“Azərbaycanda gedən inkişaf prosesləri dünya xalqlarını heyrətləndirir”
Tarix: 23.05.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Orxan Həsənoğlu: “Xaricdə yaşayan hər bir azərbaycanlı ancaq Azərbaycan üçün çalışmaq ideyası ilə birləşməlidir”

Müsahibimiz Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğludur

-Sədri olduğunuz təşkilatın fəaliyyəti barədə məlumat verərdiniz.
- Əvvəlcə mən sizin vasitənizlə bütün oxucularınızı və xalqımızı salamlamaq istərdim. Bildirim ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) artıq ikinci ildir ki, fəaliyyət göstərir. Biz bu yola yeni çıxanda, əlbəttə ki, çoxlu müsbət reaksiyalarla yanaşı mənfi reaksiyalar da aldıq. Mənfi fikirlər əsas ondan ibarət oldu ki, Kipr balaca bir adadır və burada qardaş kiprli türklər onsuzda Azərbaycanı tanıyır, onun milli mədəniyyətinə və milli kimliyinə bələddir. O gün də bildirdik və bu gün təkrar bildirirəm ki, AKDC ehtiyacdan yarandı. Belə ki, biz kiprliləri yox, məhz burada təhsil alan 98 fərqli ölkədən 60 minə yaxın tələbəni hədəf almışdıq. Ölkəmizin milli dəyərləri və bununla yanaşı müasir problemlərimiz, Dağlıq Qarabağ problemi haqqında gerçək informasiyaları bu gənc və dinamik topluma çatdırmaq məqsədi güdürdük. Demək olar ki, bu zaman içərisində biz ideyalarımızın bir qisminə yüksək səviyyədə nail olduq. 2012-ci ildə və bu il bir neçə beynəlxalq səviyyəli tədbir həyata keçirdik. Xarici tələbələrin qatılımı ilə keçirilən bu tədbirlər sadəcə Kiprdə olmadı, həmçinin digər missiyamız da Kiprin həm Azərbaycanda, həm də türk dünyasında tanınmasına yönəlib. Bununla da bağlı “Azərbaycanda bir gəncin gözü ilə Kipr” adlı rəsm sərgisi təşkil etdik. Qazaxıstanda fevral ayından başladığımız Kipr Tanıtım Proqramları davam edir. Bu proqram çərçivəsində mən üç dəfə bu ölkəyə səfər etmişəm. Astana və Almatı universitetlərində 50-dən çox görüş keçirmişik ki, bu da bir o qədər də asan məsələlər deyil. Əlbəttə, bu fəaliyyətlərimiz davam etdiriləcək.
-Kiprdə Azərbaycan diasporunun mütəşəkkilliyi hansı səviyyədədir?
- Bilirsiniz, Kipr həm coğrafiya olaraq və həm də statusu ilə bağlı digər ölkələrdən olduqca fərqlənir. Elə burada yaşayan azərbaycanlılar da digər ölkələrdə olan həmvətənlilərimizin həyat tərzindən fərqli yaşayırlar. Belə ki, digər ölkələrdə olan soydaşlarımızın böyük əksəriyyəti ya sovet hakimiyyətindən öncə bu ölkələrə sürgün edilmişlər, ölkəmizdən uzaqlaşmaq məcburiyyətində qalmışlar, keçmiş sovet ölkələrində olanlarsa, o dövrdə işlə bağlı, təhsillə bağlı, hərbi xidmətlə bağlı gedib qayıtmayanlardan ibarətdir. Kiprdə isə durum tamamən fərqlidir. Buraya köç edən azərbaycanlıların elə də qədim bir qürbətçilik tarixi yoxdur. Burada yaşayan azərbaycanlı ailələrin böyük əksəriyyəti universitetlərdə çalışan professor-müəllim heyətindən ibarətdir, kiçik bir hissəsi isə müxtəlif peşə sahibləridir. Buradakı həmvətənlilərimizin əsas hissəsi hansı ki, minə yaxını gənc nəslin payına düşür. Kiprin universitetlərində təhsil alan azərbaycanlı gənclərdir. Əlbəttə, onların bir hissəsi vətənpərvər, milli ruhlu gənclərdən ibarətdir. Ancaq üzülərək bildirim ki, əsas hissəsi bizim milli maraqlara çox soyuq yanaşırlar. Bunun da əsas səbəbi təhsillərinin zəif olması və universitetlərarası real rəqabətlə bağlıdır. Bir tədbir hər hansı bir universitetdə baş tutursa, digər universitetin rəhbərliyi öz tələbələrinə şərait yaratmaq istəmir ki, o tədbirə qatılsınlar. Bu, Kiprin ən başlıca problemidir. Bunu açıqca ifadə etmək lazımdır. Başqa məqamlar da var ki, inşallah, yaxın vaxtlarda həllini tapacağına ümid edirik.
-Dünya ölkələrində Azərbaycan diasporunun təşkilatlanması prosesi güclənir. Bu proseslə bağlı nələri təklif edərdiniz?
- Mən sizin fikrinizlə razıyam ki, bu gün müxtəlif ölkələrdə Azərbaycanın imici, onun strateji əhəmiyyəti, müəyyən beynəlxalq müzakirələrdə mövqeyi diqqətdədir. Ölkəmizin başçısı cənab İlham Əliyevin apardığı müstəqil xarici siyasətin düzgün istiqaməti, Azərbaycanın Prezidenti kimi geosiyasi məsələlərdə qərarlılığı ümumi inkişafa da öz töhfəsini verir. Bu, bir anlamda diasporun güclənməsinə, bu istiqamətdə işin asanlaşmasına gətirib çıxarıb. Dünya çox böyükdür, biz say və ərazi baxımından balaca bir xalq olsaq da, bu gün özümüzdən çox sayda və ərazicə böyük xalqlardan üstün cəhətlərimizə görə fərqlənirik. Bu, keçmiş SSR dövründə də özünü büruzə verib. Yalnız diasporumuzun bu illər ərzində birləşmiş bir formada fəaliyyət göstərə bilməməsini mən bu formada izah edərdim ki, bu, SSR dövründə doğulub böyüyən, həyatının böyük bir qismini bu quruluşda yaşayan insanlarla, Avropada, Amerikada və digər ölkələrdə yaşayan insanların dünyagörüşü, Azərbaycana baxışının müxtəlif olması ilə bağlı idi. Əlbəttə ki, vətən sevgisinin çəkisi yoxdur, onların hər biri eyni qaydada ölkəmizi sevirlər, sadəcə burada fəaliyyət forması və modeli fərqli idi. Keçən bu müstəqillik illərində bütün dünyada yaşayan azərbaycanlılarımız özlərini müstəqil bir ölkənin vahid xalqı kimi qəbul edə bildilər. Gənc nəsillə yaşlı nəsil arasında ciddi fikir ayrılığı var idi. Belə bir bənzətmə bəlkə də doğru olardı ki, bu gün artıq 60 yaşından yuxarı yüz minlərcə azərbaycanlı sosial media vasitələrindən, sosial paylaşım saytlarından, “Twitter”dən, “Facebook”dan istifadə edirlər. Hansı ki, 10 il öncə onlar bizi bunlardan uzaqlaşdırmağa çalışırdılar. Ümid edirəm ki, diasporumuzun balaca texniki məsələləri də zaman içində öz həllini tapacaq.
Təkliflərə gəlincə, mən onu demək istərdim ki, daha doğrusu, arzulayardım ki, diaspor fəaliyyəti ilə məşğul olanlara qarşı ayrı-seçkilik olmasın, dünyanın harasında olursa-olsun, azərbaycanlılara doğma münasibət göstərilsin. Mənim hər zaman inandığım və qürurla hər fürsətdə ifadə etdiyim ulu öndərin bir fikri var: “Harada olursunuzsa, olun, harda yaşayırsınızsa, yaşayın, yalnız öz xalqınıza, öz millətinizə müxalifətdə durmayın”. Xaricdə yaşayan hər bir azərbaycanlı ancaq Azərbaycan üçün çalışmaq ideyası ilə birləşməlidir. Bəzən xaricdə belə bir fikir formalaşır ki, Diasporla İş üzrə Dövlət Komitəsi mütləq nəsə etməlidir. Komitə dövlətin siyasətini həyata keçirir, diaspor sahəsində fəaliyyəti tənzimləyir. Hər bir azərbaycanlı yaşadığı hər hansı bir xarici ölkədə bir qeyri-rəsmi səfir kimi davranmalıdır. Yeri gələndə isə komitə də onu müdafiə etməlidir. Diasporumuzun hər bir nümayəndəsi anlamalıdır ki, şəxsi münasibətləri, şəxsi maraqları dövlətin, millətin, xalqın maraqlarına qurban vermək lazım deyil. Diasporumuz vahid informasiya mərkəzində toplanmalıdır. Bu, virtual bir mərkəz olmalıdır. İnternet vasitəsi ilə onlar öz aralarında virtual konfranslar, toplantılar, müzakirələr apara bilərlər. Bu gün necə ki internet vasitəsi ilə minlərcə insan ortaq söhbətə qoşulurlar. Bu sahədə ciddi iş aparılmalıdır. Müasir dünya bunu tələb edir. Necə məktublaşmadan uzaqlaşıb e-məktublara keçmişiksə, fiziki olaraq iclaslardan da uzaqlaşıb müasir informasiya vasitələrinin köməyi ilə bu cür konfranslar edə bilərik. Hər hansı bir ölkədə tədbir keçirilir və bu tədbirə ancaq imkanı olan insanlar qatılır. Dövlətimiz buraya milyonlarca vəsait ayırır. Yavaş-yavaş virtual fəaliyyətə keçmək lazımdır.
-Azərbaycandakı ictimai-siyasi proseslər, Azərbaycandakı tərəqqi məsələləri dünya KİV-də və Kipr cəmiyyətində necə bilinir və izlənilir?
- Son illərdə, doğrudan da Azərbaycanda gedən inkişaf prosesləri, deyim yerinə düşərsə, dünya xalqlarını, əsasən də bizim tarixi düşmənlərimizi heyrətləndirir. On il öncə elə xaricdəki soydaşlarımızı da inandırmaq olmazdı ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək, beynəlxalq olimpiadaların, yarışların qalibi olacaq, “Eurovision” kimi nəhəng bir yarışmada birincilik və bu il ikincilik qazanacaq. Qafqazda yerləşən bir ölkənin dünyanın nəhəng tədbirlərinə ev sahibliyi edəcəyinə inanmaq əvvəllər çətin idi. Bu tədbirlər, əlbəttə, dünya mətbuatı tərəfindən diqqətlə izlənilir, insanlara məlumat verilir. Mən Kiprdə işimlə bağlı olaraq tez-tez xarici ölkələrə səfər edirəm. Bu ölkələrdə Azərbaycan haqda, xalqımız haqda çox böyük məlumatlar, müsbət fikirlər formalaşıb. Bunda beynəlxalq mətbuat orqanlarına və eləcə də sizlərə - ölkəmizin mediasına minnətdarlıq duymaq lazımdır. Bu, xaricdə yaşayan biz azərbaycanlıları da sevindirir. Şimali Kipr xalqına gəlincə, bu balaca xalqın Azərbaycana olan sevgisi hər zaman cəmiyyətdə özünü büruzə verir. Bu gün Kiprə ən yaxın ölkələrdən biri bizik, bu gün Kipr xalqı bizi özlərinə böyük qardaş kimi görürlər. Sevincimizə sevinirlər, qara günlərimizə üzülürlər. Kipr mediası bizim keçirdiyimiz tədbirlərdə hər zaman yaxından iştirak edir, elə olub ki, tədbirimizi canlı yayıblar televiziyalarda. Hər bir tədbirimizə başda ölkə prezidenti olmaqla, millət vəkilləri, nazirlər, ictimai xadimlər qatılıblar. Bu, bizim xalqımıza, dövlətimizə olan sevgidən irəli gəlir. Eyni zamanda onu da xüsusi qeyd etməliyəm ki, Azərbaycan hökuməti də onlara həmişə isti münasibət göstərir, beynəlxalq təzyiqlərə baxmayaraq, onlara qarşı ayrı-seçkilik etməyib, başqa türk dövlətlərinə olduğu kimi, Şimali Kipr Türk Cümhuriyyətinə də eyni münasibəti göstərib. Əlbəttə, bu nə Kipr türk xalqının, nə də mediasının diqqətindən yayınmayıb.
-Kipr-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Rəsmi münasibətlərin daha da inkişafına mane olan beynəlxalq problemlərlə yanaşı, başlıca problemlərdən biri də Dağlıq Qarabağ kimi bir qloballaşmış problemimizin olması ilə bağlıdır. İctimai münasibətlərə gəlincə ortaq milli kimliyə sahib olmağımız, ortaq dəyərlər və dil birliyimiz xalqlar arasındakı münasibətlərin inkişafında başlıca rol oynayır ki, bu da bu gün ən yaxşı səviyyədədir. Yalnız düşünürəm ki, əksik qalan tərəflərimiz də az deyil. Belə ki, son on, on beş il öncə Kipr daha çox turizmi və tarixi ilə tanınırdısa, bu gün artıq adada yerləşən 8-dən çox universiteti ilə də dünyada tanınmağa başlayıb. Bizim təhsil sahəsində münasibətlərimiz daha da inkişaf etməlidir. Bu gün Kiprdə minə yaxın azərbaycanlı təhsil alır, bu universitetlərdə çox sayda professor-müəllim heyətimiz çalışır. Kipr universitetlərinin modelində ölkəmizdə təhsil sektorunu inkişaf etdirmək, qarşılıqlı təcrübədən yararlanmağa ehtiyac var. Müasir dünya ali təhsilində kampus universitetlərinin böyük önəmi var. Kiprdəki bütün universitetlərdə kampus həyatı mövcuddur ki, bu da gənc nəslin mütəxəssis kimi yetişməsinə böyük təsir gücünə malikdir. Biz bu təcrübədən yararlana bilərik. Bununla bağlı biz AKDC olaraq Naxcıvan Muxtar Respublikasında beynəlxalq kurslar təşkil etmişik. İnşallah, yaxın gələcəkdə Gəncədə və digər regionlarda da bu kimi elmi tədbirlər keçirəcəyik. Ancaq nə yazıq ki, bu günə qədər bu sahədə bir neçə adamın ölkəmizdə təhsil sektorundakı şəxsi maraqları sadəcə onlara xidmət edirdi. Kipr universitetlərinin bir neçəsində olan bizimkilərdən bəziləri Təhsil Nazirliyindəki himayədarları ilə əl-ələ verərək bunu şəxsi bizneslərinə çevirmişdilər. Təhsil Nazirliyimizdə aparılan sürətli köklü islahatlar sayəsində, düşünürəm ki, bu sahədə də ciddi irəliləyişlər olacaq. Hər birimiz hansı sektorda olmağımızdan asılı olmayaraq ölkəmizi düşünməli, hər addımımızda xalqımızın maraqlarını öz şəxsi, fərdi maraqlarımıza qurban verməməliyik.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info