“Azərbaycan Dünya Bankı və digər təşkilatlar üçün donor ölkəyə çevrilib”
Tarix: 24.05.2013 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 10-cu illik konfransı keçirilir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirin açılışında BVF-nin idarəedici direktoru Kristin Laqardenin və Dünya Bankının prezidenti Jim Yonq Kimin videomüraciəti nümayiş olundu. Daha sonra çıxış edən Parlament Şəbəkəsinin prezidenti Alan Desteks bildirdi ki, tədbirdə 75 ölkədən 250-yə yaxın qonaq iştirak edir. Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən ölkə olduğunu deyən A. Desteks bildirdi ki, ölkəmiz artıq Dünya Bankının və digər təşkilatların donor ölkəsinə çevrilib. A. Desteks Azərbaycanın inkişaf xəttini digər ölkələrə nümunə göstərərək, ölkəmizin öz maliyyə resurslarından ölkə iqtisadiyyatının digər sahələrinin inkişafı üçün planlaşdırılmış şəkildə istifadə etdiyini vurğuladı. O, Bakı konfransının parlamentlərin ölkələrin iqtisadi inkişafında rolunu artırmağa xidmət etdiyini qeyd etdi.
AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov çıxışında Azərbaycan barədə məlumat verərək həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə qonaqları məlumatlandırdı. Xocalıda ermənilərin soyqırımı törətdiklərini deyən E. Süleymanov bu soyqırımın səbəbkarlarından birinin Avropanın bu gün qəbul etdiyi, Ermənistanın indiki prezidenti Serj Sərkisyan olduğunu bildirdi: «Beynəlxalq qurumlar işğalçı dövlət olan Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoymur. Əksinə Ermənistanı dəstəkləyir. Heç bir beynəlxalq təşkilat Ermənistana beynəlxalq sanksiyalar tətbiq etmir və bu da Ermənistan önündə yaşıl işıq yandırır». E. Süleymanov ermənilərin işğal altındakı Dağlıq Qarabağ regionunda yerləşən Sərsəng su anbarının baxımsız qaldığını, təmirsiz-baxımsız qalan bu anbarın böyük təhlükə yaratdığını bildirdi. Onun sözlərinə görə, bu anbarda qəza baş versə, 400 min əhalinin yaşadığı böyük ərazilər su altında qalacaq.
Tədbirdə çıxış edən Dünya Bankının xarici məsələlər üzrə vitse-prezidenti Siril Müller qeyd etdi ki, Şəbəkə ilk illərdən etibarən parlamentarilər ilə maliyyə qurumları arasında “buzu sındırmağa” nail olub.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa həmişə önəm verib: “Azərbaycan dünyada neft gəlirlərindən istifadə edən azsaylı ölkələr sırasındadır. Azərbaycanın reytinqləri son qlobal böhran dövründə pisləşməyib, əksinə yaxşılaşıb”.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov çıxışında bildirdi ki, Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsi qlobal problemlərin həllinə yeni strateji yanaşmaların formalaşdırılması baxımından beynəlxalq təşkilatların səmərəliliyini artıran vacib platformaya çevrilib. Onun sözlərinə görə, Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatları, xüsusilə DB və BVF ilə əməkdaşlığa böyük önəm verir: "Bu institutlar Azərbaycana bazar iqtisadiyyatına keçid, iqtisadiyyatın sabitləşdirilməsi və inkişafın təminatı proseslərində həmişə maliyyə və intellektual dəstək göstərib".
E.Rüstəmovun fikrincə, əminliklə demək olar ki, bu sahədə əhəmiyyətli nəticələr əldə edilib.
Yoxsulluğun səviyyəsi orta dünya göstəricisindən 4 dəfə aşağıdır

Onun sözlərinə görə, ölkə müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatına sürətli keçid, davamlı sabitlik və inkişaf təmin edilib, eləcə də yoxsulluğun səviyyəsi azaldılıb: "Ölkəmizin timsalında təbii resursların rasional istifadəsi üzrə yeni maraqlı təcrübə formalaşdırılıb. İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində ölkənin iqtisadiyyatı 3 dəfədən çox artıb. Paritet qiymətlər üzrə adambaşına düşən gəlirlərin səviyyəsi 10 min dollara çatıb. Artıq 15 ildir ki, ölkədə iqtisadi sabitlik təmin edilir və dəstəklənir. Tarazlaşdırılmış büdcə, aşağı səviyyəli xarici borc, aşağı inflyasiya və valyuta ehtiyatlarının yüksək həcmləri bu sabitliyin əsasını təşkil edir".
Onun sözlərinə görə, ölkənin ÜDM üzrə xarici borcunun xüsusi çəkisi 8 faiz təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları ÜDM-nin 70 faizini üstələyir.
E.Rüstəmov qeyd etdi ki, bu gün də bir çox ölkələr üçün xarakterik olan yoxsulluq problemi bir onillik ərzində həll edilərək 8 dəfə azaldılmaqla 6 faizə endirilib. Azərbaycanda yoxsulluğun səviyyəsi 21 faiz təşkil edən qlobal göstəricidən təqribən 4 dəfə azdır: "Azərbaycan neft gəlirlərinin ağıllı şəkildə bölüşdürülməsi nümunəsini göstərən azsaylı ölkələrdən biridir. "Holland sindromu"ndan yan keçmək məqsədi ilə Dövlət Neft Fondu yaradılıb. Neft gəlirlərini səmərəli idarəetmə iqtisadiyyatın əhəmiyyətli dərəcədə artması ilə ahənglik təşkil edir. Bu proses şəffaf aparılır". Onun sözlərinə görə, ölkənin sabit inkişafı səmərəli antiböhran strategiyası sayəsində böhran illərində də davam edib. Onun sayəsində Azərbaycan öz iqtisadiyyatını 2008-2010-cu illərin maliyyə böhranından qoruyaraq inflyasiyanı aşağı səviyyədə saxlaya bildi. Bununla belə iqtisadiyyat 20 faiz səviyyəsində artım nümayiş etdirdi.
E.Rüstəmovun sözlərinə görə, son illər ərzində həmçinin Azərbaycanın beynəlxalq reytinqlərdə vəziyyəti yaxşılaşıb və hazırda Azərbaycan bazar iqtisadiyyatı olan effektiv ölkələr sırasında yer alır. O qeyd etdi ki, Azərbaycan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa həmişə önəm verib: “Azərbaycan dünyada neft gəlirlərindən istifadə edən azsaylı ölkələr sırasındadır. Azərbaycanın reytinqləri son qlobal böhran dövründə pisləşməyib, əksinə yaxşılaşıb”.

Bank kreditlərinin bahalaşması ilə bağlı
tədqiqat aparılır


Elman Rüstəmov bildirdi ki, Azərbaycan Mərkəzi Bankı bank kreditlərinin bahalaşması ilə bağlı tədqiqat aparır: “Tədqiqat işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bunun başlıca səbəbləri bizə aydındır. Lakin biz bir daha geniş proqramla bank mütəxəssisləri ilə birlikdə tədqiqat işləri aparırıq”. Tədqiqat işlərində hər hansı yeni məsələlərin yer alacağına gəldikdə isə E.Rüstəmov bunu qabaqcadan açıqlamaq istəmədiyini vurğuladı: «Burada bizim üçün gözlənilməz bir şey yoxdur. Amma daha sistemli, əhatəli, kompleksli tədqiqat işləri ortaya qoyulacaq». E.Rüstəmov qeyd etdi ki, kredit faizlərinin aşağı salınması bütövlükdə dövlətin işi deyil: “Belə ki, faiz dərəcələri əsasən bazarda cari vəziyyətlə bağlıdır. Dövlətin banklara kreditlərin verilməsi üçün qoyduğu faiz dərəcələri kifayət qədər aşağıdır. Lakin nəyə görə, dövlətin faiz dərəcələrinin aşağı səviyyədə olmasına baxmayaraq, kredit dərəcələri bu qədər yüksəkdir. Təbii ki, bunun da obyektiv və bazarla bağlı səbəbləri var. Söhbət inzibati yollarla təsirlərdən deyil, bu amilləri bilərək yüksək faiz dərəcələrinin hansı iqtisadi amillərlə formalaşmasından, bunların idarə olunmasından gedir. Burada həmçinin bankların riskləri, yüksək xərcləri amilləri dayanır. Tədqiqat bütün bu aspektləri əhatə edir və bu işlər başa çatdıqdan sonra əlimizdə tam bir mənzərə olacaq ki, dövlət, Mərkəzi Bank və bank sektoru hansı amilləri idarə etməlidir ki, Azərbaycanda aşağı faizli kreditlər olsun, xüsusilə biznes sektoru üçün”.

Nağdsız ödənişlərin artırılması ilə bağlı tədbirlər mərhələli şəkildə həyata
keçiriləcək


Mərkəzi Bankın sədrinin sözlərinə görə, Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün lazımi işlər görülür. E.Rüstəmov qeyd etdi ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq, bununla əlaqədar olaraq Vergilər Nazirliyi ilə birlikdə paket sənədlər hazırlanaraq hökumətə təqdim edilib: «Hazırda bu məsələ iqtisadi qurumlar arasında aktiv müzakirə olunur. Burada nağdsız ödənişlərin artırılması, stimullaşdırılması və digər məsələlər nəzərdə tutulub. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək. Hesab edirik ki, bütün bu işlərin nəticəsi olaraq iqtisadiyyatda nağd ödənişləri əhəmiyyətli dərəcədə məhdudlaşdıra biləcəyik”. Stimullaşdırıcı tədbirlər sırasında ən vacibi kimi nağdsız ödənişlərdə vergi güzəştlərinin tətbiqidir. Bundan başqa, inzibati tədbir kimi ölkədəki bütün təsərrüfat subyektlərində, o cümlədən həm dövlət, həm də özəl müəssislərdə əmək haqlarının yalnız plastik kartlarla ödənilməsi təklif olunur. Həmçinin təklif edilir ki, ölkə daxilində nağd ödənişlərin məbləği və məqsədləri üzrə məhdudiyyətlər tətbiq olunsun. İnkişaf etmiş ölkələrdə belə məhdudiyyətlər mövcuddur və onlar həmin məhdudiyyətlərə düşən ödənişlərin ya plastik kartlarla, ya digər nağdsız vasitələrlə həyata keçirilməsini nəzərdə tutur.

İpoteka kreditləşməsi
sadələşdiriləcək


E.Rüstəmov bildirdi ki, Azərbaycan Mərkəzi Bankı ipoteka kreditləşməsi prosesinin sadələşdirilməsi ilə bağlı sənədin layihəsini bu ayının sonunadək hökumətə təqdim edəcək. Onun sözlərinə görə, hazırda üzərində son dəqiqləşdirmə və razılaşdırma işləri aparılan bu sənəd may ayının sonunadək hökumətə təqdim ediləcək.

Fermerlərin maliyyələşdirilməsi
sisteminin yaradılmasına ehtiyac var


Mərkəzi Bankın sədri onu da qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinin və fermerlərin maliyyələşdirilməsi sisteminin yaradılmasına böyük ehtiyac var. E.Rüstəmovun sözlərinə görə, kənd təsərrüfatı sahəsi Azərbaycan iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Bu sahənin inkişafı üçün ölkədə böyük potensial var: «Müstəqillikdən əvvəlki dövrdə, xüsusilə 1970-ci illərdə Azərbaycan əhəmiyyətli həcmlərdə kənd təsərrüfatı məhsulları ixrac edirdi. Hazırda bu potensialı yenidən yaratmaq üçün kənd təsərrüfatının maliyyələşməsi, fermer maliyyələşməsi sisteminin yaradılmasına böyük ehtiyac var». Bildirildi ki, bu, ixtisaslaşmış vahid bank formasında və ya mövcud bank agentlərindən istifadə etməklə hökumətlə bankların iqtisadi münasibətləri əsasında bir sistemin yaradılması şəklində həyata keçirilə bilər. «Bu məsələ hələ açıqdır. Bunun üzərində iş aparılır”.

Bankların qeyri-bank kredit təşkilatına çevrilməsi ilə bağlı qanunvericilik bazası hazırlanır

Mərkəzi Bankı ölkədə bank təşkilatlarının qeyri-bank kredit təşkilatına çevrilməsi prosesinin qanunvericilik bazasının hazırlanması istiqamətində iş aparır. Elman Rüstəmov bildirdi ki, burada aktivlərin həcmi, əmanətçilərin hüquqları və s. aktual aspektlərin əks olunacağı gözlənilir. 2014-cü il yanvarın 1-dək məcmu kapitalını tələb olunan 50 mln. manata çatdıra bilməyən banklar ya qeyri-bank təşkilatına çevrilməlidir, ya konsolidasiya olunmalıdır, ya ümumiyyətlə bazardan getməlidir.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info