Pakistan bayraqlarının dalğalandığı “Şəhidlər” abidəsinin önünə əklil qoyublar. Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinin qazanılmasındakı rolundan bəhs edən videoçarx nümayiş etdirilib.
İslamabad ərazisi üzrə Baş Polis İdarəsinin rəhbəri Sultan Azam Teymuri rəhbərlik etdiyi qurumda 20 Yanvar hadisələrinin 28-ci ildönümünün və hər iki ölkə şəhidlərinin xatirəsinin yad edilməsinin qürurverici olduğunu bildirib, bu təşəbbüsə görə Azərbaycanın Pakistandakı səfirliyinə minnətdarlığını çatdırıb. O rəhbərlik etdiyi idarənin əməkdaşlarının Pakistanın terrorla mübarizədə apardığı əməliyyatlardakı igidliyindən danışıb, şəhidlərin hər zaman hörmət və ehtiramla yad olunacağını bildirib.
Pakistan daxili işlər nazirinin müavini Rizvan Malik çıxışında Azərbaycan şəhidlərinin öz canlarını Vətən uğrunda fəda verdiyini, şəhidlərin xatirəsinin əziz tutulduğunu, Azərbaycanda olduğu kimi, Pakistanda da şəhid ailələrinə daim diqqət və qayğı göstərildiyini bildirib. Azərbaycanla yanaşı, Pakistanın da terrorla mübarizədə böyük qurbanlar verdiyini bildirən daxili işlər nazirinin müavini hər iki ölkənin bundan sonra da terrora və ekstremizmə qarşı mübarizəni davam etdirəcəyini, ölkələrimizdə sülh və sabitliyin nəzarət altında saxlanacağını diqqətə çatdırıb.
Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud ul Həsən Xan öz istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatı keçirən Azərbaycan xalqına qarşı sovet imperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu söyləyib. O, bu hadisənin yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün mühüm nəticələrə səbəb olduğunu, SSRİ-nin dağılması ilə Azərbaycanın və digər postsovet ölkələrinin azadlığa qovuşduğunu faktlarla izah edib, ulu öndər Heydər Əliyevin o zaman SSRİ-nin rəhbərliyinə qarşı tarixi bəyanatının, göstərdiyi qətiyyət və fədakarlığın əvəzedilməz olduğunu vurğulayıb.
Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında hüznlü, eyni zamanda, şərəfli gün kimi qaldığını bildirən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar hadisələrinin motivlərinə toxunub, tarix boyu, eləcə də 1987-ci ilin sonlarından etibarən SSRİ rəhbərliyinin bilavasitə dəstəyi ilə ermənilərin Azərbaycan xalqına qarşı qətllər və etnik təmizləmə siyasəti həyata keçirdiyini bildirib. Səfir Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya olunması, həmçinin Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi kimi sərsəm ideya və haqsızlıqlara qarşı 1990-cı ilin əvvəllərində Bakıda başlayan dinc nümayişlərin yanvarın 20-də sovet ordusu tərəfindən kütləvi qırğınla yatırılmasına cəhd edildiyini diqqətə çatdırıb. Səfir sovet rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılan, çoxsaylı erməni əsilli xüsusi təyinatlıların da cəlb olunduğu sovet ordusunun hərbi birləşmələrinin törətdiyi bu qırğının Azərbaycan xalqının azadlıq əzmini qırmaq və sovet rejimini xilas etmək məqsədi daşıdığını, lakin tam əks nəticə verərək Azərbaycan xalqını qətiyyətlə birləşdirdiyini, müstəqilliyin labüdlüyünü sübut etdiyini bildirib. O, sovet rəhbərliyinin və mediasının o zaman hadisələri hətta ört-basdır etməyə çalışdığını, lakin bütün təzyiqlərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin cəsarətli bəyanatı nəticəsində hadisənin təşkilatçılarının və nəticələrinin dünya ictimaiyyətinə çatdırıldığını qeyd edib.
Səfir ermənilərin terrorizm və etnik təmizləmə siyasətinin hazırda da davam etdiyini, Azərbaycanın Pakistanı yaxşı anladığını, qardaş Pakistanın da terrorizm və ekstremizmlə mübarizədə böyük qurbanlar verdiyini, fədakarlıqlar göstərdiyini diqqətə çatdırıb. Diplomat Azərbaycan və Pakistan şəhidlərinin qəhrəmanlıq və fədakarlığının hər iki xalq üçün qürur və şərəf mənbəyi, eləcə də gələcək nəsillər üçün birlik və həmrəylik yolunda qətiyyət və əzm örnəyi olaraq qalacağını vurğulayıb.
Tədbirdə Pakistanın şəhid ailələrinin övladları tərəfindən şəhidlərlə bağlı təqdim olunan səhnəciklər iştirakçılarda hüznlü təəssürat yaradıb, polis orkestrinin ifası mərasim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Mərasimdə ehsan süfrəsi açılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info