Şingədilan qəbiristanlığında qoç heykəllər
Tarix: 02.02.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Qoç heykəllərin tarixi əsrlərlə ölçülür. Bunu mütəxəssislər elmin bugünkü hünəri ilə çox dəqiq hesablaya bilər. Bunu onlara həvalə etməklə Mirzə Cəlil demiş, qəlbimdən səslər gəlir və bu pak, təmiz vicdanımın səsi deyir ki, məntiqə və sağlam şüura istinad etsək, deyə bilərik ki, qoç heykəllər harada varsa, babalarımızın ayaq izləri də orada var.
Bizim ulu tariximizin canlı şahidi olan bu heykəllər yayıldı babalarımızın ayaq basdığı hər yerə. Düşmənlər bunun nə demək olduğunu bizdən yaxşı bildiklərindən yağmalamağa, mənimsəyib özününküləşdirməyə, bu da baş tutmayanda, məhv etməyə başladılar. Bunu da öz əlimizlə, xüsusən də sovet dövründə həyata keçirdilər. M.Süleymanlı “Erməni adındakı hərflər” əsərində bunu çox gözəl işıqlandırır. Ermənilər şayiə yayır ki, at və qoç heykəllərin içində qızıl var, sərvət yatır. Varlanmaq azarına tutulan bizlər isə qırıb dağıtdıq çoxunu. Yəni düşmənə gərək qalmadı. Bizim öz əlimizlə keçmişimizi baltalatdılar və istəklərinə nail oldular. Ancaq nə qədər silsələr də, tam bitirə bilmədilər. Şəklini gördüyünüz bu heykəllər Zuvatli Və ya Zuvand bölgəsinin-indiki Lerik rayonunun Şingədilan kənd qəbiristanlığındadır. Qəbirlərin başdaşlarıdır bu heykəllər. Yerli sakinlərin dediyinə görə bunlar üç idi. Bir heykəl kiçik olub. Quzu desək buna lap düz olar. Bu quzu heykəli, yəqin ki, körpə uşağın qəbrinin üstünə qoyulub. Son bir neçə ilə qədər burada imiş. Amma indi yoxdur. Hara yox olduğunu kimsə bilmir. Bəlkə də “Qorqud dağının ətəyində açıq səma altında İlkəl sənət muzeyinin ... ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib.” (Anar. “Ağ qoç, qara qoç”). İndi bunları yaza-yaza qorxuram ki, xəbər tutub o biri ikisini də aradan götürələr. Əslində, o balacanı götürən kimdisə, bunları da bilir, yəqin ki, aparmaq planındadır. Zamanını gözləyir. Bu yazının yayılmasında itirəcəyimiz o olar ki, başqa maraqlılar da xəbər tutar, bunları mənimsəməyə, ya da yox etməyə çalışarlar. Qazancımız o olar ki, dövlət yetkililəri də xəbər tutar, xalqımızın bu çoxəsrlik sərvətinin tədqiqi və qorunması ilə məşğul olarlar. Əlbəttə, güman eləmirik ki, Mədəniyyət və Turizm Nazirliyinin bundan xəbəri yoxdur. Biz, sadəcə yada salmaq və xalqımıza bu sahədə bilgi vermək istədik.
Şingədilan Zuvat bölgəsinin ən qədim kəndlərindəndir. Havası saf, suları tərtəmiz. Lənkərandan çox da uzaqda deyil. Zuvat toponimi bu bölgənin 1936-cı ilə qədər ümumi adı olub. Ancaq bu ildən Zuvat sözünü Leriklə əvəz ediblər. Lerik olub cənub zonasının dağlıq bölgəsində rayon mərkəzinin adı. Rəsmiyyətdə Zuvat unutdurulsa da, yerli əhali hələ də buranı Zuvand kimi tanıyır.
Biz nə arxeoloq, nə də etnoqraf deyilik. Bu sahənin çox gözəl mütəxəssisləri var. Bundan sonra axtarmaq, araşdırmaq, xalqın daş yaddaşını onun özünə qaytarıb öz malı etmək mütəxəssislərin işidir. Sonda bir xəbərdarlığı da edim. Nəbadə aldanıb, içində qızıl var deyə, bu qoç heykəllərə əl qaldırasınız. Kül də eləsəniz içindən heç nə çıxmayacaq. Dəyər onun özündə, mahiyyətində, varlığında, keçmişimizin canlı şahidi olub bu günə qədər onu gətirib çatdırmasındadır. Düşmənlərimiz, əslində, “onlarda qızıl var”, deyəndə düz deyiblər. Amma biz yuxarıdakı mənanı qavraya bilməmişik. Qızıldan qiymətli bu varlıqları qorumaq, tədqiq etmək əvəzinə, sındırıb dağıtmışıq. Bu, keçmişin yadigarları idi. Gedən getdi, qalan qaldı...

Lerikdəki heykəllər qoçla bağlı ikinci bir hadisəni yadıma saldı. 1990-cı ilin məlum hadisələrindən sonra Bakının Müşfiqabad qəsəbəsindəki 274 nömrəli orta məktəbin kollektivi düşünüb-daşınır və 20 Yanvar şəhidlərinin xatirəsinə bir abidə ucaltmaq qərarına gəlir. Fikirləşirlər, bunu elə yerdə edək ki, daim göz önündə olmasın. Həmişə göz önündə olan dəyərini itirir. Bu haradasa qapalı bir yerdə olsun, ürəyi istəyən gedib baxsın, yad eləsin, həm də belə yaxşı qorunar.
Məktəbin bağı binanın tam ortasında, hər tərəfdən qapalı bir vəziyyətdə olduğundan bura ideal bir yer kimi seçilir, amma kollektivlə rəhbərlik arasında bir məsələ problem yaradır. Rəhbərliyə görə, bağın ortasında hovuz var və bu hovuz təhlükəsizlik məqsədi ilə tikilib, ona toxunmaq olmaz. Hovuz da tam nəzərdə tutulan yerdə-bağın ortasındadır. Kollektiv deyəndə ki, hovuz onsuz da çatlayıb, su saxlamır, həm də bağ üçün çox böyükdür, yəni simmetriyanı, ümumi görüntünü pozur. Rəhbərlik yenə də etiraz edir ki, layihədə göstərilən hovuza toxunmaq olmaz. Belə olan halda, kollektiv çıxış yolunu abidə layihəsinə hovuzu da əlavə etməkdə tapır. Qurulacaq abidənin rəsmi çəkilib rəhbərliyə təqdim olunur. Onlar da özlərindən yuxarıdakı rəhbərlərə göstərir. Təbii ki, dövr elə idi ki, kimsə şəhidlərin adı gələndə etiraz etmək istəmir. Bir də fövqəladə vəziyyət şəraitində. Həm də kimsə başını bəlaya salmaq istəmir. Ancaq təklif edilən layihə o qədər düşünülmüş və gözəl idi ki, sonda kollektivin dediyi olur. Abidə tikilir köhnə hovuzun yerində, söküldükcə tullantılar yeni tikintiyə istifadə olunur və məktəb kollektivinin köməyi ilə abidə ucaldılır, özü də “fövqəladə vəziyyətin gözü önündə”. Açılışı da tam Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə düşür. İndiki texniki imkanlar o vaxt olmadığından, təəssüf ki, sadəcə,o günlərdən bəzi fotolar yadigar qalıb. Bağın quruluşu elə idi ki, qapının birindən - bir mərtəbə yuxarıdan müəllimlər, aşağıdan isə şagirdlər daxil olub hər hansı böyük tədbiri keçirə bilərdi. Boş yerlərdə ağac əkildi. Bağ ortasında gözəl bir kompleks, mükəmməl bir kompozisiya yaradıldı.
Əlbəttə, bu gün baxanda bu deyilənlər adi bir tarixi hadisə kimi görünə bilər. Amma o vaxt, fövqəladə vəziyyət şəraitində, Moskvanın-20 Yanvarın xofu başımızın üstündə olan vaxt bu, asan başa gələn deyildi. Bu, o vaxt hünər tələb edirdi. Biz, indi burada kimlər idi o abidəni tikənlər, rəssam-memarı kim idi, müdiriyyət kimlər idi, şagirdlər nə qədər fəallıq göstərdilər, daha kimlər nə kimi dəstək oldu, kimlər mane oldu və s. kimi olmuş-keçmişi canlandırmaq niyyətində deyilik. (Allah hamısından razı olsun- tərəfdardan da, qarşı durandan da, dəstək olandan da, bu işi görənlərdən də...) İndi bu abidə necə qorunur və təyinatına görə nə səviyyədə istifadə olunur,sualları da deyil məsələmiz. Nəzərə çatdırmaq istədiyimiz odur ki, burada əski türk əlifbası ilə verilən yazı, məşəl, naxışlar, yazılar və oradakı bayatıda qeyri-adi bir nəsnə də yox idi. Bunlar hər kəsin ağlına gələ bilərdi və fövqəladə bir yenilik də yox idi. Qeyri-adilik ilk dəfə 3-4 müəllimin kollektivə arxalanıb belə bir “cəncəl” işə girişməsi, xüsusən də hovuza bərkidilən qoç heykəlində idi. Su onun başından axıb hovuza tökülürdü. O vaxt “Niyə qoç?” deyiləndə “Qoç döyüşünə qoç dayanar” kimi qarşılıq verirdi bu işin memarları. Əlbəttə, bu, sualın tam cavabı deyildi. Niyəsini özləri də bilmirdi…
O vaxt M.Süleymanlının “Erməni adındakı hərflər” romanı yazılmamışdı, millətin də o kitabdakı qoç heykəllərlə bağlı fikirlər haqqında bir təsəvvürü yox idi. Qan yaddaşı, gen yaddaşından da xəbərsiz idik. Bu xəbərsizliklə birgə millət bir tərəfdən yaddaşsızlaşıb “içində qızıl var” deyə qoç heykəlləri məhv edirdi, bir tərəfdən də başına müsibət gələndə şüuraltından qan yaddaşı QOÇ-u yada salırdı və şəhidlərə ucaltdıqları abidə kompleksinə onu da əlavə edirdilər. Özü də bu abidə 20 Yanvar şəhidlərinə ucaldılan ilk abidə idi. Onu ucaldanlar da bu işin əhli deyildi. Rəssamı da ölkənin adlı-sanlı rəssamı deyildi.
Nəhayət sonda qeyd edək ki, o heykəlləri orada görməyimizə və yazının yazılmasına səbəb olan Lənkəran sakini Yadigara, qızı Aynurə xanıma və nəvələri Kənanla Urfana da ayrıca minnətdarlığımızı bildiririk. Bunların adlarını bir də ona görə çəkdim ki, bu yazının davamı olaraq yazılacaq başqa mühüm tarixi olaylara işıq tutdular.
Sədrəddin Daşkörpülü




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info