Ölkəmizdə istehsal edilən bal “Made in Azerbaijan” brendi ilə ixrac edilir
Tarix: 06.02.2018 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Ötən il arıçılarımız Yaponiyaya, Körfəz ölkələrinə və digər xarici dövlətlərə xeyli miqdarda məhsul satıblar
Bal təbii qida mənbəyi olmaqla yanaşı, istehsalının da yüksək sərmayə və kənd təsərrüfatı sahələrinə ehtiyac olmaması baxımından önəmlidir. Bu gün bir çox ölkələr bu sahəni inkişaf etdirməklə arıçılıq məhsulları bazarında yüksək gəlir əldə edirlər. Ölkəmizdə də bu sahənin inkişafına diqqət artmaqdadır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev sahibkarların diqqətini bir sahəyə də cəlb edib: “Bu da çox perspektivli sahədir və tədricən Azərbaycanda inkişaf edir. Bu, arıçılıqdır. Bizim arıçılıq üçün çox gözəl təbii şəraitimiz var. Cənubi Qafqazda biz arıçılığın inkişafı üçün xüsusi bölgələrə malikik. Arıçılara indi dövlət dəstəyi də verilməlidir və veriləcəkdir. Hər arı ailəsinə görə arıçılara subsidiyalar verilməlidir və veriləcəkdir. Deməli, ildə hər pətəyə dövlət tərəfindən 10 manat subsidiya veriləcək ki, bu sahəyə maraq daha da artsın və bal bizim böyük ixrac məhsulumuza çevrilsin. İndi ABAD konteynerlərində bal istehsalı təmin edilir. Əlbəttə ki, onun paketlənməsi, keyfiyyəti ən yüksək səviyyədə olmalıdır. Mənə verilən məlumata görə, Azərbaycan balı keyfiyyətinə görə dünya miqyasında fərqlənən məhsullardan biridir”.

Dünyada bal bazarı 3 milyard dollar təşkil edir
Qeyd edək ki, Türkiyə arıçılıqda dünyanın 2-ci ən böyük ölkəsidir ki, orada arıçılıqla 84 min müəssisə məşğul olur. Bu sahədə Çin, hələ ki, liderliyi özündə saxlayır. Bu ölkə 450 min ton bal istehsal etdiyi halda, Türkiyə 105 min ton bal istehsal edir. Ümumilikdə bal istehsalçılarının sırasına baxdıqda Çin 30,6 faiz, Türkiyə 6,85 faiz, Amerika 5,35 faiz və Rusiya 4,96 ilə ilk dörd sırada yer alırlar. Ümumi bal istehsalı isə 1,5 milyon ton təşkil edir. Dünyada 3 milyard dollar təşkil edən bir bazardan Türkiyə, sadəcə, 1,1 faiz pay əldə edir. Həqiqi balın meyarlarına gəldikdə isə mütəxəssislər bildirirlər ki, əsl bal tez və ya gec də olsa, kristallaşır, yəni şəkər halına gəlir. Bir balın rənginə, iyinə və görünüşünə baxmaqla əsl bal olduğunu anlamaq mümkün deyil. Bal sevən şəxslərin markalı bal istehlak etməsi və tanıdığı yerlərdən bal almaları tövsiyə edilir. Markalı bal istehsalçıları ballarını laboratoriya şəraitində test edirlər. Balın mütləq analiz edilərək istehlak edilməsi lazımdır. Arıların haradan bal topladığı bilinmədiyi üçün ballarda analiz önəmli amildir.

Ötən il ölkəmizdə 3 min tona yaxın bal istehsal olunub
Ölkəmizə gəldikdə isə ötən il 3 min tona yaxın bal istehsal olunub. Bunun da bir qismi “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılıb. Hazırda ölkəmizdə arıçılıq məhsullarının dəyər zəncirinin bütün seqmentləri üzrə inkişaf dinamikası izlənilir. Davamlı inkişaf nəticəsində yerli ehtiyacları ödəməklə yanaşı, bəzi arıçılar xarici bazara bal və digər arı məhsulları satırlar. Ötən il arıçılarımız Yaponiyaya, Körfəz ölkələrinə və digər xarici dövlətlərə xeyli miqdarda məhsul satıblar. Yerli istehsalı stimullaşdırmaq və “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxışın həcmini artırmaq üçün Prezident İlham Əliyevin göstərişlərinə əsasən davamlı tədbirlər həyata keçirilir. Bu günlərdə ölkəmizdə təşkil olunan IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransında BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı Bakı ofisinin rəhbəri Mələk Çakmak arıçılıq məhsullarının istehsalının artırılması üçün beynəlxalq təcrübə mübadiləsinin olduğunu deyib. Ölkəmizdə ənənəvi təsərrüfat sahələrindən olan arıçılığa Astara rayonunda da mühüm yer verilir. Rayonun iqlim şəraiti arıçılığın inkişaf etdirilməsinə əlverişli şərait yaradır. Keyfiyyəti ilə seçilən Astara balı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır. Arıçılığın inkişaf etdirilməsi məqsədilə hər arı pətəyinə görə dövlət tərəfindən 10 manat subsidiya veriləcəyini bildirməsi astaralı arıçılar tərəfindən böyük sevinclə qarşılanıb. İndi astaralı arıçılar arı yuvalarının sayını artırmağı düşünürlər. Onlar yaxın gələcəkdə bu sahəni daha da genişləndirmək və daha çox məhsul istehsal etmək niyyətindədirlər. Astara-Lənkəran Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov bildirib ki, cənub bölgəsində arıçılıqla məşğul olan fermerlər indidən Bakı şəhərində təşkil olunacaq növbəti bal yarmarkasına ciddi hazırlaşırlar. Qeyd edək ki, Astara rayonunda 1200-dən çox arıçı var. Ötən il rayon üzrə 26 min arı ailəsindən 300 tona yaxın məhsul əldə olunub.
Arıçılığın inkişafına diqqəti artırmaqla yüksək məhsuldarlığa nail olmaq və ölkəyə böyük məbləğdə valyuta qazandırmaq mümkündür
Yeri gəlmişkən onu da qeyd edək ki, dünən türkiyəli professor Levent Aydın Azərbaycan Dövlət Aqrar Universitetində arı xəstəlikləri ilə bağlı “Arı sağlığı” adlı təqdimatla çıxış edib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən təqdimatda Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin müəllim və tələbələri ilə birgə arıçılıqla məşğul olan iş adamları da iştirak ediblər. Əvvəlcə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı Telman İsgəndərov çıxış edərək arıçılığın inkişafının vacibliyini vurğulayıb. Bildirib ki, əlverişli təbii-coğrafi şəraitə malik respublikamızın hər yerində, o cümlədən Gəncəbasar bölgəsində də arıçılığın, xüsusən, Boz Qafqaz və Qabaqtəpə arı cinsinin inkişafı üçün hər cür şərait var. Respublika arıçılarının istehsal etdiyi bal və arı məhsullarının keyfiyyəti dünya bazarında yüksək qiymətləndirilir və arıçılığın inkişafına diqqəti artırmaqla həm bu sahədə yüksək məhsuldarlığa nail olmaq, həm də ölkəyə böyük məbləğdə valyuta qazandırmaq mümkündür. Sonra Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinin professoru Levent Aydın iştirakçılara arıçılıqda xəstəliklərlə bağlı ətraflı məlumat verib. Təqdimat qarşılıqlı dialoq formasında aparılıb. Müəllim və tələbələri, eləcə də arıçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, arıçılığın inkişafı istiqamətində vacib məsələlərdən danışılıb. Mövcud xəstəliklərin qarşısının alınmasında elmi yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin sektor müdiri Tərlan Əsgərov isə Uludağ Universiteti ilə Aqrar Universitetin qardaşlaşma niyyətindən danışıb və bu cür əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağını vurğulayıb.
NigarAbdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info