“İllərdir milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyənlərin siyasəti iflasa uğrayıb”
Tarix: 31.01.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binadan mənzil alan KİV nümayəndələrinə sənədlərin və açarların təqdim edilməsi mərasimi keçirilib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilən tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.

“Mənzillərin artıq yaşayış üçün tam hazırdır”
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə çıxış edərək jurnalistlər üçün tikilən ikinci binanın ötən ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini diqqətə çatdırıb, bu gün mənzillərin sənədlərinin və açarlarının sahiblərinə təqdim olunacağını vurğulayıb. Mənzillərin artıq yaşayış üçün tam hazır olduğunu deyən V.Səfərli jurnalistləri təbrik edib. KİVDF-nin icraçı direktoru dünyada analoqu olmayan belə bir nəcib təşəbbüsə görə bütün jurnalistlər adından Prezidentə minnətdarlığını bildirib.

“Əgər hər hansı bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə təbriklərini çatdıraraq, dövlət başçısının ölkəmizdə mətbuata və jurnalistlərə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Son illər bəzi üzdəniraq jurnalistlərin Azərbaycanda media siyasətinin “iflasa uğraması” barədə əsassız fikirlər səsləndirdiklərini təəssüf hissi ilə qeyd edən Əli Həsənov həmin şəxslərin Qərbin müəyyən mərkəzləri tərəfindən ayrılan qrantlar aldıqlarını və onların maraqlarına xidmət etdiklərini diqqətə çatdıraraq deyib: “Çox təəssüf ki, bəziləri qəbahətə yol verərək Azərbaycanda media siyasətinin iflasa uğradığını bildiriblər. Məgər öz ölkəsinin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? İflasa uğrayan Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasətidir”. Həmin “qrant mediası”nın nümayəndələrinin Qərbin müxtəlif mərkəzlərinin təşəbbüsü ilə “No TAP”, yəni, Azərbaycanın strateji maraqlarına qarşı aksiya keçirmək istədiklərini vurğulayan Prezidentin köməkçisi deyib ki, xarici qrant siyasətini həyata keçirmək istəyənlərin formalaşdırmağa çalışdığı jurnalistika budur: “Əgər hər hansı bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil”.
Əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatının sağlam təməl üzərində inkişaf etdiyini bildirən Əli Həsənov deyib: “Ölkəmizdə media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa bir dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin məsuliyyətini, öhdəliyini, yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai quruma – medianın özünütənzimləmə orqanı olan Azərbaycan Mətbuat Şurasına verdi. Bu gün Azərbaycan dövləti jurnalistlərə yardım edir. Dövlət jurnalistlərin bəlkə də çox çətinliklə, yaxud heç vaxt ala bilməyəcəyi mənzillər tikib onlara hədiyyə edir. Siz bu mənzili ala da, almaya da bilərsiniz. Əgər hansısa qüvvələr bunu Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir”. 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində nəzarətin tamamilə ləğv edilməsinin Azərbaycanda azad medianın inkişafında mühüm rol oynadığını deyən Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk günlərindən Ümummilli Liderin mətbuata qayğı siyasətini uğurla davam etdirir: “Bu gün Azərbaycanda media ilə münasibətlər şəffaf şəkildə - Azərbaycan Mətbuat Şurası vasitəsilə nizamlanır. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına mənzillər tikilib onların istifadəsinə verilir. Bu gün Azərbaycanda yazılı mediaya da yüksək qayğı göstərilir. Çünki yazılı media hər bir ölkənin salnaməsini yaradır. Bu gün ölkəmizdə yazılı media Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə zəngin irsinin qorunmasına xidmət edir”.

“Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar?”
Əli Həsənov bildirib ki, ölkəmizdə mətbuatın inkişafına göstərilən yüksək diqqət və qayğı, medianın sərbəst fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər Azərbaycanda media siyasətinin “iflasa uğradığını” deyənlərin qərəzli olduqlarını sübuta yetirir: “2004-cü ildən bu günə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi media siyasətindən, dövlət başçısının jurnalistlərə diqqət və qayğısından hansı mətbuat orqanı müstəqilliyini itirib?! Belə hal yoxdur. Prezident İlham Əliyev bu günlərdə Davosda çıxışında da bildirdi ki, Azərbaycanda söz, mətbuat, siyasi fəaliyyət azadlığının, digər vətəndaş hüquqlarının, ictimai normaların pozulduğunu kim iddia edirsə, biz onlarla açıq dialoqa hazırıq. Belə iddiaların heç bir əsası yoxdur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bu proses konseptual platforma üzərində quruldu. Fondun kimə və nəyə yardım göstərdiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Belə gizli qrantların və dövlətin şəffaf yardımının fərqini hamı yaxşı bilir və əlavə izahata ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya, media, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”. Prezidentin jurnalistlərə təbriklərini çatdıran Əli Həsənov bildirib ki, dövlət başçısı əhalinin, o cümlədən jurnalistlərin problemlərinin dövlət tərəfindən həll edilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin bu nəcib təşəbbüsləri, dövlətimizin uğurla həyata keçirdiyi nəhəng layihələr, o cümlədən TANAP, TAP və s. layihələr Azərbaycan xalqının, vətəndaşlarımızın maraqlarına xidmət edir. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini, həmçinin bu il növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Əli Həsənov deyib ki, KİV nümayəndələri bununla əlaqədar təşkil olunacaq tədbirlərdə, ölkəmizin uğurlarının təbliğində, eləcə də prezident seçkilərində yüksək fəallıq nümayiş etdirəcək, jurnalistlərin dostu olan dövlətimizin başçısının ətrafında sıx birləşəcəklər. Sonra mənzillərin sənədləri və açarları jurnalistlərə təqdim edilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info