“Türkoloq“un gülünc arqumentləri
Tarix: 31.01.2018 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Yaxud Xədicə İsmayıl gənc jurnalisti niyə təhqir etdi?

"Azadlıq" radiosunun keçmiş əməkdaşı Xədicə İsmayılın girmədiyi qılıf, bürünmədiyi don qalmayıb. O gah konkret mərkəzlərin sifariş və tezisləri əsasında fəaliyyət göstərən intriqan, gah mahir donosçu, gah da xarici kəşfiyyat orqanlarının agenti kimi qarşımıza çıxır. Öz əqidədaşları belə bu peşəkar şantajçının "qəzəbindən" qorxurlar. Xədicənin "hüquq müdafiəçiliyi", "siyasi məhbus" alverçiliyi etdiyi günlər də heç uzaq keçmişdə qalmayıb. Amma vaxtını nə ilə keçirməsindən, hansı cilddə zühur etməsindən asılı olmayaraq, milli maraqlara qarşı çıxış etmək, ölkəmizin əleyhinə aparılan qərəzli kampaniyaların fəal iştirakçısı olmaq və şəxsi mənafelərini təmin etmək üçün şeytanla belə əməkdaşlığa hazır olmaq onun fəaliyyətindən qırmızı xətlə keçir.
Yenə "trol", yenə "bloklama"...
Ağzını hər açanda özünü Azərbaycanın "ən tanınmış jurnalisti", "titullu beynəlxalq media eksperti" kimi qələmə verən, yorulmadan peşəkarlıqdan dəm vuran Xədicə İsmayıl bir az bərkə düşən kimi əsil mahiyyətini aşkara çıxarır. Ümumiyyətlə, Xədicənin də təmsil olunduğu "5-ci kolon" təmsilçilərinə xas xüsusiyyətlərdən biri polemika mədəniyyətindən tamamilə uzaq olmalarıdır. Gecə-gündüz demokratiyadan, plüralizm və söz azadlığından danışan bu despot dəstəsi xırda tənqidə belə dözümsüz yanaşır, fərqli fikri süngü ilə qarşılayır. Xədicə İsmayılın bir neçə gün öncə gənc jurnalist Fidan Afərlə yaşadığı polemika da bu mənada istisna deyil. Belə ki, Fidan Afərin Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatına start verildiyi gündən Xədicə İsmayılın "tvitter" səhifəsində antitürk əhval-ruhiyyəli "paylaşımları"nı tənqid etməsi qrantyeyən mirzəni əməlli-başlı özündən çıxarıb. Xədicə bu tənqidlərə cavab olaraq "tvitter"də qarşı tərəfin ünvanına yazdığı qeyri-etik ifadələrlə kifayətlənməyib, özünün "facebook" səhifəsində də gənc jurnalisti təhqir edib. Bir çox həmkarlarımız və sosial şəbəkə istifadəçiləri, o cümlədən Niyaz Niftiyev, Rufik İsmayılov, Zahid Cəfərov, Ceyhun Piriyev, Əsmər Nəsirova, Ceyran Əsgərqızı, Mircavad Kazımov, Eldar Baxşəliyev və digərləri Xədicənin Fidan Afərlə bağlı təhqirlərə yol verməsinin doğru olmadığını, buna görə gənc jurnalistdən üzr istəməli olduğunu izah etməyə çalışsa da, müsbət nəticə əldə etmək mümkün olmadı. Əlavə olaraq, X.İsmayıl bu şərhlərin müəlliflərini "troll" adlandırıb, onların profillərini öz səhifəsində bloklamaqla işin içindən çıxmağa çalışıb. Elə mən də bir jurnalist kimi, gənc həmkarımızla bağlı bu xoşagəlməz hala etirazımı bildirərək bu paylaşımın altına eyni mətndə şərh yazdıqdan sonra profilim X.İsmayıl tərəfindən "qara siyahı"ya əlavə olundu.
Beləliklə, təkcə bu faktın özü kifayətdir ki, X.İsmayılın "demokratiya maskası" altında gizlətməyə çalışdığı üzünü aydın görə bilək.
Xədicə öz dövlətinə arxasını çevirmiş xəyanətkar Can Dündarla bir səfdə...
Son dövrlər müşahidə etdiklərimiz əsasında belə bir qənaət formalaşır ki, Türkiyə dövlətinin qazandığı nailiyyətlər, ölkənin ciddi regional amilə və bölgənin əsas söz sahiblərindən birinə çevrilməsi nədənsə Xədicə İsmayılı çox narahat edir. Bu günə qədər istər bəzi yazılarında, istərsə də sosial media səhifələrindəki paylaşımlarında X.İsmayıl bunu açıq şəkildə büruzə verib. "Zeytun budağı" əməliyyatına start verildiyi gündən isə Xədicə dünyadakı antitürk, antiislam dairələri tərəfindən bu əməliyyatlara qarşı aparılan yalan və böhtan kampaniyasının ən fəal iştirakçılarından birinə çevirib.
Təbii ki, X.İsmayılın Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları həyata keçirməsinə qarşı piar aparması, sadəcə, qardaş ölkənin mənafe və maraqlarına qarşı çıxış etməsi demək deyil. Bu, həm də Azərbaycan xalqının və dövlətinin Afrində baş verənlərə ədalətli mövqeyi ilə ziddiyyət təşkil edir. Azərbaycan dövləti terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir, sülh və təhlükəsizliyin təmin edilməsinə yönələn beynəlxalq antiterror əməliyyatlarını açıq şəkildə dəstəkləyir. Eyni məqsədlə həyata keçirilən "Zeytun budağı" əməliyyatına da rəsmi Bakı tərəfindən dəstək ifadə olunub. Deməli, Xədicə İsmayıl yenə də milli maraqları bir kənara qoyaraq özünün cılız şəxsi mənafeyi naminə hərəkət edir.
O özünün "facebook" və "tvitter" səhifələrində əvvəllər Türkiyə Cümhuriyyətində ölkə düşmənlərinə "siyasi casusluq etmək"də şübhəli bilinərək haqqında cinayət işi başlanmış, sonradan xaricə qaçaraq orada sığınacaq almış solçu Can Dündarın "Zeytun budağı" əməliyyatına qarşı müsahibəsini yayımlayır, bir sıra beynəlxalq media orqanlarının bu əməliyyatı gözdən salmaq üçün hazırladıqları xəbərlərin şərhlər bölməsində eyni motivli şərhlər yazır. Polad İbrahim, Anar Miriyev, Rəsul Hümbətov, Mahir Nəsirov, Novruz Məhəmmədoğlu, Nurlan Qələndərli, Orxan İsrafilov, Eldar Baxşəliyev, Nərgiz İsmayılova, Rəşad Cəfərli, Səidə Ağaşirinova, Nardar Bayramlı, Emil Qasımov və digər sosial şəbəkə istifadəçiləri isə X.İsmayılın bununla bağlı "paylaşımları"nın altına şərhlər yazaraq Can Dündar və öz ölkəsinə xəyanət etmiş digərlərinin mövqeyini dəstəkləməklə Xədicənin açıq şəkildə Türkiyənin antiterror əməliyyatına qarşı çıxış etdiyini, terrorçularla bir səfdə dayanan vətən xainlərinin fikirlərini təbliğ etdiyini bildirib, onun bu davranışını xəyanət, satqınlıq kimi xarakterizə ediblər. Xədicə İsmayıl isə əvvəlcə bu "profil" sahiblərini təhqir etmək, "bloklamaq" yolunu tutub, daha sonra özünün "facebook" səhifəsində etdiyi başqa bir paylaşımda ciddi cəhdlə xəyanətkar olmadığını, ermənilərlə və anti-azərbaycançı dairələrlə qurduğu işbirliyinin, əslində, "milli təəssübkeşlikdən" irəli gəldiyini əsaslandırmağa çalışıb. Bunun üçün uzun-uzadı cümlələr quraraq hər kəsin bildiyi faktları inkar edib, hətta özünü az qala dissident elan edib.
Xədicə İsmayılın bu mövzuda "özünəbəraət post"unda yer alan bir fakt diqqətimizi çəkdi. Guya türk düşmənçiliyi etmədiyini, xidmətinin türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini iddia edən Xədicə bu absurd iddiasını əsaslandırmaq üçün özünün ixtisasca "türkoloq" olmasını əsas gətirir, hansısa məqalələrində türk tarixini araşdırmasından bəhs edir.
Ola bilər ki, X.İsmayıl ixtisasca türkoloqdur, "ya zəlzələdən, ya da vəlvələdən" bu ixtisas üzrə təhsil almaq məcburiyyətində qalıb. Amma görünür, aldığı ali təhsil onun həyat və fəaliyyətinin, dünyagörüşünün formalaşmasına əks təsir edib ki, X.İsmayıl bu gün qarşımıza faktiki olaraq türk düşmənçiliyi edən biri kimi çıxır. Yoxsa özünə "türkoloq" deyib Türkiyəyə və türkçülüyə qarşı çıxmağın səbəbləri başqa necə izah oluna bilər ki?
Aqşin ŞAHİNOĞLU




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info