Rəqəmsal kontent: istehlakçı seçimləri və bazar təklifləri
Tarix: 02.02.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Müasir dünyada insan özünü artıq informasiyanın olmadığı bir mühitdə təsəvvür edə bilmir. O, istənilən zəruri avadanlıqlardan (stolüstü kompüter və portativ noutbuk, smartfon, planşet və s.) istifadə etməklə müxtəlif növ rəqəmsal kontenti əldə etməyə ehtiyac duyur. Rəqəmsal kontent rabitə kanalları vasitəsi ilə rəqəmsal formada paylanılan əyləncəli-informasiya məlumatların toplusudur. Hazırki şəraitdə artıq texnologiyaların inkişafı o yerə gəlib çatıb ki, istənilən yerdə, istənilən vaxt və istənilən cihaz üzərindən kontenti əldə etmək mümkündür.
Rəqəmsal kontent bazarının inkişafının hərəkətverici qüvvəsini mobil musiqi, onlayn-video və elektron kitablar təşkil edir, onların çatdırılması və monetizasiyası kanalları isə onlayn-mağazalar, ödənişli video saytlara çıxış, oyun kontent platformaları və s.-dir. Məsələn, elektron kitabların meydana gəlməsi artıq kitabları onlayn şəkildə satmaq şəraiti əldə edən nəşriyyatçılar üçün yeni imkanlar açıb.
Kontent o zaman dəyərli olur ki, o istehlakçıların maraqları ilə uzlaşsın və ona tələbat olsun. Bildirmək lazımdır ki, istehlakçıların seçimləri fərqləndiyindən müəyyən istehlakçı qruplarının ehtiyacları əsasında kontentin hazırlanması üzrə ixtisaslaşma yaranır. Məsələn, bu tendensiya televiziya bazarında müşahidə olunur ki, burada fərqli kontent təqdim edən televiziya kanalları mövcuddur və hər bir izləyici də özünə maraqlı olan mövzu üzrə müvafiq kanal tapa bilər.
İndiki şəraitdə rəqəmsal texnologiyaların geniş yayılması cəmiyyətin mediaya olan marağını artırıb. “Deloitte Global” konsaltinq şirkətinin məlumatına görə, media kontentin bütün formatlarından əldə edilən gəlirlərin ümumi həcmi 2018-ci ildə yarım trilyondan çox ABŞ dollarına çata bilər. İstehlakçıların rəqəmsal kontentə görə ödəniş etməyə hazır olduğunu bildirərək, şirkət həmçinin onu da proqnozlaşdırır ki, 2018-ci ilin sonuna qədər inkişaf etmiş ölkələrdə yaşayan yaşlı nəslin yarısı onlayn mediada ən azı iki abunəliyə malik olacaq, 2020-ci ilin sonlarında isə belə abunəliyin sayı iki dəfə artacaq.
Son illər ərzində rəqəmsal kontentin yeni istifadə modelləri də meydana gəlib. Məsələn, rəqəmsal TV üçün set-top box qismində xidmət göstərən oyun avadanlıqları ev şəraitində media mərkəz rolunu oynayır ki, bunun vasitəsi ilə internet-kontenti yükləmək və hazırlamaq mümkün olur. Yeni nəsil oyun avadanlıqları isə ev şəraitində rəqəmsal multimedia habları rolunda çıxış edəcəkdir. Rəqəmsal kontentin çatdırılması üsullarına gəldikdə isə, onlar da öz növbəsində təkamül yolu keçir və daha fərqli çeşidlər formalaşır. İnternet və mobil televiziya inkişaf edir, video kontentin çatdırılması üzrə yeni platformalar meydana gəlir. Bu yeniliklərin kütləvi hal alması indiki şəraitdə artıq təəccübə səbəb olmur ki, bu da əlbəttə internetin cəmiyyətə geniş şəkildə sirayət etməsi ilə izah olunur. Lakin burada onu da iddia etmək olmaz ki, internet televiziyanı tamamilə sıxışdıra bilər, belə ki, kontentin çatdırılması üzrə bu iki platforma bir-birini tamamlayaraq OTT ("Over-The-Top") adlanan yeni platformanı ərsəyə gətirir. Hazırda OTT standart kabel və İP-TV şəbəkələrində mövcud olmayan xidmət və funksiyaları öz abunəçilərinə təklif etmək iqtidarında olan müasir və innovativ çoxkanallı televiziya sistemidir. Onun başlıca üstünlüyü ondadır ki, OTT TV platforması hər hansı bir şəbəkə ilə bağlı deyildir. Abonentin bu sistemə daxil olması üçün ona sadəcə internetə çıxış imkanı olan uyğun cihaz lazımdır. Ənənəvi İP-TV-dən fərqli olaraq, OTT istehlakçının hansı provayderin xidmətlərindən istifadə etməsindən asılı olmadan ona dünyanın istənilən nöqtəsində keyfiyyətli xidmət təklif edir. Həmçinin yüksək sürətli internetə ehtiyac olmadan televiziya kontentinə baxmaq imkanı da bu sistemin digər bir üstün cəhətlərindəndir. Faktiki olaraq hətta sürət azaldıqda belə həmin video kontentin verilişi fasiləsiz həyata keçirilir. Xüsusi videosıxma texnologiyaları izləyicinin kanallara 1 Mbits sürət ilə HD+ formatında baxmasını təmin edə bilir. Bu isə şəbəkə yükünün əhəmiyyətli şəkildə azaldılmasına imkan verir ki, bu da öz növbəsində, provayder və mobil operatorların yaranan trafik xərclərini azaldır.
Ötən il mobil trafikin istifadəsində sürətli artımın müşahidə edilməsi ilə yadda qalıb. İstifadəçilər öz mobil cihazlarında video kontentə daha tez-tez baxmağa, sosial şəbəkələrdə daha çox rolik çəkib paylaşmağa və canlı yayım etməyə başlayıblar. Bütün bunlar isə şübhəsiz ki, şəbəkə yükünün artmasına gətirib çıxardır və sürətin daha yüksək olmasını tələb edir. “Ericsson” şirkətinin proqnozuna görə, 2023-cü ilə qədər mobil trafikdən istifadə səkkiz dəfəyə qədər artacaq. Belə olan halda mobil şəbəkələrdə istifadə olunan aylıq trafikin həcmi 110 ekzabayta çatacaq.
Hazıra televiziya kontentindən istifadədə də əhəmiyyətli artım müşahidə edilir ki, bu da istehlakçıların kontent tələbatının ödənilməsi metodları sahəsində daim axtarışda olan media platformaları və operatorlar arasında rəqabəti meydana gətirir. Bu məsələnin həlli üçün effektiv metod odur ki, ya abonentə ona maraqlı olan kanalları müstəqil seçmək imkanı verilsin, ya da tematik kanallar paketi hazırlansın.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, Azərbaycanda kabel televiziyasından istifadə səviyyəsi 30 faizi keçir. Kabel televiziyası bağlantılarının təqribən 60 faizi iri şəhərlərdə mərkəzləşib. Ölkədə kabel TV xidmətlərini göstərən operatorların sayı o qədər də çox deyil və bu bazar praktiki olaraq 5-6 şirkətlərin arasında paylaşılıb. Lakin ölkədə OTT və İP-TV inkişaf etməkdədir və İP-televiziya xidməti hazırda bir çox internet xidmət provayderinin portfelinə daxildir ki, onların da sayı 40-ı keçir. Lakin təəssüf ki, vəziyyət elədir ki, bu xidmət növü internet xidmətinə əlavə xidmət kimi qiymətləndirilir ki, belə bir münasibət də yanlışdır.
Televiziya bazarı ilə yanaşı, hazırda bütün dünyada, eləcə də Azərbaycanda kino sənayesinin sürətli inkişafı müşahidə edilməkdədir. Hazırda media piratçılığa qarşı mübarizə mühüm aspektə çevrilir və kino sahəsi piratçılıqla mübarizə üçün effektiv alətlərdən istifadə etməlidir. Müasir şəraitdə blokçeyn texnologiyalarından istifadə ilə bu problemin həlli mümkün olacaq və bu texnologiyalar kontent yaradıcılarına imkan verəcək ki, istehlakçılarla birbaşa ünsiyyətdə olsun, müəllif hüquqlarının qorunmasını son istifadəçiyə qədər izləsin.
Milli kino sənayesinin maraqlarını qorumaq üçün isə effektiv hüquqi və iqtisadi bazanın olması zəruridir ki, bunun formalaşdırılması üçün də qabaqcıl Qərb təcrübəsindən istifadə lazım olacaq. Effektiv müdafiə proqramlarının tətbiqi və şərtlərin yaradılması kino sənayesinə səmərəli şəkildə sərmayələrin yatırılmasına imkan verəcək. Bununla da kommersiya kinoları stabil gəlir gətirməyə başlayacaq. Müvafiq olaraq, daha çox gəlir əldə edən kino istehsalçısı da kinonun tanıtımı və izləyicilərin marağına səbəb olması məqsədilə kontentin inkişaf etdirilməsi üçün daha çox sərmayə yatıra bilər.
Hazırda televiziya və kino internetə doğru hərəkət etməkdədir. Azərbaycan filmləri tədricən Qərb ölkələrinin məşhur onlayn-kinoteatrlarında nümayiş etdiriləcək, bu isə kino icarəsindən sonra ona ikinci həyat verərək milli kinonun dünya tamaşaçılarının qarşısına çıxarılmasına imkan verəcək. Dünyanın aparıcı istehsalçılarının kontentinin Azərbaycan dilinə tərcümə edilməsi isə növbəti inkişaf mərhələsi olacaq.
Digər bir analitik şirkət olan “Videonet”in proqnozlarına əsasən, 2018-ci ildə dünya əyləncə və rəqəmsal media sənayesində inkişaf edəcək və dövriyyəyə daxil olacaq bir sıra tendensiyalar yaranacaq. Ödənişli televiziya məkanında səs köməkçisi funksiyalarının inkişafı, çevik ödəniş metodlarının mediadan istifadəyə təsiri, mobil kontentdən istifadənin inkişafı və qlobal OTT-xidmətlərinin lokallaşdırılmadığı mərhələdə regional OTT-xidmətlərinin dünya liderliyini qoruması bura daxildir.
Bu gün özləri kontent hazırlayan “Netflix” və “Amazon Prime Video” kimi formatlarda layihələrin ölkəmizdə hələ olmaması istisna olmaqla Azərbaycanda reallaşdırılan bütün fəaliyyətlər dünyada olan müasir trendlərə və tendensiyalara uyğundur. Lakin bu kimi platformaların yaxın illərdə ölkəmizdə olacağı da istisna edilmir. Azərbaycanda kontentin monetizasiyası məsələsi də artıq öz aktuallığını əldə etməkdədir və gec, ya tez bazarda ödənişli rəqəmsal kontent təklif edən şirkətlər meydana gələcəkdir. Bu canlı yayımlar, mühazirələr, master-klaslar, fərdi şoular və s. ola bilər. Həmçinin turizm, təhsil, tibb və s. sahələr üzrə ixtisaslaşmış televiziya kontentinin hazırlanması da yaxın gələcəkdə mümkündür.
Burada xüsusilə qeyd etmək lazımdır ki, çeşidli kontent təklifinin olduğu bir şəraitdə uğur əldə etmək təkcə əlbəttə ki, vacib olan keyfiyyətli şəkildə çəkilmiş proqramlardan deyil, həmçinin həmin proqramları müasir tələbkar izləyicilərə satmaq bacarığından da asılıdır.

Fuad Allahverdiyev

"AzerTelecom" MMC-nin Baş icraçı direktoru




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info