“Azərbaycan gənci əmindir ki, onun arxalana biləcək dövləti var”
Tarix: 02.02.2018 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Asif Əsgərli: “Gənclər təşkilatlarımız cəmiyyətimizə xas bütün sahə və istiqamətlərdə uğurlu layihə və proqramlar gerçəkləşdirirlər”

2 fevral – Gənclər Günü münasibətilə ölkədə 23 ildən artıq fəaliyyət göstərən, aktiv gənclər təşkilatlarından birinin rəhbəri, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri, Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli ilə müsahibəni sizlərə təqdim edirik.

-Dövlətin gənclər siyasəti nə dərəcədə öz müsbət effektini verib?
-Əvvəla, onu qeyd edim ki, Azərbaycan çox az ölkələrdəndir ki, gənclər siyasətini öz dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Müstəqillik əldə etdiyimiz ilk illərdə ölkəmizdə formal olaraq gənclər siyasəti haqqında qanun olsa da, onun heç bir mexanizmi və icrası yox idi və təbii ki, gənclərə yönəlik heç bir dövlət addımı da atılmırdı. Amma 1994-cü ildən ölkəmizdə gənclər sahəsində dövlət siyasəti və addımları atılmağa başlayandan ta bu günə qədər bu siyasət öz təsirini və effektivliyini göstərməyə başladı. Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir və bütün təbəqələrdən olan gənclər qruplarını əhatə etməklə istənilən maraq və ehtiyacları üzə çıxarır və onların qarşılanmasını təmin edir.
İlk növbədə müsbət effektiv təsirlər gənclərə dövlət dəstəyi və qayğısının göstərilməsində, onların bacarıq, istedad və qabiliyyətlərinin üzə çıxarılmasına imkanların yaradılmasında, gənclərin özlərini cəmiyyətdə qərar qəbuletmə və icraçılıqda bərabərhüquqlu və etibarlı tərəfdaş kimi hiss etməsində, sağlam nəsil olaraq milli və dövlətçilik maraqlarının qorunması və müdafiəsində birgə çıxış etməsində özünü bariz şəkildə göstərmişdir.
Digər müsbət effektiv təsirlər kimi gənclərimizin artıq müasir bilik, təcrübə və texnologiyalara yiyələnmələrini, zamanın tələb və istəkləri ilə ayaqlaşa bilmələrini və onlarda yaxın və uzaq xaricdə özlərini və mənsub olduqları dövləti layiqincə təmsil etmək ənənələrinin formalaşmasını qeyd etmək lazımdır. Təbii ki, bütün bunlara dövlət və onun müvafiq strukturları illərlə vaxt sərf etdi, hüquqi və maliyyə bazası formalaşdırdı, ağıllı və real nəticələrə hesablanan addımlar atmaqla nail oldu.
-2 fevral – Gənclər Gününün gənclərin dövlətə və özünəinam baxımından nə kimi rolu var?
-2 fevral – Gənclər Gününun Azərbaycanda təsis olunması və onun hər il milli səviyyədə, yüksək şəraitdə qeyd olunması və bu ənənənin artıq 21 ildir davam etməsi bir daha onu göstərir ki, bu gün sıradan olan bir peşə və ya sahə bayramı deyil. Ulu öndər Heydər Əliyev 1997-ci ildə bu günün – 2 fevral-Gənclər Gününün təsis olunması haqda sərəncam verərkən, bir tərəfdən cəmiyyətin bu böyük təbəqəsinin xüsusi gününün olmasının əhəmiyyətini çatdırdısa, digər tərəfdən də gənclərdə dövlətə və özlərinə inam hislərinin, cəmiyyətin seçilən, avanqard və etibarlı qüvvəsi kimi formalaşmasını təmin etdi. Yalnız bü günlə deyil, hər an, hər zaman Azərbaycan gənci əmindir ki, onun arxalana biləcək, gücünə güc qatacaq, qayğı və problemlərinə diqqət ayıracaq, onun üçün müxtəlif şərait və imkanlar yaradacaq dövləti var. 2 fevral – Gənclər Gününün təsis olunması yalnız gənclər siyasəti sahəsindəki hökumət strukturunun deyil, digər icra qurumlarının və eləcədə bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət gənclər təşkilatlarının da gənclər qarşısında məsuliyyət və vəzifələrini ortaya qoymuş oldu. Bu gün Azərbaycan gəncləri yalnız Gənclər və İdman Nazirliyi (GİN) və onun yerli strukturlarına deyil, istənilən məsələ ilə bağlı müxtəlif hökumət qurumlarına müraciət edir, öz problem və istəklərini çatdırır və onlardan da öz maraq və ehtiyaclarına uyğun dəstək alır. Budur gənclərin dövlətə inamı, etibarı və dövlətin də gənclərə qayğı və diqqəti. Bütün bu məsuliyyət hislərini aşılayan məhz 2 fevral – Gənclər Günü və onun təsiridir.
-Bu gün Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə vətəndaş mövqeyini ortaya qoya bilibmi?
-Təbii ki, yuxarıda sadaladığım kimi, Azərbaycan gəncləri bu gün öz bacarıq, intellekt və təcrübəsini artırıb yeni-yeni bilik və texnologiyalara yiyələnməklə yanaşı, sağlam vətəndaş mövqeyini də ortaya qoya bilir, vətənpərvərlik hislərini özündə yaşatmaqla hər zaman milli və dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir. Bir məsələni qeyd edim, 2016-cı ilin qısamüddətli aprel döyüşləri zamanı heç bir təsir və resurslar işə salınmadan Azərbaycan gəncləri bir yumruq olduğunu göstərdi, vətənpərvərlik hislərini ortaya qoydu, hər an döyüşə hazır olduqlarını nümayiş etdirdi və 10-larla şəhid qardaşlarını ayaqda tutmaqla onlardan biri olmaqda şərəf duya biləcəklərini göstərdilər. Azərbaycan gəncləri hər zaman dövlətinə, millətinə bağlı vətəndaş mövqeyini göstərib, onu içdən və xaricdən zəiflətmək, ona qarşı təzyiqlər göstərmək istəyən istənilən qüvvənin qarşısında duranların ilk cərgəsində olanlardan olub ölkə gəncliyi. Azərbaycan gəncliyi, eyni zamanda ölkəmizin haqlı ədalətli mövqeyinin müdafiəsində, onun dünyaya çatdırılmasında, dövlətimizə beynəlxalq dəstəyin qazandırılmasında da öz vətəndaş mövqeyini ortaya qoyub. Bir faktı da qeyd edim, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını da dünyanın 100-ə yaxın ölkəsində aparan, təbliğ edən, bu genosidi dünya ictimaiyyətinə çatdıran və erməni faşizminin iç üzünü açıb göstərməkdə də əsas rupor məhz bizim sağlam gəncliyimizin vətəndaş mövqeyi idi. Gənclərimizin bu vətəndaş mövqeyi və fəaliyyəti bu gün də davam edir, Azərbaycanla bağlı istənilən məsələyə dərhal reaksiya verilir və konkret iş ortaya qoyulur. Bu işdə fəal gənclərlə, gənclər təşkilatları və QHT-lərdə olan gənc həmkarlarımızla yanaşı, xaricdə təhsil alan və orada şəbəkələşən tələbələrimizin də əməyini qeyd etmək lazımdır.
-QHT sektorunda gənclər nə dərəcədə aktivdirlər?
-QHT sektorunda olan dostlarım, həmkarlarım yəqin məndən inciməzlər, deyərdim ki, bu sektorda ən fəallar, aktivlər məhz gənclər təşkilatları və gənclərin qurduqları digər QHT və vətəndaş cəmiyyəti təsisatlarıdır. Bu gün gənclər təşkilatlarının sanballı və effektli layihələri təkcə gənclər sahəsi ilə məhdudlaşmır. Gənclər təşkilatlarımız cəmiyyətimizə xas bütün sahə və istiqamətlərdə uğurlu layihə və proqramlar gerçəkləşdirirlər ki, bunun təsirləri də özünü real nəticələrlə göstərməkdədir. Gənclərin və onların təşkilatlarının çevik, operativ və mobilliyi QHT sektorunda da özünü göstərir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyində olan şəxslərdən və eləcə də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi rəsmilərindən dəfələrlə eşitmişəm ki, QHT sektorunda ən fəallar, ən yaxşı layihə keçirənlər əksər hallarda gənclər təşkilatları olur. Siz bunu hər il QHT-lərə Dövlət Dəstəyi Şurasının açıqladığı illik yekunda layihələr üzrə verilən qiymətləndirmədə də əyani şəkildə görə bilərsiniz. Şura, digər donor və dövlət qurumlarının bir çox milli əhəmiyyətli, beynəlxalq səviyyəli layihə, proqram və kampaniyaların icrasını da məhz gənclər təşkilatlarına həvalə etməsi də bir daha gənclərin və onların təşkilatlarının QHT sektorunda, həqiqətən, aktiv olmalarının göstəricisidir.

-Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) olaraq gənclərin inkişafına nə kimi töhfənizi veribsiniz?
-Rəhbəri olduğum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) 1995-ci ilin yanvar ayından fəaliyyət göstərir və ictimai birliyimizin əsas missiya və məqsədi ölkədə tələbə və gənclərin elmi, mədəni, intellektual inkişafına dəstək vermək, onların maariflənməsi və sosial inkişafı ilə vətəndaş cəmiyyətində gənclərin rolunun artırılmasına çalışmaq və gənclərin müxtəlif maraq və ehtiyaclarına ictimai vəkillik etməkdir. Bu istiqamətdə təşkilatımız bu günə qədər gənclərə yönəlik 100-dən artıq layihə və proqram həyata keçirmiş, gənclərimizin sosial inkişafına, müxtəlif bilik, bacarıq və təcrübələrə yiyələnmələrinə və fəal iştirakçılığına dəstək olan çoxsaylı tədbir və aksiyalar təşkil etmişdir. Bakıda və xüsusilə də regionlarımızda illərdir təşkil etdiyimiz, gənclərimizin hərtərəfli inkişafına, onların maariflənməsinə, biliklərə yiyələnmələrinə töhfə verən fəaliyyətlərimizdən, çap etdiyimiz vəsaitlərdən 10000-lərlə gəncimiz faydalanmışdır ki, bunlar da özünü gənclərin sonrakı iş təcrübələrində və peşəkarlıqlarında göstərmişdir. Xüsusən, qeyd edim ki, gənclərin inkişafı baxımından ADTGT onlara formal təhsil və fəal iştirakçılıq sahəsində ilk töhfə verən QHT-lərdən biri olmuşdur. Təşkilatımız, eyni zamanda gənclərimizin beynəlxalq əməkdaşlığına, inteqrasiya və mübadiləsinə yönəlik də xeyli uğurlu fəaliyyəti olub. ADTGT hər zaman dövlətimizin haqlı-ədalətli mövqeyinin dünyaya tanıdılması, Azərbaycan haqqında müsbət imicin formalaşdırılması, ölkəmizin uğurlu model və təcrübəsinin beynəlxalq arenada yayılması istiqamətində çox əhəmiyyətli layihələr həyata keçirmişdir ki, bunu müxtəlif hökumət strukturları və milli donorlar xüsusi vurğulamışlar.
Biz Azərbaycanda təhsil, sosial-humanitar və iqtisadi infrastruktur layihələri həyata keçirən ilk təşkilatlardan biri olmuşuq ki, bunun nəticəsində regionlarımızın 1000-lərlə, 10000-lərlə sakini fəaydalanmışdır. Bir faktı da qeyd edim: ADTGT-nin həyata keçirdiyi layihələrin maliyyə dəyəri 1 milyon 500 min manata yaxın olmuşdur ki, bunları milli donorlarla yanaşı, müxtəlif hökumət, beynəlxalq təşkilat və fondların vəsaitləri hesabına edib. ADTGT 2003-cü ildə Cənubi Qafqazda ilk QHT olaraq, uğurlu fəaliyyət və layihə idarəçiliyinə görə Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” mükafatına layiq görülmüşdür. Eyni zamanda müxtəlif illərdə GİN tərəfindən “İlin fəal təşkilatı” və “Uğurlu fəaliyyətinə görə” nominasiyası üzrə fəxri diplom və fərmanlara layiq görülmüşdür. Təşkilatımız bir neçə beynəlxalq platforma, şəbəkə və ittifaqlarda təmsil olunmaqla Azərbaycan gənclərinin söz və mövqeyini o tribunalara daşıyır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info