“Tarixi romanlarımız əsasında seriallar çəkilməlidir”
Tarix: 24.05.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Əməkdar artist Hicran Nəsirova: “Əvvəllər teatra həsr olunmuş verilişlər yayımlanır və yaradıcı söhbətlər səslənirdi...”

Hicran Nəsirova 1979-cu ildə M.Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra, təyinatla ali məktəbin Tədris teatrında işləməyə başlayıb. Gənc aktrisa teatrın bədii rəhbəri V.Həsənovun səhnə quruluş verdiyi "Yaylağa gedir” əsərində Tibb bacısı, S.Vurğunun "Komsomol poeması”nda Humay və s. rollarını ifa edib. 1981-ci ildə o, Akademik Milli Dram Teatrında Anarın "Səhra yuxuları” psixoloji dramında Leyla rolunu oynayıb. 1986-cı ildən H.Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R.Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan”, Sabit Rəhman), Zərifə ("Nişanlı qız”, Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi”, F.Q.Lorka), Məlahət ("Əcəb işə düşdük”, Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı”, İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal”, Elçin), Çılğının xalası ("Dar ağacı”, Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam”, Mir Cəlal) və s. müxtəlif səpkili obrazlar yaradıb. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar” (Reyhan), B.Vahabzadənin "Kimdir haqlı?” (Məlahət), Ə.Hacızadənin "İtkin gəlin” (Dünya), C.Cabbarlının "Almaz” (Yaxşı), R.Səməndərin "Bir yay günü” (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa edib. H. Nəsirova 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2013-cü ildən Prezident mükafatına layiq görülüb. Hicran Nəsirova ilə müsahibəni oxuculara təqdim edirik:

Sənətə sevgi, sənətə hörmət ancaq sənətkarın davranışı ola bilər. Çünki bu onun xüsusiyyətindən irəli gəlir. Əsl sənət xadimləri də məhz incəsənət aləmində yaratdığı işləri ilə mütləq bir iz qoyub. Mən həmin sənət xadimlərindən birisilə həmsöhbət oldum. O sənətkarımız ki, televiziya və teatr tamaşaları sahəsində böyük məharətlə ifa etdiyi rollarla tamaşaçı rəğbəti qazanıb. O, Azərbaycan televiziya efirində ilk serial olan “İtkin gəlin” serialında Dünya obrazı ilə daha çox tamaşaçı rəğbəti qazanmış Əməkdar artist Hicran Nəsirovadır. Prezident mükafatına layiq görülmüş incəsənət xadimləri sırasında gözəl aktrisamız Hicran xanımın da adı qeyd olunub.

- Hicran xanım, Azərbaycanın görkəmli incəsənət xadimlərindən birisiniz, Prezident mükafatına layiq görülmüsünüz. Bugünkü sənət fəaliyyətinizdə hansı irəliləyişlər var?
- Mənim üçün rolun böyük, ya da kiçik olması heç önəmli deyil. Bu, mənim işimdir. Düzdür, cavanlıqda hər kəs baş rol ifa etmək istəyir. Əsas odur ki, ifa etdiyim obraz mənfi və ya müsbət olmasından asılı olmayaraq insanların yaddaşında əks olunsun və sən oynadığın xarakterlə nəsə deyə biləsən və ən əsası odur ki, tamaşaçının xatirində hər hansı bir rolla qalasan. Burada tamaşaçı teatrdan əliboş getməməlidir, məntiq götürməlidir.
- Bu gün kino sahəsində hansı dəyişiklikləri görürsünüz?
- Gəlin televiziya filmlərilə kinonu qarışdırmayaq. Çünki mən kinolardan çox televiziya tamaşalarına çəkilmişəm. Filmlərdə oynamaq üçün təkliflər gəlib, turlardan keçmişəm. Amma əfsuslar olsun ki, kinofilmlərdə çəkilməmişəm. Mənə başqa ölkələrdən də filmlərə çəkilmək üçün təklif gəlib. Ancaq alman rejissoru Fayt Helmerin “Absurdistan” filmində Keti rolunda çəkilmişəm. Mənim Azərbaycan televiziya filmlərində daha çox yaddaqalan rollarım isə “Evləri köndələn yar”da Reyhan, “İtkin gəlin”də Dünya, “İdeal” tamaşasında İdeal, “Gülər” tamaşasında Gülər, “Çandıranın üsyanı”nda Çandıra və başqa obrazlar olub.
- Bir peşəkar aktrisa kimi keçmişin filmləri ilə indiki filmlər arasında nə kimi fərq görürsünüz?
- Bu sualı daha çox kino aktrisalarına vermək lazımdır. Mən heç kimin əməyini itirmək istəmirəm. İstedadlı rejissorlarımız var. Amma o dövrün kinostudiyası ilə indiki kinostudiya eyni deyil. O dövrdə hər otaqda yaradıcı insanların məşğul olduğunu görürdük. Amma indi çox təəssüf ki, biz belə mənzərənin şahidi olmuruq. Mən kinostudiyaya getdiyim dövrdə yaxşı mənada kinostudiya qaynar qazan kimi qaynayırdı. Paralel bir neçə filmlər çəkilirdi. Kinostudiyanın aktyor və rejissor ştatı var idi. Əfsuslar olsun ki, indi bunlar yoxdur.
-Telekanallarımızda yayımlanan seriallara münasibətiniz necədir?
- Burada ilk növbədə, möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımızı bildirməliyik. Televiziya kanallarında seriallar çəkilməsinə böyük imkanlar yaratdı. Bizim seriallarımız hələ yeni-yeni çəkilməyə başlayıb. Mən deyərdim ki, indi hamı praktika keçir. Düzdür, belə bir imkan yaranıb və hamı serial çəkir. Hər çəkilən seriala da yaxşı demək olmaz, amma aralarında yaxşıları da var.
-Təhsilsiz aktyorların filmlərə, seriallara çəkilməyi sizi qane edirmi?
- Əlbəttə ki, etmir. Mən əhali ilə ünsiyyətdə oluram və çox zaman ürəyimdə olanları xalqımızdan eşidirəm. Onlar da görürlər ki, seriallarımızda nəsə çatışmır. Amma bunu onlar yox, biz bilirik. Əlbəttə ki, peşəkar aktyorla qeyri-peşəkar aktyor arasında böyük fərq var. Bu təkcə aktyorluq sənətinə yox, başqa sahələrə də şamil etmək olar. Hər kəsin öz yeri var.
- Rejissorlarımızın potensialını necə qiymətləndirirsiniz?
- Sevindirici haldır ki, gənclər arasında potensialı, istedadı və mədəniyyəti yüksək olan gənclər var. Bu gənclərə misal olaraq Elvini (“Qağayı” serialı), Rövşən İsaq (“Pərvanələrin rəqsi”) və teatr sahəsində də Mikayıl Mikayılovu göstərmək olar. Seriallarımızın çəkilmədiyi dövrdə geridə olduğumuzu düşünürdüm. Amma çalışdıqca gördüm ki, gənc rejissorlarımızın potensialı var. Sadəcə onlara imkan yaratmaq lazımdır.
-Sizə tarixi seriallarda çəkilmək üçün təklif gəlsə, qəbul edərsinizmi?
- Böyük məmnuniyyətlə. Mənim cavanlıqdan tarixi filmlərdə, tamaşalarda oynamaq arzum olub. Çünki klassika ilə aktyor yetişir. Çox təəssüf ki, tarixi filmlərimiz az çəkilir. Məsələn, seriallar üçün yeni ssenari yazılır. Halbuki bizim çox gözəl tarixi romanlarımız var. Bu romanlar əsasında seriallar çəkilsə, necə gözəl olar?! Həm seriallar baxımlı olacaq, həm də bizim üçün oynamağa daha çox materiallar olacaq. Artıq əsəri bildiyimiz üçün rolumuza da yaxşı bələd olacağıq. Amma indi çəkilən seriallarda serialın sonunun nə olacağını bilmirik. Çünki ssenari yazıldıqca çəkiliş olur.
-Sizin dövrünüzdə gənclərin davranışları, xüsusiyyətləri tamam başqa yöndə idi. İndi gənclərin efirdə davranışlarında qüsur var. Buna qarşı münasibətiniz...
- Doğrudur. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, teatr bir məktəbdir. Deməli, incəsənət özü bir məktəbdir. Sovetlər dönəmində buna daha çox önəm verilirdi. Çünki kinolar, tamaşalar və rəsm əsərləri insanları tərbiyə edirdi. Amma indi bu məsələ sual altındadır. Əvvəllər senzura var idi. Bəlkədə bu olmadığından efirlərə bayağı, gənclərə mənfi təsir edən filmlər və seriallar yol tapır.
-Teatr səhnəsində özünüzü sərbəst hiss edirsiniz, yoxsa televiziyada?
- Hər ikisində. Çünki mən aktrisayam. Gənc olanda insan əvvəllər bir az sıxılır. Amma deyim ki, teatr səhnəsi bir az çətindir. Çünki tamaşaçı ilə aramda nə ekran, nə də pərdə var. Mən bir başa tamaşaçı ilə üz-üzə dururam və tamaşaçı reaksiyasını görüb eşidirəm. Mənim bir xüsusiyyətim var ki, özümə birinci dəfə baxa bilmirəm və ifamdan çox narazı qalıram. Mənim ilk tənqidçim elə özüməm.
- Bu gün Dram Teatrında tamaşaçını arzuladığınız kimi görə bilirsinizmi?
- Bu gün Dram Teatrı tamaşaçı sarıdan kasad deyil və hər teatrın öz tamaşaçısı var. Bizim teatrın da öz tamaşaçısı var. Elə tamaşalar var ki, ayda bir-iki dəfə nümayiş olunur və hər dəfə eyni tamaşaçını görürsən. Bu sevindirici bir haldır.
-Keçmiş tamaşaçıları indi görə bilirsinizmi?
- Bir müddət var idi ki, teatr öz tamaşaçısını itirmişdi. Amma indi sanki teatr öz tamaşaçısını yenidən cəlb edib. Bəzən elə olur ki, teatr qarşısında tamaşaçıların bizi dayanıb gözlədiyini görürük. Onlar tamaşanı bəyəndiklərini və bir neçə dəfə təkrar-təkrar izlədiklərini, dəfələrlə baxdıqlarını bildiriblər. Bu, əlbəttə ki, sevincli haldır. Şübhəsiz, bu, tamaşaçı sevgisidir.
- Cəmiyyətin teatra marağını necə qiymətləndirirsiniz?
- Məktəbdə oxuduğumuz dövrdə teatrın afişaları vurulurdu. Radioda balaca tamaşalar səsləndirilirdi, televiziyada teatr haqqında xüsusi verilişlər verilirdi. Bununla da adi tamaşaçı inkişaf edirdi. Amma indi bunlar yoxdur. Amma keçmişdə teatra həsr olunmuş verilişlər yayımlanırdı və hər dəfə aktyorlar dəvət olunurdu, verilişdə yaradıcı söhbətlər səslənirdi. İndiki proqramlarda isə bəzən bayağı mövzular haqqında danışırlar. Elə jurnalistlər var ki, haqqımda yazmaq istəyir, amma oynadığım heç bir tamaşanı izləməyib. Bir aktrisa kimi məni maraqlandıran o olar ki, jurnalist oynadığım tamaşaya baxsın və bu haqda yazsın, mənim bu tamaşadakı ifamdan yazsın. Mənim üçün başqasının haqqımda olan fikirlərini oxumaq daha maraqlıdır.
-Gələcəkdə hansı rollarınızla incəsənətimizə möhür vurmaq istəyirsiniz?
- Bunu deməklə olmur. Əlbəttə ki, maraqlı və sanballı, ən əsası tarixi rollar ifa etmək istəyirəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info