Müstəqil Azərbaycan:- Varislik və Yeniliyin vəhdəti
Tarix: 26.01.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Zülfiyyə Vəliyeva |

ADPU-nun “Pedaqoji təhsilin problemləri” ETL-nin
elmi işçisi, Respublikanın Əməkdar Müəllimi.
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi”
Layihəsi üzrə Milli məsləhətçi
E-mail:zulfiyye-veliyeva@mail.ru


Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. Cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdu.28 may bizim ücün nə deməkdir? Əgər nəzərə alsaq ki, bugünkü müstəqil Azərbaycan 1918-ci ilin müstəqil Azərbaycanın davamı və varisidir, bu gün fəxr etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadliq hərəkatinin nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən alıb. Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi.
Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.
Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda, milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır. İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə, o cümlədən 217 azad dinləyici təhsil alırdı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gəncin xaricə göndərilməsi, hər bir tələbəyə 400 frank təqaüdün, 1000 frank yol xərcinin təyin olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48 780 nəfərə çatdı. Bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdir. AXC-nin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunmasında da əhəmiyyətli işlər görmüşdü. 16 iyunda Milli Şura və Azərbaycan Hökuməti Gəncəyə, sentyabrın 17-də oradan Bakıya köçmüş, noyabrın 19-da Azərbaycan parlamentinin təsis olunması barədə qərar qəbul olunmuş, 7 dekabrda isə Azərbaycan Milli Məclisi artıq fəaliyyətə başlamışdır. 19 noyabr 1918-ci il - heç şübhəsiz dünyanın yeni siyasi tarixinin ən önəmli günlərindən biridir. parlamentarizm, özünüidarəetmənin ən vacib aləti kimi şərq dünyasında ilk dəfə məhz Azərbaycanda tətbiq olundu.100 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman şərqində avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu və bu prosesdə o, Türkiyə Gümhuriyyətini bir neçə il qabaqladı. İdarə üsuluna görə ADC parlament respublikası idi. Parlament respublikası, xalqın demokratik haqq və hüquqlarını yüksək səviyyədə təmin edən ən mütərəqqi idarəetmə sistemi kimi elə 21-ci əsrdə dünyada sayılan ölkələrdə tətbiq olunur. "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı.Seçki qanununa görə, Azərbaycanda qadınlarla kişilərin seçib-seçilmək hüquqları eyni idi. AXC vətəndaşlara demokrtik haqq və özgürlüklər təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu və bu işdə Azərbaycan parlamentinin müstəsna rolu vardı.1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimizin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun yaşadığını təsdiqlədi. 26 il əvvəl, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər aradan qaldırıldı.Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. AXC-nin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti uzun illər sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli lider Heydər Əliyev vermişdir: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu".Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.
Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb: “1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi”.Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixdə Sərəncam ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir. Azərbaycanın müstəqilliyi dönməz və əbədidir !.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info