Əsrin sınağından çıxan maarifçi qadınlarımız
Tarix: 06.02.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Məhərrəm Zülfüqarlı: “Azərbaycanda maarifpərvər qadınlardan danışarkən onların yetişməsində rolu olan şəxsiyyətlərin adını qeyd etməliyik ki, onlardan biri məhz H.Z.Tağıyev idi ki, onun açdığı qızlar seminariyasında təhsil alan qızlar təhsil haqqından azad idilər”.

Müşfiq Ələsgərli: “Məhsəti Gəncəvidən başlamış Sara Xatuna, Heyran xanıma, Xurşidbanu Natəvana qədər uzun bir siyahı var. Bu yöndə tarixi ənənələr qırılmayıb, davam edib və günümüzə qədər gəlib çatıb. Bu maarifçilər zamanın yeni, mütərəqqi çağırışlarını təqdir və təbliğ etməklə yanaşı, mütərəqqi xarakterli milli adət- ənənələrin, mənəvi dəyərlərin təbliğ edilməsində və yaşadılmasında da mühüm rol oynayıblar”

Azərbaycanın ziyalı qadınları maarifçiliyin inkişafında mühüm rol oynayıblar. Milli məfkurənin oyanmasında, dövlətçilik işində və mədəni inkişafımızda müstəsna xidmətlər göstərən qadınlarımız xalqın maariflənməsində əsl fədakarlıq göstəriblər. Tarixə nəzər saldıqda xalqımızın maariflənməsində fədakarlıq göstərən neçə-neçə belə maarifçi qadınların adlarını çəkmək olar.

Əsrin sınağından çıxan maarifçi qadınlarımız
Hələ XIX əsrin 50-ci illərində Zaqafqaziyada fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Azərbaycanda eyniadlı qadın təhsil idarəsi fəaliyyətə başlayıb. Burada 17 nəfər azərbaycanlı qadın var idi ki, onlardan Fatma Əsədbəy, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya, Balaxanım Xandəmirova maarifçi dünyagörüşlərinə görə fərqlənirdilər. 1850-ci ildə maarifpərvər qadın Dilbər xanım atası Mirmahmud kişinin köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açaraq, 1863-cü ilə qədər burada ana dili, nəğmə və s. dərsləri tədris edib. İrəvan quberniyasında da 1865-ci ildə “Müqəddəs Pipsime” cəmiyyəti qızlar üçün məktəb açmışdı ki, burada fəaliyyət göstərən 65 qızdan 42 nəfəri azərbaycanlı idi. 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbi yaranıb, Bakıda isə 1874-cü ildə ilk qadın gimnaziyası açılıb. 1896-1901-ci illərdə H.Z.Tağıyevin maliyyə vəsaiti hesabına ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilib və həyat yoldaşı Sona xanımın rəhbərliyi ilə fəaliyyətə başlayıb. Bu məktəbin tarixində dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində zəhməti olan maarifçi qadınlar fərqləniblər.
Tarixə düşən maarifçi qadınlarımızdan biri Bakıda ilk qız məktəbinin direktoru olmuş Hənifə xanım Məlikovadır. Hənifə xanım, həmçinin öz evində yaşlılara dərs deyib, “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından olub. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və rus-Azərbaycan qız məktəbinin müdiri vəzifəsində çalışıb. 1920-1926-cı illərdə Hənifə xanım Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışıb.
Azərbaycanın elə ziyalı qadınları olub ki, onlar ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayıb, cəhalətə qarşı mübarizə aparıb və həyatları bahasına insanların maariflənməsinə çalışıblar. Belə ziyalı qadınların sırasında Məryəm xanım Bayraməlibəyovanın da adını çəkməmək mümkün deyil. Maarifpərvər qadınlarımız yalnız paytaxtda deyil, bölgələrdə də öz fəaliyyətlərini davam etdirirdilər. Məryəm xanım H.Z.Tağıyevin açdığı ilk qız məktəbində təhsil alıb. Məryəm xanım 1917-ci ildə Bakıdakı “Müqəddəs Nina” qızlar məktəbini qızıl medalla bitirərək Moskva Tibb İnstitutuna daxil olub. Lakin oktyabr inqilabı ilə əlaqədar təhsilini başa vura bilmir və Bakıya qayıdır, öz həyatının maarif və mədəniyyət işinə həsr edir. Sonra o, Lənkərana qayıdır və 1918-1919-cu illərdə burada ikiillik qız məktəbində pedaqoq, sonra isə qadın gimnaziyasının inspektoru vəzifəsində çalışıb. Məryəm xanım Lənkəranda savadsızlığı ləğv etmək üçün var qüvvəsi ilə mübarizə aparıb.
Bölgələrdə fəaliyyət göstərən belə ziyalı qadınlarımızdan biri də Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı Nəcəfovadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərə baxmayaraq, Nazlı xanım qızların təhsil almasına hər vəchlə öz dəstəyini göstərməyə çalışıb.

Təhsil sahəsində XIX əsrin sonlarından başlayan proses bu gün də davam edir

Tarix elmləri namizədi, dosent Məhərrəm Zülfüqarlı bildirdi ki, Azərbaycanda təhsilin inkişafı ilə bağlı sovet dövründə təhriflərə yol verilib: “Məsələn, sovet dövründə kitablarda yazırdılar ki, 27 aprel 1920-ci il XI ordu buranı işğal edənə qədər, guya, bir nəfər də olsun Azərbaycan qadını savadlı deyildi. Ancaq müstəqillik dövründə ən azı Azərbaycan burjuaziyasının ağsaqqalı olan Hacı Zeynalabdin Tağıyevin açdığı qızlar seminariyasını göstərə bilərik ki, çoxlu sayda azərbaycanlı qızlar orada yüksək təhsil alıblar. Onlar da başqa məktəblərdə Azərbaycan gənclərinin təhsilinin inkişafında mühüm rol oynayıblar. Azərbaycanda maarifpərvər qadınlardan danışarkən onların yetişməsində rolu olan şəxsiyyətlərin adını qeyd etməliyik ki, onlardan biri məhz H.Z.Tağıyev idi ki, onun açdığı qızlar seminariyasında təhsil alan qızlar təhsil haqqından azad idilər. Bundan başqa, H.Zərdabinin həyat yoldaşı, eləcə də C.Məmmədquluzadənin xanımı ölkəmizdə təhsilin inkişafında mühüm rol oynayıblar. Onların sayəsində ölkədə çoxlu sayda qız məktəbləri, rus-tatar məktəblərində qızlar təhsil alırdılar. O dövrdə qızların təhsil alması böyük problem idi. Buna həm çar Rusiyası, həm də xurafatçı dindarlar, qoçular mane olurdular. Hətta H.Z.Tağıyevə qızlar seminariyasını açmasında mane olmağa çalışıblar. Belə bir çətin şəraitdə qadın təhsili uğrunda mübarizə aparan qadınlarımız bu işə öz töhfələrini veriblər. Komissar olsa da, A.Sultanovanın adını çəkmək olar. Sovet dövründə bu mədəni inqilab və savadsızlığın ləğvi hərəkatı var idi. Qadınlar arasında burada maarifçiliyi inkişaf etdirməklə kommunist ideologiyasını yayırdılar. Amma xurafata qarşı mübarizə, qadınların baş örtüsü, çarşabların atılması və təhsilə cəlb edilməsində A.Sultanovanın mühüm rolu olub. Digər qadınlarımız da təhsil kurslarına qadınların cəlb olunmasında mühüm rol oynayıblar”. Tarixçinin sözlərinə görə, müasir dövrdə də Azərbaycan dövləti xaricdə təhsilə mühüm yer verir və bu ənənə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub: “Hər il 100 tələbə Qərbi Avropa ölkələrinə oxumağa göndərilirdi. Doğrudur, onların əksəriyyətini kişilər təşkil edirdi, qadın çox az idi. Ancaq ona qədər Şövkət Məmmədovanın İtaliyada təhsil almağa göndərilməsini göstərə bilərik. H.Z.Tağıyevin maliyyə dəstəyi ilə opera sənətinin böyük nümayəndəsi gedib İtaliyada təhsil almışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə 1969-82-ci ildə də bu ənənə davam edib. Qapalı olduğu üçün Azərbaycan gənclərini xarici ölkələrə göndərmək mümkün deyildi, ancaq SSRİ-nin müxtəlif şəhərlərində təhsil almağa göndərilirdi, o cümlədən qızlarımız. Müasir dövrdə gənclərimiz, təbii ki, buraya qızlarımız da daxildir və onlar Dövlət proqramı ilə Qərb ölkələrinə təhsil almağa göndərilir, təhsil haqqını da dövlət ödəyir. Bu gənclər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Konkret deyə bilərik ki, təhsil sahəsində XIX əsrin sonlarından başlayan proses bu gün də davam edir. Maarifçi qadınlarımızın rolu danılmazdır”.

“Müsəlman Şərqində Azərbaycan xalqını digər xalqlardan fərqləndirən xüsusiyyətlərdən biri də məhz maarifçilikdir”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Ələsgərli isə bildirdi ki, Azərbaycanda maarifçiliyin qədim ənənəsi var: “Bu missiyanı həyata keçirənlər sırasında qadınlar da var. Müsəlman Şərqində Azərbaycan xalqını digər xalqlardan fərqləndirən xüsusiyyətlərdən biri də məhz budur. Məhsəti Gəncəvidən başlamış Sara Xatuna, Heyran xanıma, Xurşidbanu Natəvana qədər uzun bir siyahı var. Bu yöndə tarixi ənənələr qırılmayıb, davam edib və günümüzə qədər gəlib çatıb. Bu maarifçilər zamanın yeni, mütərəqqi çağırışlarını təqdir və təbliğ etməklə yanaşı, mütərəqqi xarakterli milli adət- ənənələrin, mənəvi dəyərlərin təbliğ edilməsində və yaşadılmasında da mühüm rol oynayıblar. Günümüzdə bu missiya ləyaqətlə davam etdirilir. Sevindirici haldır ki, bu cür vətənsevər, milli dəyərləri təbliğ edən, onları yeni dövrün çağırışları ilə uyğunlaşdırmağı bacaranlar sırasında jurnalist həmkarlarımız, xanım qələm sahibləri da var. Mən bu sahədə nümunə olaraq gözəl şairəmiz, eyni zamanda media sahəsində ad qazanan Sona xanım Vəliyevanı göstərə bilərəm. Yaradıcılığında milli ruh hakim olan bu xanımın rəhbərlik etdiyi "Kaspi" media qrupu da tarixə bağlı, milli-mədəni sərvətlərimiz sırasındadır. Milli inkişafımızda təkanverici rolu olmuş tarixi şəxslər barədə aparılan tədqiqatlara geniş yer verməsi bu media qrupun və şəxsən Sona xanımın fəaliyyətində əsas xətlərdən biridir. Hansı ki, qloballaşma dövründə milli kimliyimizin qorunub saxlanılması və zənginləşməsi üçün buna ciddi ehtiyac var”. Bu gün ölkədə qadınların təhsil alması üçün hər cür şərait yaradılıb. Eyni zamanda qızlarımız müxtəlif ölkələrin ali təhsil ocaqlarında təhsil alırlar. Bu gün müasir qadınlarımız Azərbaycan maarifçilik ənənələrini davam etdirirlər. Ölkənin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların təhsil alması üçün bir sıra tədbirlər həyata keçirilir. Yeni məktəb binaları tikilib təmir olunur. Eləcə də internat evlərində yaşayan qızların daha yaxşı təhsil alması üçün münbit şərait yaradılır. Bütün bunlar Azərbaycan maarifçi qadınlarının təhsilə verdiyi önəmi bir daha göstərir.
Nigar Abdullayeva

"Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info