Davos: Maraqların balanslaşdırıldığı platforma
Tarix: 09.02.2018 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Qlobal prestij mərkəzi Davosdan qeydlər: Bu il gündəliyə salınan beynəlxalq təhdidlər hələ 2002-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən Davos iştirakçılarının və dünyanın diqqətinə çatdırılmışdı
Ötən həftə dünyanın nəbzi İsveçrənin Davos şəhərində vururdu. Sayca 48-ci olan və hər il yanvar ayında təşkil olunan Dünya İqtisadi Forumu bu il də bir çox geosiyasi problemlərin müzakirə olunması ilə beynəlxalq mətbuatın gündəmini müəyyən etdi.
Bol-bol beyin firtınalarına şahidlik edən və əsas mövzusu “Parçalanan dünyada birgə gələcək” qurmaq olan Forumun gündəliyində dünyada baş verən iqtisadi və siyasi çalxantılar, sosial qütbləşmə və humanitar problemlər, Qərbdə artan radikal populizm dalğası kimi məsələlər müzakirə obyekti oldu. Modern cəmiyyətin dəyər verilən və tanınan intellektualları hər il yanvar ayında İsveçrənin bu kiçik şəhərində toplanır və Davosun şaxtasını kainatın qaynar problemləri ilə əridirlər. Dünyanın güclü media qurumları isə bu mülayim havanı bütün bəşəriyyətə yaymağa çalışır.
Hər il keçirilən Dünya İqtisadi Forumu bir çox məsələlərlə yadda qalır. Məsələn keçən il keçirilən Forumda ən diqqət çəkən məsələlərdən biri Çin Xalq Respublikasının prezidentinin kapitalizmi dəstəkləyən nitqi oldu. Maraqlıdır deyilmi? Qlobal kapitalizmi tərifləyən kommunizm ilə inkişaf edən bir ölkə oldu. Qərbdə demokratik dəyərlər, Körfəz ölkələrində şəriət qanunları, Çində kommunizm, digər ölkələrdə siyasi rejim fərqləri qloballaşma meyllərinə mane ola bilmir.
Bu il keçirilən Davos zirvəsinə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın fələstinlilərin hüquqları və media ilə bağlı işlətdiyi kəskin ifadələr damğasını vurdu.


Dünya İqtisadi Forumunun açılış mərasimini Hindistanın baş naziri Narendra Modi etdi. Cənab Modi bugün dünyada konservativ iqtisadi siyasətin hökm sürdüyünü vurğulayaraq, qloballaşmanın parıltısını getdikcə itirdiyini bəyan etdi.
N.Modi nitqində diqqəti üç qlobal təhlükəyə yönəltməyə çalışdı: iqlim dəyişikliyi, terrorizm və dövlətlərin “mən-mərkəzçiliyi”nə. Cəsarətli çıxışı ilə yadda qalan Modi qloballaşma və beynəlxalq əməkdaşlığın radikal konservatizmin təsiri altında əzildiyini ifadə edərək, terrorizmin də təhlükəli təhdid olduğunu ön plana çəkdi.Və dünya liderlərini beynəlxalq normalara və düzənə sayğı göstərməyə dəvət etdi. Baş nazir daha sonra ölkəsi kimi çoxmədəniyyətli, çoxdilli və çoxmillətli dövlətlərdə demokratiyanın sadəcə idarəetmə mexanizmi deyil, eyni zamanda, bir həyat tərzi olduğunu ifadə etdi. Nitqinin sonunda iş adamlarını ölkəsinə investisiya qoymağa dəvət etdi.
İsrailin baş naziri ilə görüşdən sonra açıqlama verən ABŞ prezindenti D. Tramp isə Fələstinin ölkəsinə hörmətsizlik etdiyini bildirərək, İsraillə danışıqlar masasına oturmayacağı təqdirdə, maliyə yardımından kənarda qalacaqları ilə hədələdi.
ABŞ prezidentinin Davosa gəlişi böyük etirazlara səbəb oldu.
Almaniya kansleri Angela Merkel Trampın siyasi baxışlarının dövrün tələblərinə cavab vermədiyini dilə gətirərək, iqtisadi böhranların aradan qaldırılmasına mane olan izolyasiya və mühafizəkar siyasətinin kömək etmədiyini bildirdi.
Fransa prezidenti Makron Avropa İttifaqının gələcək taleyi üçün fərqli yanaşmanın tətbiq edilməsinin vacib olduğu mesajını verdi. Makronun məruzəsində rəsmi Londona incə mesajlar da açıq sezilirdi.
İngiltərə baş naziri Tereza Mey isə “Brexit” sonrası Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafı üçün böyük səy göstərəcəklərini bildirdi.
Ötən ilə nisbətən bu il təşkil olunan Forumda iştirak səviyyəsinin rekord həddə olduğu bildirildi. Yanvarın 26-da bitən zirvə toplantısında dünyanın 100-dən çox ölkəsindən 3 minə yaxın iş adamı, siyasətçi, ictimai xadim və vətəndaş cəmiyyətləri institutlarının təmsilçiləri iştirak etmişlər.
Forumda dünyanın bir çox dövlətlərinin başçıları ilə yanaşı Azərbaycan prezidenti cənab İlham Əliyev də iştirak etdi.
Ümumiyyətlə, Azərbaycanın Davos İqtisadi Forumunda (DİF) ilk iştirakı 1995-ci ilə təsadüf edir. 27-31 yanvar 1995-ci ildə Ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə Forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Ümummilli lider Heydər Əliyev ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.‎ O, bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".
Prezident Heydər Əliyev 27-30 mart 2000-ci ildə Davosda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda sessiyada iştirak edib. Səfər çərçivəsində Heydər Əliyev Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüş keçirib. Klaus Şvab dünyanın bütün ölkələrinin Qafqaza böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə dair imzalanmış sazişin Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib. Heydər Əliyev DİF ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açacağını bildirib. Eyni zamanda Heydər Əliyev İsveçrə Prezidenti A.Oqi və maliyyə departamentinin rəhbəri K.Villiqerlə görüşüb, digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
Beynəlxalq Forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Bu Forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ‎hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib və öz çıxışında Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib. Heydər Əliyev bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib. Ulu öndər Beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm olduğunu bildirərək, bunu Dağlıq Qarabağın timsalında izah edib: "... Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən on altı min kvadrat kilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir..."
Prezident İlham Əliyev də bir neçə dəfə Davos iqtisadi forumlarında Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparıb.
İlham Əliyev DİF-də dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. Davos zirvəsi "Güclərin qlobal balansının yerdəyişməsi" devizi altında keçirilib. 25 yanvar 2007-ci ildə Davos Forumu çərçivəsində keçirilən "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb, bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib. Səfər çərçivəsində İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb. Klaus Şvab Azərbaycan Prezidentinin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.
Bu il Davosda təşkil olunan Forum Azərbaycan üçün olduqca faydalı və işgüzar görüşlərlə yadda qaldı. Belə ki, ölkə başçısı İsveçrəyə səfəri zamanı ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi ilə, LUKOİL” şirkətinin presidenti, “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti, “Royal Phillips” şirkətinin baş icraçı direktoru, “Mastercard” şirkətinin idarə heyətinin üzvü, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru, OPEC-in baş katibi, Gürcüstanın Baş naziri, “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri, “SUEZ GROUP”un baş icraçı vitse-prezidenti, “Microsoft” şirkətinin vitse-prezidenti, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru, “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru, “IBM” şirkətinin baş icraçı direktoru, ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, BP şirkətinin baş icraçı direktoru, “Statoil” şirkətinin baş icraçı direktoru, İsrailin Baş naziri ilə və İsveçrə Prezidenti ilə görüşlər keçirmişdir. Keçirilən görüşlərdə dövlətimizin iqtisadi inkişafına müsbət təsir edəcək məsələlər barədə əhəmiyyətli müzakirələr aparıldı.
Əsasən, dünya əhəmiyyətli iqtisadi məsələlərin müzakirə olunduğu Forumda Prezident İlham Əliyev yanvarın 23-də “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda çıxış edərək, ölkə həqiqətləri ilə bağlı dünya ictimaiyyətinə mühüm mesajlar verdi. Sayca 48-ci olan Davos Forumunda Azərbaycanın əldə etdiyi uğurlar bir daha vurğulanmış, eyni zamanda, ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi yenidən beynəlxalq birliyin diqqətinə çatdırılmışdır. Bu iqtisadi platforma Azərbaycana investorlar cəlb etmək üçün də əhəmiyyət kəsb etmişdir. Davos İqtisadi Forumunun ölkəmiz üçün qeyri-neft sektorunun inkişafına təsir edə biləcək yeni perspektivlərdən xəbər verdiyini nəzərə alsaq, bunun, istər kənd təsərrüfatının, istər turizm sektorunun, istərsə də digər sahələrin inkişafı üçün əhəmiyyətli olduğunu görə bilərik.
Davosda keçirilən 48-ci Dünya İqtisadi Forumunun şüarı “Parçalanan dünyada ortaq gələcək qurmaq” idi. İlk baxışda özünü milliyyətçiliyə və populizmə qarşı refleks kimi göstərsə də, Forumun məqsədləri barədə müxtəlif fikir ayrılıqları var. Məsələ orasındadır ki, Forumda açılış nitqini hind milliyətçisi Modi, bağlanış nitqini isə Amerika hegemonluğunu müdafiə edən, mühafizəkar Tramp etdi. Burada da bir qəribəlik yoxdurmu? Dünya İqtisadi Forumunun təsisçisi və təşkilatçısı Klaus Şvabın da qeyd etdiyi kimi, Davos qlobal əməkdaşlıqda əksqütblü elitləri bir masa ətrafında görüşdürən platformadır. Bu platformada beynəlxalq ticarət, ətraf mühit, terrorizmlə mübarizə, vergi sistemləri və rəqabət gücü kimi məsələlər barədə mühüm danışıqlar aparılır.
Yüzlərlə görüşün təşkil olunduğu bu ilki platformada Koreya, Afrika, Yaxın və Orta Şərq, xüsusilə, Suriyada hökm sürən böhranlar barədə danışıqlar aparıldı.
Dünya maliyyə və iqtidar elitlərinin illik yığıncağı sayılan Davos zirvəsi eyni zamanda, kürəsəlləşmənin gətirdiyi problemlərin ələ alındığı bir Forum olaraq da xarakterizə oluna bilər. Ətraf mühitin çirklənməsi, rifah bərabərsizliyi, iş destabilliyi və sosial sığortaların gələcəyi də Davos gündəmində yer almışdı bu il. Bu ilki zirvəyə 12 Nobel mükafatçısı olmaqla, bir çox elm adamları da qatılmışdı.
Dünya İqtisadi Forumunun qurucusu olan Şvaba görə, kürəsəl sistemlər məhv olma təhlükəsi ilə qarşı-qarşıyadır və Davos forumları bu təhlükənin sovuşacağına müsbət təsir edir. Şvab məsələnin ciddiliyini bəyan etsə də, beynəlxalq münasibətlər sistemində baş verən məsuliyyətsiz davranışlarda günahkarların müəyyən olunmasına əhəmiyyət verməyək, yalnız kritik proseslərin Davos platformasında müzakirəsinin tərəfdarı olduğunu hiss etdirir. O inanır ki, dövlət rəhbərlərinin rəsmi ziyarətlərin tələb etdiyi protokol və rəsmiyyətdən uzaq bir atmosferdə rahat və səmimi görüşüb fikir mübadiləsi apara bildikləri bir yer olması da Davos platformasının cazibəsini artırır.
Rauf Həsənov
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun
Beynəlxalq layihələr sektorunun müdiri




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info