Aşqarlar Kimyası İnstitutu: keçmişi və bu günü
Tarix: 23.01.2018 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş SSRİ-də aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə məhz Bakıda həyata keçirilib. Sovet İttifaqında sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar 1945-ci ildə akademik Əli Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində yaradılıb. Bu kollektivin apardığı fundamental və tətbiqi tədqiqatlar SSRİ-də keyfiyyətli aşqarların yaradılmasının və sənaye istehsalının təməlini qoyub. Ə.Quliyev və laboratoriya əməkdaşları 1948-ci ildə “АзНИИ-depressatoru” aşqarının yaradılması və sənayedə tətbiqinə görə SSRİ Dövlət mükafatına layiq görülüblər. “АзНИИ-4” aşqarının istehsal texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiqinə görə Ə.Quliyev və digər müəlliflər 1950-ci ildə ikinci dəfə bu mükafatı alıblar.
Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alan SSRİ-nin görkəmli alimlərinin təklifinə əsasən, bu laboratoriya əsasında 1965-ci ildə ölkəmizdə ilk ixtisaslaşmış Azərbaycan Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) yaradılıb. Аkаdemik Ə.Quliyev 1987-ci ilə qədər institutun direktоru оlub. 1987-ci ildən institutа Ə.Quliyevin yetirmələrindən biri olan аkаdemik Vaqif Fərzəliyev rəhbərlik edir.
Akademik V.Fərzəliyev AZƏRTAC-a müsahibəsində aşqarların yaradılması tarixindən danışıb: “Bürünc dövründə çoxlu ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gələndən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə isladanda o sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. Tədricən daxiliyanma mühərrikləri, avtomobillər yarandı. Artıq bitki yağları bunların işini keyfiyyətcə və miqdarca təmin etmək üçün kifayət deyildi. Ona görə də o dövrdə sürtkü yağı kimi başqa mənbədən istifadə etməyə başladılar. İlk növbədə, neftdən istifadə etməklə sürtkü yağları almağa başladılar. Fərəhli haldır ki, dünyada ilk dəfə 1870-ci ildə sürtkü yağlarını Bakıda neft emalı zavodunda aldılar və bu yağlardan istifadəyə başladılar. Texnika inkişaf etdikcə sürtkü yağlarına olan tələblər də artdı. Sürtkü yağlarında arzu olunmayan maddələr var. Əgər sürtkü yağı müsbət 10 dərəcədə donursa, deməli, bunu qışda istifadə etmək olmayacaq. Ona görə də donma temperaturunu aşağı salmaq üçün yağların tərkibində parafin deyilən maddələri təmizləməyə başladılar. Artıq 1930-cu illərdə təmizlənmə prosesi ilə də istənilən keyfiyyətdə yağ almaq mümkün olmadı. Ona görə, 1940-cı illərdə belə bir fikir formalaşdı: “Artıq yağdan nəyisə çıxartmaq yox, nəyisə əlavə etmək lazımdır”. Həmin maddələrə biz aşqar deyirik. Son nəticədə “əlavələr” demək daha dəqiq olardı. Artıq aşqarlar dövrü gəlib çıxdı. Keçmiş SSRİ-də 1940-cı illərin əvvəllərində bu sahə inkişaf etməyə başladı. Aşqarlarla məşğul olan ilk elmi mərkəz Moskvada yaradıldı. Akademik Yusif Məmmədəliyevin təklifi ilə Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunun nəzdində 1945-ci ildə yağlar və aşqarlar laboratoriyası yaradıldı”.
Akademik bildirib ki, artıq laboratoriya tərəfindən yaradılan aşqarların nəticəsində Sumqayıtda aşqarlar zavodu tikildi. Həmin zavodun məhsulları SSRİ miqyasında istifadə olunurdu. 1970-ci ildə SSRİ İtaliyadan “Fiat” şirkətinin modelini aldı, Tolyattidə “Jiquli” avtomobilləri buraxmağa başladı. O dövrdə “Jiquli”nin bütün mühərrik, transmissiya yağlar İtaliyadan gəlirdi. İnstitut “Jiquli” maşınları üçün transmissiya yağı yaradır və sınaqdan keçirildikdən sonra tətbiq edilir. Həmin aşqarların istehsalı Rusiyada təşkil olunur. Bu da institutun fəaliyyətinin təkcə Azərbaycan yox, bütün SSRİ miqyasında özünü doğrultduğunu göstərir.
AKİ bu gün də öz keçmiş nüfuzunu qoruyub saxlayır. Vaqif Fərzəliyev rəhbərlik etdiyi müəssisənin elmi nəticələrinin istehsalata tətbiqi imkanları ilə bağlı fikirlərini bölüşərək deyib: “İstehsalatda belə bir xüsusiyyət var ki, az miqdarda istehsal olunan məhsul gəlir vermir. Miqyas böyüdükcə onun maya dəyəri aşağı düşür. İndiki dövrdə biz artıq bəzi aşqarları tətbiq etməyə, istehsalını təşkil etməyə hazırlaşırıq. Dövlətimizin başçısının göstərişi də odur ki, AMEA respublikanın iqtisadiyyatının inkişafı istiqamətində də fəaliyyət göstərsin. Aldığımız maddələr tək aşqar kimi yox, başqa sahədə də istifadə oluna bilər. Bir qrup aşqar var ki, onlar neft məhsullarının bioloji zədələnməsinin qarşısını alır. Yağlayıcı soyuducu mayelər sahəsində də çalışırıq. Həmin yağlayıcı soyuducu mayelər zavodda metal emalında istifadə olunur. Həmin maddə verilir ki, metalın səthi yaxşı olsun. Yağlayıcı soyuducu mayelərin bioloji zədələnməsinin qarşısını almaq üçün biosidlərdən istifadə olunur. Xüsusi aşqarlar biosid adlanır, həmin mikrobları öldürür, göbələkləri öldürür. Belə bir nəticəyə gəldik ki, əgər bu neft məhsullarında, mikrobları öldürürsə, bunu başqa sahələrdə də yoxlamaq lazımdır. Ona görə də biz onları fizioloji fəal maddələr kimi yoxlamaq üçün AMEA-nın fiziologiya və mikrobiologiya institutları ilə əlaqə qurduq, son üç ildə xüsusi bir proqram yerinə yetirdik”.
İnstitutda torpaqların məhsuldarlığını yaxşılaşdıran və onları yenidən dövriyyəyə qaytarmağa imkan yaradan mikrobioloji gübrələrin və preparatların hazırlanması üçün biotexnologiyalar işlənilib. Seleksiya olunmuş müxtəlif fizioloji mikroorqanizm qrupları və torpağı münbitləşdirən bəzi komponentlər əsasında elmi cəhətdən əsaslandırılmış ekoloji təhlükəsiz preparatlar yaradılıb ki, onlar torpaqların təbii münbitliyini bərpa edərək bütün bitki növlərinin məhsuldarlığını artırmağa qadirdir. İnstitutda elmi tədqiqatlar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri”nə uyğun aparılıb.
İnstitutun direktoru bildirib ki, aparılmış tədqiqatlar nəticəsində çoxfunksiyalı aşqarların bir sıra yeni modifikasiyaları, sürtkü yağlarının yüksək temperaturda oksidləşməsinin inhibitorları, müxtəlif qələviliyə malik yarımsintetik sulfonatlar, yeyilməyə və siyrilməyə qarşı yüksək təsirə malik aşqarlar, neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan biosid aşqarlar, fizioloji fəal maddələr, materialların müxtəlif mühitlərdə korroziyasının inhibitorları və buruq məhlullarının fiziki-mexaniki xassələrini stabilləşdirən reagentlər sintez edilib.
Bundan əlavə, yüksək təsirə malik aşqarların məqsədyönlü sintezinin elmi əsaslarının yaradılması məqsədilə bəzi aşqarların təsir mexanizmi və onların quruluşu ilə funksional təsiri arasındakı asılılıq öyrənilib. Türkiyə və İtaliya alimləri ilə aparılmış birgə tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, institutda sintez edilmiş fizioloji-fəal birləşmələrin bir qismi yüksək fizioloji fəallığa malik olaraq hüceyrə və toxuma səviyyəsində baş verən bəzi patoloji proseslərə qarşı yüksək inhibitor xassəsi göstərir. Nəticələr 8 məqalə şəklində Böyük Britaniya və ABŞ-ın yüksək impakt faktorlu jurnallarında dərc edilib və iki məqalə hazırda nəşrdədir. Bir monoqrafiya isə Almaniyada çap olunub.
Müxtəlif baza yağları və institutda sintez olunmuş yeni aşqarlardan və digər müasir aşqarlardan istifadə etməklə dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif transmissiya və konservasiya yağları, həmçinin bəzi yağlayıcı-soyuducu mayelər yaradılıb, normativ-texniki sənədlər hazırlanıb və sənayedə tətbiq üçün tövsiyə edilib. Yaradılmış sürtkü kompozisiyalarının istehsalı “AMEA Təcrübə-Sənaye Zavodu”nda təşkil edilib. Hazırda zavodda istehsal edilən sürtkü yağları respublikanın bir sıra müəssisələrində istifadə edilir.
İnstitutda ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılıb və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılıb. Yaradılmış texnologiya “AMEA Təcrübə-Sənaye Zavodu”nda sınaqdan keçirilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info