“Regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılmasıdır”
Tarix: 02.02.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Ötən 14 il ərzində ölkəmiz müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilib. Bölgələrin hərtərəfli inkişafı üçün məqəsəduyğun tədbirlər görülüb və böyük nəticələr əldə edilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev müxtəlif sahələrlə yanaşı, ərzaq təhlükəsizliyinin daim diqqət mərkəzində olduğunu bildirib: “Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Meyvə istehsalı artır və artacaq. Pambıqçılığın inkişafı rekord templə gedir. Üzümçülüklə bağlı 2017-ci ildə 152 min ton üzüm tədarük edilib. Bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur”.


“Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq”
Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Azərbaycan regionlarının tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb. Bu da Davos Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə çıxıb. Deputat qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirildiyi ötən 14 il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib: “Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə tam cavab verir. Ötən 14 il ərzində regionlarda ümumi məhsul istehsalı 3,6 dəfə artıb. Azərbaycanda neft və təbii qaz hasilatı, neft məhsulları istehsalı nəzərə alınmasa, regionlar ümumi məhsul buraxılışında 42 faiz, sənaye istehsalında isə 40 faiz paya malikdir. 2003-ildə regionlar dövlət büdcəsinə 38 milyon manat vergi ödəyirdilərsə, hazırda bu rəqəm təqribən 600 milyon manatdır. Sənaye məhəllələrinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının və ixracın artması regionların iqtisadi inkişafda rolunu daha da artırıb. Müasir yanaşmalara görə, regionların tarazlı şəkildə inkişafı ölkəmizdə inklüziv iqtisadi inkişafa təsir edən mühüm amildir”.
Azərbaycanın MDB və Şərqi Avropa ölkələri arasında ən çox investisiya cəlb edən ölkələr sırasında olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlərdən biridir: “Ölkə iqtisadiyyatına yatırılan bu investisiyalar nəticəsində Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, əhalinin gəlirləri artıb, yeni iş yerləri açılıb və özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi keçib. Regionların inkişafı həm də dayanıqlı iqtisadi inkişafı təmin edir. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı bu hədəfləri müəyyən etdi, yeni dövlət dəstək proqramının olacağını bildirdi. Gələcəkdə regionların iqtisadi cəhətdən daha da inkişafının və iqtisadiyyatda payının daha da artmasının şahidi olacağıq”.
Əlverişli sahibkarlıq mühitinin yaranmasının həm də beynəlxalq təşkilatların müəyyən etdiyi reytinqlərdə də öz əksini tapdığını deyən deputat hər il Azərbaycanın bu mötəbər reytinq cədvəllərində irəliləməsinin ölkəyə inamı artırdığını, iqtisadiyyata qoyulan investisiyaların da həcminin çoxaldığını, bunun isə yeni müəssisələrin yaranmasına, yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanın tranzit imkanlarına toxunan deputat qeyd edib ki, dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30 faizinin, 2050-ci ilə qədər isə 50 faizinin dəmir yolları ilə daşınacağı proqnozlaşdırılır. 2050-ci ildə dəmir yolu ilə yükdaşımaların 87 faiz artacağı gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, bütün bölgələrin inkişafına təkan verəcək bir marşrut olan Bakı-Tbilisi–Qars dəmir yolunun iqtisadi potensialı xeyli yüksəkdir. İlkin hesablamalara görə, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı ticarətin həcmi 10 milyard dollara çatacaq. Dəmir yolunun tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq. Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə təkan verəcək.
Samuxda istehsal ediləcək qara kişmiş xaricə ixrac olunacaq
Ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı müxtəlif layihələr reallaşdırılır. Samux rayonunun Sərkar kəndində unikal pilot layihə fəaliyyətə başlayıb. Samux, Şəmkir və Göygöl rayonlarının fermerlərinin becərdiyi məhsulu emalçı ilə əlaqələndirəcək və hazır məhsulun satıcıya çatdırılmasını təmin edəcək layihə “Meyvə qurusu istehsalı üzrə dəyər zənciri” adlanır.
“Dəyər zənciri” Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi layihədir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, "Dəyər zənciri" layihəsi təkcə fəaliyyətlər və münasibətlərdə yenilik etməklə kifayətlənmir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalında ən innovativ texnologiyalardan istifadəni nəzərdə tutur. Layihənin məqsədi sağlam fermer təsərrüfatlarının sayını artırmaq və məhsul istehsalını sürətləndirməkdir.
Samuxda yaradılacaq müəssisədə ilk dəfə yerli emalçılar tərəfindən istehsal ediləcək qara kişmiş xaricə də ixrac olunacaq.
"Dəyər zənciri" layihəsinin üstünlüyü həm də ondan ibarətdir ki, ayrılan qrant bir nəfərə və ya tək emalçıya verilməyəcək. Məhsulun istehsalçıdan alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasına sərf olunacaq.
Dünya Bankının monitorinq sistemi ödəmə və məsrəflərin tamamilə şəffaflığına nəzarət edəcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə razılaşmasına əsasən, 20 belə dəyər zənciri qrant layihəsi həyata keçiriləcək.

Şəkidə baramaçılıqla bağlı builki mövsüm üçün hədəf 70 tondur


Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, 2015-ci ildə respublikamızda 236 kiloqram barama tədarük olunmuşdusa, keçən il bu rəqəm 244 tona çatıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı digər sahələr kimi, baramaçılığın da sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Baramaçılıq indi geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əlbəttə ki, dövlətin dəstəyi ilə”.
Son iki ildə Şəki rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Dövlət dəstəyi və görülmüş tədbirlər nəticəsində keçən il rayonda yaş barama istehsalı əvvəlki illə müqayisədə iki dəfə artaraq 18 tona çatıb. Ötən il baramaçılıq sahəsində 651 istehsalçı məşğul olub. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, builki mövsümdə rayonda yaş barama istehsalının dörd dəfəyə yaxın artırılaraq, 70 tona çatdırılması nəzərdə tutulur.
Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə son iki ildə rayon ərazisində 215 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 92 mini intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çindən ölkəmizə gətirilən tinglər, qalanları isə “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilən yerli tut tingləridir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info